Comics
Son illər haqqında çox danışılan kitablar
Kitabxananı zənginləşdirmək istəyirsənsə, son illərdə kitabsevərlər tərəfindən müsbət rəy toplamış 5 kitaba nəzər yetir.
Yeni dünyada oxumaq alışqanlığımız da fərqlidir. İndi səsli və elektron kitablar bazarın böyük hissəsini ələ keçirib, amma kitab vərəqləməyi üstün tutanların da sayı az deyil. Əsas olan isə necə oxumağın deyil, nə oxumağındır. Kitabları sadəcə üz qabığına görə dəyərləndirməyəsən deyə, siyahıya əlavə etdiklərimiz haqqında qısa məlumatlar da qeyd etmişik.
Qari Keller - Bir Şey
Qari Keller, diqqətini yalnız bir şeyə cəmləməyin və yalnız onun üçün çalışmağın önəmini və üstünlüyünü izah etdiyi bu kitabda, həm də mübahisələrdən sürətlə uzaqlaşmaq, stressdən uzaq olmaq və hədəfindən yayınmamaq kimi bir çox dərsi bir yerə toplayıb. “Bir Şey” sadəcə biznes və karyerana yox, həyatının bütün mərhələlərinə müsbət təsir edəcək məsləhətlərlə doludur. Möhtəşəm nəticələrin arxasında dayanan sadə həqiqət barədə ətraflı öyrənmək istəyirsənsə, “Bir Şey” tam sənin axtardığın kitabdır.
Entoni Dor - Görünməyən işıqlar
İkinci Dünya Müharibəsi dövründən bəhs edən tarixi fantastika romanlarının sayı az deyil, "Görünməyən işıqlar" isə bu romanlar arasında ən sevilənlərdəndir. Roman, görmə qabiliyyətini itirmiş fransız qız və radiolardan yaxşı başı çıxan alman oğlanın hekayəsidir. Hekayə uşaqların ətrafında cərəyan etsə də, Dor, öz gənc personajlarını qələmə alarkən heç də sadəliyə qaçmayıb. Başqa sözlə desək, İkinci Dünya Müharibəsinin dəhşətlərini gizlətmədən oxuculara təqdim edib. Kitabın əsas mesajı isə, yəqin ki, bütün çətin vəziyyətlərdə bir ümid qapısının olmasıdır: Dünyada pis insanlar qədər, yaxşılıq da var.
Con Qrin - Eyni ulduzun altında
Əsasən gənc oxucuların sevimli yazıçısı olan Con Qrin, ustalıqla qələmə aldığı romanda, yaşamağın və sevməyin həm həyəcanlı, həm də faciəvi cəhətlərini görməyə kömək edir. Romanın baş qəhrəmanları ölümcül xəstəliyə tutulmuş iki gəncdir. Ortaq taleyi bölüşən gənclərin sevgisi isə ömürlərinin ən maraqlı anlarını yaşamaqlarına səbəb olur. Hazel və Aqustusun hekayəsi kədərli olsa da oxuculara sevgi və dostluq dərsi verir, həyatın yaşamağa dəyər olduğunu göstərir.
Pola Hokins - Qatardakı qız
Detektiv janrında yazılmış “Qatardakı Qız” romanının son illərin bestseller siyahısından düşməməsinin əsas səbəbi hekayənin ustalıqla qurulmuş və axıcı olmasıdır. Bir-birindən fərqli, eyni zamanda da müəyyən xüsusiyyətlərinə görə bir-birinə bənzəyən üç qadının taleyi, oxucunu məsələyə üç ayrı bucaqdan baxmağa sövq edir. Romanı oxuyarkən, təsvir edilənləri qatar pəncərəsindən izləyirmiş kimi hiss edəcəksən. Həm səsli kitab kimi, həm də çap versiyada rekord satışlar əldə edən bu romanı da “mütləq oxumalı olduqların” siyahısına əlavə etmək doğru seçim olacaqdır.
Deniel Çidiak - Kim deyir ki, bacarmazsan? Bacararsan!
Deniel həyatda böyük uğurlar qazanmış şəxsiyyətlərin həyatını araşdırıb, böyük spiritualistlərdən, ustadlardan məsləhət alıb və insanın öz taleyini müəyyən etməsinin sirlərini aşkar edib. Öz həyatını dəyişməkdə yararlandığı şəxsi təcrübəsinin əsasında insanın gerçək kimliyini aşkar etməsi, öz həyatı ilə bağlı qərar verməsi, daim yeni biliklərə can atması kimi vacib məsələlər haqqında yeddi addımdan ibarət bir təlimat sistemi yaradıb. Onun yaradıcı metodu çox təbii yayılıb və artıq yüz minlərlə oxucunun həyatını dəyişib. Yeni çağırışlara, heyrətlənməyə, valeh olmağa hazırsansa bu kitab elə sənlikdir.
Ümid edirik, siyahıdan özünə uyğun kitablar seçə bildin. Məqaləni maraqlı kitab axtarışında olan dostlarınla bölüşməyi unutma! Xoş mütaliələr.