samuel-rios-IXYVzgwr2k0-unsplash.jpg
© unsplash.com

Fərqlənən yazı xəttinə sahib olmaq üçün 5 məsləhət

Əlyazmalarının hamını heyran etməsini istəyirsənsə, bu məsləhətləri diqqətlə oxu.
Elçin Hüseynov tərəfindən yazılıb
3 min readPublished on
Son illərdə texnologiyanın inkişafı və cihazların yaratdığı rahatlıqla insanlar qələmlə yazmağı, demək olar ki, unutmağa başlayıb. Lakin bu o demək deyil ki, əl yazısı daha bizə lazım olmayacaq. Hər kəsin əlyazması unikaldır və bu öz imzamızı yaratmağın ilkin yoludur. İstəyirsən, bir test edək: elə indi qələmi əlinə götür və yazmağa başla. Əgər həkimlər kimi yazırsan və öz xəttini oxuya bilmirsənsə, vəziyyət bir az kritikdir. Təəssüf ki, beynin qələm ilə əlaqə qurmağı unutmağa başlayıb və bunu düzəltmək bir az səy istəyir. Narahat olma, səni yenidən hüsnxət dəftərinə qaytarmaq məqsədimiz yoxdur, sadəcə aşağıdakı 5 məsləhəti oxumağın yetərli olacaq.

Doğru qələmi seç

art-lasovsky-8XddFc6NkBY-unsplash.jpg

art-lasovsky-8XddFc6NkBY-unsplash.jpg

© unsplash.com

Uzun müddət yazı yazmaq əlinin ağrımasına səbəb olursa, deməli, istifadə etdiyin qələm sənə görə deyil. Əlinə uyğun, tutmaq rahat olan qələm ölçüsünü seçmək çox vacibdir. İndi müxtəlif dizaynda qələmlər var, sənə ən uyğununu seç ki, yazmaqla yanaşı ağırlıq qaldırma ilə də məşğul olmayasan. Həmçinin qələmin diyircək ölçüsü də əhəmiyyətlidir. Yazı xəttinə uyğun olaraq, incə, yoxsa qalın diyircəkli qələm istifadə etməli olduğunu müəyyənləşdirməlisən.

Doğru dəftəri seç

kelly-sikkema-q3blHqtnhog-unsplash.jpg

kelly-sikkema-q3blHqtnhog-unsplash.jpg

© unsplash.com

Qələmdə qərarlaşdıqsa, növbəti addım doğru kağızı seçməkdir. Yazı xəttini inkişaf etdirmək üçün cizgili vərəqləri olan dəftərdə yazmaq lazımdır, lakin bu cizgilərin bir-birinə çox yaxın olmaması məsləhətdir. Mütəxəssislərə görə, hərfləri normaldan böyük yazmaq onların düzgün formalaşmasına kömək edir. İşlər yaxşılaşdıqdan sonra hərfləri yenidən kiçildə bilərsən. Dəftərin qalınlığı da vacib məsələdir. Qalın dəftər duruşunu poza bilər, ona görə də bir neçə səhifəni cır və ya daha nazik dəftərdən istifadə et.

Bəyəndiyin əlyazmanı imitasiya et

kiwihug-5bzMOpMTDRM-unsplash.jpg

kiwihug-5bzMOpMTDRM-unsplash.jpg

© unsplash.com

Bir çoxumuz yazı xəttini dəyişdirməyin mümkün olmadığını düşünürük, amma bunu istənilən yaşda etmək mümkündür. Əgər bəyəndiyin yazı üslubu varsa, onu öz əlyazmalarında təkrarlamağa çalış. Bunun üzərində kifayət qədər məşq etsən, eyni elementləri ustalıqla öz əlyazmana tətbiq edə bilərsən. Sadəcə əmin olduğun yazı tərzini seç və onun eynisini etməyə çalış.

Yazı məşğələləri et

aaron-burden-y02jEX_B0O0-unsplash.jpg

aaron-burden-y02jEX_B0O0-unsplash.jpg

© unsplash.com

Bir-birinə bənzər hərflər yazıda çətinlik yarada bilir, buna görə də bəzi hərfləri ayrıca məşq etmək lazımdır. Cizgili dəftərində sənə çətinlik yaradan hərfləri ayrıca məşq edərək, istədiyin formaya gətirə bilərsən. Əgər yetəri qədər səbirlisənsə, bu yolla bütün əlifbanı yazmaq daha faydalı ola bilər. Bir digər variant isə yazı məşqləri etmək üçün bəhanə tapmaqdır. Bunun üçün gündəlik tutmaq işini asanlaşdıra bilər. Həm də ürəyindən keçənləri yazıya tökmək psixoloqların da məsləhət gördüyü rahatlama metodlarındandır. Sadəcə bu dəftəri heç kimin əlinə keçməyəcək bir yerdə saxladığından əmin ol.

Qamətini düzəlt

kira-auf-der-heide-_Zd6COnH5E8-unsplash.jpg

kira-auf-der-heide-_Zd6COnH5E8-unsplash.jpg

© unsplash.com

Yazı masasında çiyinləri və kürəyi düz saxlamaq, ayaqları isə bir-birinə kilidləmədən oturmaq lazımdır. Əsas diqqət yetirməli olduğun məqam yazarkən biləyinin yox, barmaqlarının hərəkət etməsidir. Bu halda əlin və biləyin vərəqin üzərində istirahət edərkən barmaqların bütün işi həll edəcək. Əgər imtahanda deyilsənsə, ya da səni tələsdirən biri yoxdursa, mümkün qədər asta sürətlə yaz. Bir müddət səbirli olsan, əllərin səni istədiyin sürət tempinə çatdıracaq.
Bizim məsləhətlərimiz bu qədər idi. Sənə xoş məşğələlər və hər kəsi heyran edəcək yazı xətti arzulayırıq.