Məhz bu səbəbdən fitnes xidməti göstərən idman klublarının sayı get-gedə artır. Bəs fitnesin qolları haqqında nələri bilirik? Bəzi hesablamalara görə, fitnesin 200-dən çox növü var, ancaq onların hamısı eyni məqsədlər daşıyır, yəni ümumi halı yaxşılaşdırmağa, orqanizmin müxtəlif sistemlərini normallaşdırmağa və həyat tonusunu yüksəltməyə yönəlib. Bununla belə, hər istiqamət müəyyən funksiyalar yerinə yetirir, konkret hədəflərə çatmağa kömək edir. Kimisi dözümlülüyü inkişaf etdirmək, kimisi əzələ karkasını möhkəmləndirmək, kimisi isə bədən quruluşunu qaydaya salmaq əzmindədir. Gəl müasir dövrdə fitnes növlərinin çoxluğunda çaşıb qalmamaq və sənə uyğun olanı seçmək üçün əsas istiqamətlər haqqında zəruri məlumatlarla tanış olaq. Fitnes növlərini bir neçə kateqoriyaya ayırmaq olar.
1. Güc məşqləri
Gücün, əzələ kütləsinin artırılması, bədən relyefinin formalaşmasına yönəlmiş güc proqramları (tay-bo, bodi skalpt, krosfit, bodibildinq, paeurliftinq və s.) bir-birini əvəz edən güc və kardioyükləmələrdən ibarət məşqləri özündə ehtiva edir. Güc məşqləri daha çox kişilər arasında populyar olsa da, son zamanlar öz bədən quruluşunu təkmilləşdirmək istəyən qadınlar da bu istiqaməti seçirlər.
2. Aerob proqramlar
Aerob proqramlar (aerobika, step-aerobika, fit-step, bosu, Skandinaviya yerişi və s.) rəqs hərəkətləri ilə müşayiət olunan kardioməşğələlər üzərində qurulub. Bu hərəkətləri fiziki hazırlıqdan asılı olmayaraq istənilən yaşda yerinə yetirmək mümkündür. Eyni zamanda bu metodikalar artıq çəkidən azad olmağa və əzələləri tonusda saxlamağa imkan verir.
Enerji və gümrahlıq verən bu məşqləri səhər və ya günorta saatlarına salmaq yerində olar. Step və ya bosuda (“bosu” yarımkürə şəklində trenajordur) hərəkətlər, çömbəlmə və yüngül hantellərlə rəqs elementləri formanı saxlayır və çəkiyə nəzarət etməyə yardım edir. Çiyinləri hərəkət etdirən Skandinaviya yerişi üzrə məşğələlər isə istənilən hava şəraitində və xüsusi çubuqları istifadə etməklə aparılır.
3. Rəqs proqramları
Rəqs proqramları (hip-hop, latino, zumba, şərq rəqsləri, fank, poul dans, bodi balet və s.) elastiklik və koordinasiyanı inkişaf etdirən, gözəl qaməti formalaşdıran, artıq çəkidən azad olmağa imkan verən, musiqi sədaları altında yerinə yetirilən hərəkətlərdən ibarətdir. İstiqamətdən asılı olaraq, fərqli dərəcədə müəyyən əzələ qrupları inkişaf edir və gözəl bədən konturları formalaşır.
4. Bodi & Maynd (Body & Mind)
Bodi & Maynd – şüurlu bədən (tsi qun, stretçinq, hatha-yoqa, aştanqa-yoqa, yoqa-streç, onurğa üçün yoqa və s.) kimi tərcümə olunan istiqamətin proqramları bədənin və şüurun harmoniyasına, tənəffüsün tənzimlənməsinə, əzələlərin dartınması və möhkəmlənməsinə, bədənin elastikliyinin, balansın əldə olunmasına, bir sözlə, orqanizmin bir vahid kimi fəaliyyət göstərməsinə yönəlib.
5. Şərq əlbəyaxa döyüş növlərindən istifadə olunan proqramlar
Şərq əlbəyaxa döyüş növlərindən istifadə olunan proqramlar (tay-bo, fit-bo, ki-bo, a-boks, kikboksinq-aerobika, karate-aerobika, tayçi və s.) aerob və güc yüklənmələrinin birləşməsidir. Kikboksinq-aerobika əlbəyaxa döyüş yox, əzələ koordinasiyasını, elastikliyi və gücü inkişaf etdirən, zərbə və müdafiə texnikasını formalaşdıran, eyni zamanda özünə güvənmə hissini və özünümüdafiə bacarığını yaradan fiziki aktivlik növüdür. Tayçi sağlamlığın qorunmasına və ömrün uzadılmasına istiqamətlənmiş Çin süzgün hərəkətlər gimnastikasıdır və uşunun bir qolu hesab edilir.Karate-do elementlərindən istifadə olunan karate-aerobika sağlamlaşdırma aerobikasının bir növüdür. Şərq əlbəyaxa döyüşləri texnikası, boks və kikboksinqin elementlərinin yer aldığı tay-bo, ki-bo aerob məşqlərin yeni istiqamətləridir. A-boks bir arada çətin təsəvvür olunan aerobika və əlbəyaxa döyüşün birləşdirilməsi ideyası əsasında yaranıb.
Məşhur Hollivud ulduzları Madonna, Riçard Gir və Devid Duhovnı – yoqanın, Culiya Roberts, Şarliz Teron, Cenifer Eniston – pilatesin, Natali Portman isə bodi baletin pərəstişkarıdır.
6. Sağlamlaşdırma fitnesi
Bu istiqamətin (pilates, şeypinq, gimnastika, fitbol, kallanetika və s.) əsasını onurğa və oynaqları normadan artıq yükləməyən və öz bədən çəkinə uyğun hərəkətlərin bazasında qurulan proqramlar təşkil edir. Bir qayda olaraq, məşğələlər bədənin elastikliyinin yaxşılaşdırılmasına yönəlir, sakit ritmdə keçir və hərəkətlər rahat şəkildə bir-birini əvəz edir. Pilates üçün, misal olaraq, stretçinq elementləri (dartınma) və izometrik hərəkətlər, fitbol aerobikası üçün isə oynaq və bel əzələlərinin sağlamlığına müsbət təsir göstərən top üzərində rəvan hərəkətlər xarakterikdir. Bu cür hərəkətlər, eyni zamanda idmançıların zədə sonrası bərpasına yardım edir.
7. Su növləri
Su növləri (üzgüçülük, akva-yoqa, akva-boks, akvaaerobika və s.) orqanizmin möhkəmlənməsinə, dözümlülüyün, tənəffüsün tənzimlənməsinə, dərinin sağlamlığına və artıq çəki ilə mübarizəyə nəzərəçarpacaq təsir göstərir. Üzgüçülük zədə baxımından ən təhlükəsiz idman növüdür. Akva-yoqa bədənin bərpasına və travma sonrası reabilitasiyasına imkan yaradır. Akvaaerobika klassik aerobikadan daha təhlükəsizdir. Səbəb isə cazibə qüvvəsinin zəifləməsi ilə tullanma zamanı oynaq və daxili orqanlara yüklənmənin azalmasıdır. Eyni zamanda müntəzəm məşğələlər çəkinin azalması və qan dövranının yaxşılaşmasına kömək edir.
Onu da unutma ki, heç kim yalnız bir idman növü ilə məşğul olmaq üçün anadan olmayıb. Müxtəlif istiqamətləri sına və sənin üçün ideal fitnes növünü seç! Unutma ki, hansı istiqaməti seçdiyindən asılı olmayaraq, bu məşğələlər bir mənalı olaraq sənin əhval-ruhiyyəni qaldıracaq və orqanizmini möhkəmlədəcək.