Futbol
Qorxmaz və sarsılmaz: İtaliyalı Gianluigi Donnarumma əsl nəhəngdiris
İngiltərə yığmasına qarşı həlledici penalti seriyasında qapıya vurulan iki vacib zərbəni dəf etməklə Gianluigi Donnarumma İtaliyanın Avro-2020-ni qazandığı final matçının qəhrəmanı olur.
Qorxmazlıq – özünün futbola yanaşmasından danışarkən Gianluigi Donnarumma-nın ən çox istifadə etdiyi sözdür. Beş yaşında futbol meydançasına ilk dəfə qədəm qoyduğu anda da, on altı yaşında olarkən A seriyasında ilk dəfə çıxış edərkən də, özünün ilk böyük beynəlxalq turniri olan Avro-2020-də meydana çıxanda da bu İtaliyalı idmançı qorxu haqqında düşüncələri özündən uzaqlaşdırıb.
O çox iddialıdır. O: "Məqsədim mümkün qədər çox fəxri ad və mükafat qazanmaqdır. Bəlkə Ballon D’or (Qızıl top) qazandım. Mavi futbolkada milli komandamın tərkibində. Bəlkə bu, bir gün baş verdi, kim bilir ... İnanılmaz bir xəyaldır. Görməli olduğum bütün işləri görəcəyəm, əlimdən gələni əsirgəməyəcəm”.
Səhifənin əvvəlindəki videoda 22-yaşlı Donnarummanın öz dilindən onu futbolun aşağı səviyyəsindən İtaliya yığmasına aparan səyahətinə dair məlumat əldə et.
Donnarumma-nın pərəstiş etdiyi özündən 21 yaş böyük Gianluigi Buffon-u Fransa ilə yoldaşlıq görüşünün yarısında əvəz etməsindən və beynəlxalq səhnədə debüt etməsindən təxminən beş il keçir. Həmin dövrdə onun 17 yaşı 189 günü tamam olmuşdu. O, İtaliya yığmasının ən gənc qapıçısı idi. Bu hadisədən iki il keçdikdən sonra, yəni 2018-ci ildə o, İtaliya yığmasının əsas heyətində daimi oynayan bir qapıçıya çevrilir.
Donnarumma: “Özünü hələ də güclü hiss edən Buffon, 43 yaşında ikən B Seriyasında oynayan Parma ilə müqavilə bağlayıb. Ümid edirəm ki, 40 yaşım olanda da futbol meydançasında olub komanda yoldaşlarıma kömək edəcəyəm”, - deyir. O, Milan komandasının Braziliyalı qapıçısı Dida-nı özünün daha bir kumiri adlandırır və deyir: “Yataq otağımda Buffonun və Dida-nın şəkilləri var idi. Onlar hər zaman mənim ən çox sevdiyim qapıçılar olub. Mənim yataq otağım futbol yataq otağı idi, şəkillərlə dolu idi, divarlarda boş yer yox idi... Yalnız futbol”.
"Gigio" futbol meydançasına ilk dəfə uşaqlıqda dayısı və eyni zamanda futbol məşqçisi Enrico Alfano onu Pompei-dən cəmi bir neçə kilometr məsafədə olan doğma Castellammare di Stabia-dakı ASD Napoli klubunun akademiyasına məşq etməyə apardığı zaman çıxmışdı.
O: "Mənim qapıçılığa həvəsim məhz orada yaranıb. Mənim üçün ən xoş xatirə qapıçı kimi oynadığım ilk günlə bağlıdır. Əmim topu vururdu, mən isə onu tutmağa çalışırdım. Heç zaman qorxmamışam. Bəlkə də bu, mənim qapıçı olmağımın əsas səbəbidir", - deyir.
"O zamanlar mən həqiqətən də çox balaca, lakin çox çılğın və qorxmaz idim. O vaxtdan bəri hədəfimi dəyişməmişəm, hər zaman yaxşı qapıçı olmaq arzusunda olmuşam. Çirkli torpaq meydançası belə məni çəkindirə bilmədi. Başlanğıcda, şübhəsiz ki, asan olmadı. Mənim üçün çirkli və tozlu torpaq sahəsində oynamaq, yıxılıb-qalxmaq, tullanmaq asan deyildi, amma buna həvəsim var idi. Futbol oynamağı o qədər çox sevirdim ki", - deyərək o əlavə edir.
Donnarumma ilk dəfə 17 yaşında ikən İtaliya yığmasında çıxış edib
© Gabriele Seghizzi/Red Bull Content Pool
O deyir: “Dərs qurtaran kimi mən futbol meydançasına qaçırdım. Çünki futbol mənim üçün hər şey idi. Yağış yağanda və ya hər hansı bir səbəbdən oyun təxirə salınanda, mən ağlayırdım və evdə cəhənnəm ab-havası yaradırdım”.
Alfano vəfat etdikdən sonra Donnarumma-nın təlimçisi istedadlı Ernesto Ferraro oldu. O, Donnarumma-nın peşəkar bir qapıçı ola biləcəyinə inandırdı. "Cənab Ernesto Ferraro mənim bacarığıma çox inanırdı. O, həmişə mənə məndəki həvəs və çalışqanlıq sayəsində bir gün milli komandada və A Seriyasında oynaya biləcəyimi söyləyirdi. Mənim üçün bu sadəcə bir xəyal idi, lakin mən onun buna nə qədər inandığını görürdüm", - deyə Donnarumma xatırlayır.
Donnarumma deyir ki, onun dülgər atası ona təvazökarlıq və fədakarlıq kimi dəyərləri öyrədib. “O mənə çox şey öyrətdi və onun sayəsində mən indiki vəziyyətə gəlmişəm. Bəzən atama kömək etmək fikrinə düşürdüm, lakin hər zaman yalnız futbol haqqında düşünürdüm”, - deyə o etiraf edir.
10 yaşında olarkən Donnarumma-nın boyu artıq 1.82 m idi. Hələ o zamanlardan o öz görkəmi ilə müəyyən təəssürat yarada bilirdi. 2013-cü ildə, yəni 14 yaşında o, "Milan"a qatıldı, amma bu heç də asan olmadı.
Donnarumma-nın xatirələrindən: "İlk günlər yuxudan oyanıb evdə olmadığını bilmək mənim üçün həqiqətən çətin idi. Gün ərzində komanda yoldaşlarımın yanında bunu bir müddət unudurdum. Lakin günün başlanğıcı həqiqətən çox ağır idi. Evimiz üçün çox darıxdım. Səhərlər göz yaşlarımı saxlaya bilmirdim. Ailəmi tərk etmək mənim üçün asan deyildi".
Oyunlar ona, qısa müddət də olsa, vətən həsrətini unutdururdu.
O deyir: "Axşamlar üç-dördümüz bir araya gələrək video oyun oynayırdıq. Beləliklə oyunda sevinc tapırdıq, başımızı qatırdıq. Bir-birimizə qarşı oynamaq əyləncəli idi. Özümüzü yaxşı hiss edirdik, tez-tez joystikləri sındırırdıq, yaxşı əylənirdik"
2015-16 mövsümü üçün əsas heyətə yüksəlməzdən əvvəl Donnarumma Milanda özündən yuxarı yaş qrupunda oynayırdı. Məşqçi Sinisa Mixailoviç-in Donnarumma-ya Sassuolo komandasına qarşı oynamaq şansını verməsi özünü çox gözlətmədi. Bu debüt oyunu 25 oktyabr 2015-ci il tarixində baş tutdu. O zaman Donnarumma-nın 16 yaş 242 günü var idi. O, Ciuseppe Sacchi-dən sonra A seriyasında oynayan ikinci ən gənc qapıçı oldu. Qeyd edək ki, Ciuseppe Sacchi də Milanda oynayıb.
O deyir: "Mihajloviç məndən oynamaqdan qorxub qorxmadığımı soruşdu. O bilirdi ki, heç zaman əlimə top dəyməmiş olsaydı belə mən ona “yox” cavabını verəcəkdim. Onunla yaxşıca söhbət etdik. O, mənə inandığını və oyunçuların hamısından güclü olduğumu dedi. Oynamağımı istədiyini söylədi. Mən həqiqətən çox xoşbəxt idim, ona təşəkkür etdim. Ona mənə güvənə biləcəyini söylədim".
Həmin anı o, belə xatırlayır: "Məşqdən sonra çimmək və valideynlərimə zəng etmək istəyirdim. Bu mənim üçün ən həyəcanlı anlardan biri idi. Zəng edib atama: "Ata, sabah oynayacam, qatara min gəl",- dedim.
Milan 2-1 qazandı, mən isə Domenico Berardi-nin qapıya sərbəst zərbə ilə vurduğu qoldan narazı qaldım. Mixailoviç məni sakitləşdirməyə çalışırdı. O deyirdi: “Öz işinə davam et. Heç nədən narahat olma, sənə inamım böyükdür”. Bu sözlər mənim üçün çox vacib idi”.
İnanılmazdır, o gündən bəri Donnarumma cəmi beş A seriyalı oyun buraxıb.
Bütün peşəkarlar kimi o da öz qarşısına çox çətin hədəflər qoyur, çox yüksək standartlar təyin edir və səhvlərilə barışmaqda çətinlik çəkir. O deyir: "Səhvə yol verdikdən sonra onu qəbul etməyin çətin olur. Sən hər zaman bu barədə düşünürsən. Gecələr yata bilmirsən. Bu, səhv etməyindən daha pisdir”- deyə Donnarumma etiraf edir.
Bütün bunlara baxmayaraq, təzyiq altında Donnarumma sarsılmaz qalır. O deyir: "Soyuqqanlılığımı qoruyub saxlayıram, bu hər zaman mənin güclü xüsusiyyətim olub. Altı ildir A Seriyasında oynayıram. Hörmət qazanmağım normaldır. Məni dinləyirlər, sözüm keçir. Buna haqqım çatır, həqiqətən gənc olsam da. Artıq bir az təcrübə toplamışam, ona görə də məni dinləyirlər ”.
Penalti-dən vurulan topu tutmasına görə komanda yoldaşları onu alqışlayır
© Laurence Griffiths/Getty Images
Donnarumma: “Hər şeyin nəzarət altına olduğunu bilmək üçün müdafiəçilər qapıçının əmrlərinə tabe olmalı, onu eşitməlidir. Bu çox vacibdir. Mən onlara inanıram, onlar mənə inanırlar və bu qarşılıqlı güvən hamımız üçün çox əhəmiyyətlidir.
Diqqətli olmağım və bütün diqqətimi yalnız bir məqsədə yönəltməyim mənim ən əsas və ən güclü xüsusiyyətimdir. Qazandığınla kifayətlənmə, irəliyə get, inkişaf et. Necə deyərlər, növbəti zərbə çox vacibdir.
Həmişə düşünmüşəm ki, insan heç vaxt öyrənməyi dayandırmamalıdır, inkişafdan qalmamalıdır. Beş il, 10 il, 20 il sonra da hər zaman yeni-yeni şeylər öyrənməyə can atmalıdır. Məşq – öyrənmək üçün əla fürsətdir. Həmişə bunu düşünmüşəm və həqiqətən də öyrənməyə çalışmışam. Yəqin ki, bu da mənim yaxşı xüsusiyyətlərimdəndir”, - deyir.
Bəs Donnarumma-nın qorxduğu bir şey varmı? Vaxtının çox hissəsini havada uçmağa sərf edən biri üçün bəlkə də çox qəribədir: o, təyyarədə olmaqdan zövq almır. "Bu sahədə irəliləyiş olsa da, uçmaqdan bir az qorxuram", - deyə o etiraf edir.