Dairəvi Məşq Nədir?
Dairəvi məşq – aerobik və anaerobik hərəkətlərin ard-arda, qısa fasilələrlə yerinə yetirildiyi dinamik bir məşq sistemidir. Müasir həyat ritmində bəzən uzun saatlar idman zalında vaxt keçirmək mümkün olmur. Məhz bu zaman dairəvi məşq – həm funksional, həm də səmərəli bir yanaşma kimi ön plana çıxır. Hərəkətlər arasında 15-20 saniyəlik qısa fasilələrlə, ümumilikdə 5-10 dövr ərzində həyata keçirilir. Dövrlər arasında isə maksimum 3 dəqiqəlik istirahət edilir. Bu temp həm əzələni, həm də ürək-damar sistemini aktiv saxlayır.
Vaxtın dəyərlidir – bədənini də elə saxla!
Dairəvi məşqlər uzun çəkən və yorucu idman proqramlarından fərqli olaraq, 30-45 dəqiqə ərzində həm bədənə güc verir, həm də vaxtına qənaət edir. Ən yaxşı nəticə üçün bu məşqləri həftədə 2-3 dəfə etmək kifayətdir – əzələlərin bərpası və inkişafı üçün bu, ideal tempdir.
Dairəvi məşqin başqa bir vacib tərəfi – onu fərqli səviyyələrə uyğunlaşdırmaq mümkündür. Yəni həm yeni başlayanlar, həm də peşəkar idmançılar öz temp və gücünə uyğun məşq planı tərtib edə bilər. Bu da onu hər kəs üçün əlçatan və çevik məşq növünə çevirir.
Niyə Dairəvi Məşq?
Peşəkar məşqçi Şəms Cavadova qeyd edir ki, dairəvi məşq təkcə fiziki forma üçün deyil, eyni zamanda gündəlik enerji və həyat keyfiyyətinin artırılması üçün də təsirlidir. Bəzi insanlar idmanı yalnız arıqlamaq üçün görsə də, əslində bu proses həm zehni, həm də emosional rahatlıq gətirir.
Şəmsin fikrincə, dairəvi məşq motivasiyanı itirmədən davamlı nəticələr əldə etmək üçün ideal üsuldur. Qısa müddətə bədəni aktivləşdirir, hər məşqdən sonra özünü daha güclü və yüngül hiss etdirir. Üstəlik, bu məşqlər ev şəraitində də rahatlıqla tətbiq oluna bildiyi üçün zaman və məkan məhdudiyyətləri də aradan qalxır.
Unutma, sağlam bədən – sağlam ruh deməkdir. İndi başla, gələcəyə güclü bir versiyanla addımla 💪🏻