Distant iş: zamanın tələbi və perspektivlər
© Miyagi
Məhsuldarlıq

Distant iş: zamanın tələbi və perspektivlər

İlk növbədə, qeyd etmək lazımdır ki, distant iş frilansdan fərqlənir. Frilans iş – müəyyən ödəmə ilə müşayiət olunan birdəfəlik layihələrdir.
Ruhiyyə Bəylərova tərəfindən yazılıb
3 min read tarixində nəşr olunub
Yəni, bir insan layihəni həyata keçirir, qonorarını alır və bununla da əməkdaşlıq sona çatır. Frilanser tələb üzrə çalışan mütəxəssisdir. Uzaqdan çalışan əməkdaş isə şirkətin ştatına daxildir.
Distant iş: zamanın tələbi və perspektivlər

Distant iş: zamanın tələbi və perspektivlər

© Airbnb

Distant iş işəgötürən və işçi arasında qarşılıqlı əlaqələrin hamımızın adət etdiyi formada deyil, fərqli məcrada qurulmasıdır. Yəni, sən şirkət üçün çalışırsan, ancaq ofisə bağlı deyilsən. İşçi olaraq, bütün tapşırıqları ofisdə deyil, evində, bağ evində, kurortda olarkən yerinə yetirirsən. İşçinin qarşısında müəyyən məqsədlər və onların icrasına dair vaxt məhdudiyyəti, habelə nəticənin qiymətləndirmə meyarları qoyulur.
Misal üçün, zəng mərkəzlərinin (call centre) işçilərinin kompüterlərinə zənglərin sayını müəyyənləşdirən və onları qeydə alan proqramlar yazıla bilər. Bu, öz növbəsində, işəgötürənə istənilən vaxt həmin zəngləri dinləmək imkanı yaradır.
100% “uzaqdan işləyən” ABŞ şirkətlərinin sayı artmaqdadır
Maraqlı fakt
Distant iş texnologiyaların inkişafı sayəsində mümkün olmuşdur. Artıq hər hansı iclası keçirmək üçün bir yerdə toplaşmaq şərt deyil. Bunun üçün Webex, Go To Meeting, join.me, Zoom, Skype kimi platformalardan istifadə olunur. Cari materialların yaradılması və redaktə edilməsini real zaman rejimində Google Drive vasitəsilə həyata keçirmək mümkündür. Bu cür iş formatına satış, mühasibatlıq və maliyyə, kadrlarla iş, dizayn, marketinq və reklam, kopirayter, redaktor və korrektor, layihələndirmə və İT sahələrində tələbat var.
Daha bir tendensiya isə home office rejimidir. İşçi öz vaxtının müəyyən hissəsini kollektivdə, qalan hissəsini isə evində keçirir.
Distant iş: zamanın tələbi və perspektivlər

Distant iş: zamanın tələbi və perspektivlər

© Uncommon

Bütün şirkətlər distant iş rejiminə keçməyə hazırdır?

Söhbət ondan gedir ki, bunun üçün rəhbərlik ofisdən deyil, virtual olaraq öz komandasını idarə etməyi bacarmalıdır. Ancaq bu, hər bir əməkdaşın total nəzarəti deyil. Eyni zamanda şirkət distant iş rejiminə keçmək istəyirsə, operativ məlumatı almaq üçün korporativ çatların yaradılmasını, eyni zamanda taym menecment bacarıqlarının təlimini təşkil etməlidir. Rəqəmsallaşmanın lazımi səviyyədə olduğu şirkətlərin bu cür iş rejiminə keçidi daha asan baş verir. Bu cür sistem, eyni zamanda işçilərin necə çalışdığını nümayiş etdirməyə imkan verir.
2005-ci ildən dünyada distant iş rejimində çalışanların sayı durmadan artır
Maraqlı fakt

Distant işin üstünlükləri

Uzaqdan işləyərkən, zəngli saatı qurmursan, tıxacda şəxsi avtomobilində və ya həddindən artıq dolu şəhər nəqliyyatında getməli olmursan. İstər yol xərcləri, istərsə də biznes-lançlarda qənaət edirsən. Eyni zamanda işgüzar geyim və ayaqqabıya əlavə xərclərdən də azad olursan. Yüngül soyuqdəymə və qrip əlamətlərində isə xəstəlik kağızı almağa ehtiyac olmur və sən həmkarlarını yoluxdurmadan öz işini yerinə yetirirsən. Bütün sadalan amillər hesabına sən stressə daha az məruz qalırsan, işəgötürənə münasibətin isə daha loyal olur.
Distant iş: zamanın tələbi və perspektivlər

Distant iş: zamanın tələbi və perspektivlər

© Sutipond Somnam

Distant iş rejimində sən gündə ən azı 2 saat yolda keçirdiyin vaxta qənaət edirsən. Bu zamanı isə idman zalına, ailən və dostların, habelə sevdiyin işlə məşğul olmağa və ya daha çox yuxu almağa sərf edə bilərsən.
Əgər sən zəhlətökən həmkarlarını sevmirsənsə, uzaqdan işləmək səni boş söhbətlərdən uzaq tutacaq.

Distant işin mənfi tərəfləri

Təbii ki, uzaqdan işləməyin əsas mənfi cəhəti canlı ünsiyyətin çatışmazlığıdır. Eyni zamanda divanda uzanmaq olan yerdə sən hər dəfə özünü işə kökləməlisən. Ofis mühiti çalışmağa sövq edir. Lazımi məlumatı da həmkarından əldə etmək daha asandır və vaxt tələb etmir.
Distant iş: zamanın tələbi və perspektivlər

Distant iş: zamanın tələbi və perspektivlər

© Drew Gurian / Red Bull Content Pool

Daha bir mənfi cəhət iş məkanının qurulmasıdır. Sən lazımi mebeli, texnika və dəftərxana ləvazimatlarını özün almalısan. Kompüterində problem yarandığı halda da özün bunun öhdəsindən gəlməlisən.
Ekspertlər distant iş yerlərinin yaradılması və bu işlərin səmərəliliyinin artırılmasına yönəlmiş texnoloji həllərə olan tələbatın artacağını proqnozlaşdırır. Odur ki, iş həyatına münasibəti və stereotipləri dəyişməyin əsl vaxtıdır!