Lucia və Jason Vice City-nin mənzərəsindən zövq alırlar
© Rockstar Games
Oyunlar

GTA 6: Səni təəccübləndirəcək faktlar və yeniliklər

Hazırlanma prosesindən nəhəng büdcəsinə, çıxış tarixinin təxirə salınmasından maraq doğuran xırdalıqlara qədər – GTA 6 haqqında, bəlkə də, əvvəllər eşitmədiyin maraqlı faktları bir araya topladıq.
Phil Briel (@nophilterde) tərəfindən yazılıb
dəq. oxuPublished on
GTA 6 əvvəllərkindən daha böyük, daha müxtəlif bir dünya vəd edir

GTA 6 əvvəllərkindən daha böyük, daha müxtəlif bir dünya vəd edir

© Rockstar Games/Take-Two

2026-cı il yavaş-yavaş son düzlüyə çıxarkən oyunçuların gözü Yeni il bayramından çox 19 noyabra dikilib. Çünki həmin gün 2026-cı ilin, yəqin ki, ən çox gözlənilən oyunu olan GTA 6 satışa çıxacaq. «Extended Look» videosu oynanışla bağlı bəzi detalları artıq üzə çıxardığı üçün bu yazıda sənə GTA 6 haqqında hələ bilmədiyin həyəcanverici faktları təqdim edirik.
01

GTA 6-nın hazırlanması 10 ildən çox çəkdi

GTA 6 üzərində iş artıq 10 ili ötüb. Rockstar Games-in son böyük layihəsi olan Red Dead Redemption 2 texniki uğuru ilə indiyədək yaradılmış ən təsirli açıq dünya oyunlarından biri sayılır. Vəhşi Qərb mövzulu oyun 26 oktyabr 2018-ci ildə satışa çıxdı – o vaxtdan bəri təxminən səkkiz il keçib.
Lucia Caminos GTA tarixində bir ilkə imza atır

Lucia Caminos GTA tarixində bir ilkə imza atır

© Rockstar Games/Take-Two Interactive

Lakin RDR 2 satışa çıxanda GTA 6 üzərində iş artıq təxminən üç il idi ki, davam edirdi. Rockstar Games-in studiya üzrə həmrəhbəri Rob Nelsonun müsahibələrinin birində verdiyi məlumata görə, işlərə 2015-ci ildə start verilib. Bəzi mənbələr isə ilk konsept işlərinin GTA 5-in çıxışından qısa müddət sonra, 2014-cü ildə başladığını bildirir.
Bununla belə, Grand Theft Auto VI üzərində iş əsl sürətini Red Dead Redemption 2 çıxandan sonra götürdü. RDR 2 layihəsi tamamlanan kimi Rockstar Games-in böyük tərtibatçı komandaları bütün diqqəti GTA 6-ya yönəltdi.
4 fevral 2022-ci ildə Rockstar Games yeni GTA oyunu üzərində çalışdığını rəsmən elan etdi. Təxminən iki il sonra – 2023-cü ilin dekabrında isə GTA 6-nın səbirsizliklə gözlənilən ilk treyleri yayımlandı.
GTA 5-in çıxış tarixi ilə 19 noyabr 2026 arasındakı müddəti nəzərə alsaq, seriyanın iki əsas oyunu arasında 13 ildən çox vaxt keçmiş olacaq. Bu, GTA tarixində iki oyun arasındakı ən uzun gözləmə deməkdir. Müqayisə üçün: GTA 4 (2008) ilə GTA 5 (2013) arasında cəmi beş il vardı. Bu uzun fasilənin əsas səbəblərindən biri isə GTA Online-ın qazandığı böyük uğurdur. İllər boyu mütəmadi olaraq yeni məzmunla dəstəklənən GTA Online Rockstar Games üçün ciddi gəlir mənbəyinə çevrildi və studiyanın yeni GTA oyununu tələsik bazara çıxarmaq ehtiyacını azaltdı.
02

Milyard dollarlıq oyun: GTA 6-nın hazırlanmasına nə qədər vəsait xərclənib?

GTA 6 əvvəllərkindən daha böyük, daha müxtəlif bir dünya vəd edir

GTA 6 əvvəllərkindən daha böyük, daha müxtəlif bir dünya vəd edir

© Rockstar Games/Take-Two

Rockstar Games büdcə məsələsində susmağa üstünlük verir. Nə studiya, nə də Take-Two indiyədək GTA 6 üçün rəsmi rəqəm açıqlayıb. Lakin sənaye daxilindəki proqnozlar bir ortaq nöqtədə birləşir: GTA 6 indiyədək hazırlanmış ən bahalı oyunlardan biri ola bilər.
GTA 6-nın hazırlanma xərclərinə dair ən etibarlı proqnozlar 1 milyard ilə 1,5 milyard dollar arasında dəyişir, bəzi analitiklər isə büdcənin 2 milyard dollara qədər qalxa biləcəyini düşünür. İnternetdə rast gəlinən daha yüksək rəqəmlər isə əsasən spekulyasiyadan ibarətdir. Bu nəhəng büdcənin arxasında illərə yayılan hazırlıq prosesi, Rockstar-ın dünyanın müxtəlif yerlərindəki studiyalarında çalışan minlərlə əməkdaş, geniş miqyaslı hərəkət çəkilişləri (motion capture), son dərəcə detallı açıq dünya və şirkətin öz RAGE oyun mühərrikinə qoyulan texniki investisiyalar dayanır. Üstəlik, bu rəqəmlərə marketinq xərcləri daxil deyil. GTA 6 miqyaslı oyunun təkcə reklam büdcəsinin yüz milyonlarla dollar təşkil edə biləcəyi təxmin edilir.
GTA 5 ilə müqayisə büdcə fərqini daha aydın göstərir. GTA 5-in hazırlanma və marketinq büdcəsinin 2013-cü ildə təxminən 265 milyon dollar olduğu hesablanırdı. Bu rəqəm o dövr üçün özü-özlüyündə rekord idi. Mövcud proqnozlar doğru çıxsa, GTA 6-nın xərci GTA 5 ilə müqayisədə təxminən dörd-yeddi dəfə çox ola bilər. Bu da oyunu indiyədək hazırlanmış ən yüksək büdcəli layihələrdən birinə çevirə bilər.
Take-Two isə bu nəhəng büdcəni böyük risk kimi görmür. Dünya üzrə 200 milyondan çox nüsxə satılan GTA 5 bütün zamanların ən uğurlu əyləncə məhsullarından birinə çevrildi. GTA Online-ın da töhfəsi ilə oyun 10 ildən artıqdır ki, milyardlarla dollar gəlir gətirir. GTA 6 oxşar uğur qazansa, milyard dollarlıq büdcə belə özünü artıqlaması ilə doğrulda bilər.
03

GTA 6 neçə dəfə təxirə salınıb?

Gözləmə artıq sona yaxınlaşsa da, GTA 6-nın çıxış tarixi indiyədək iki dəfə təxirə salınıb. Oyunçulara bu say daha çox kimi görünə bilər, lakin Rockstar 2023-cü ilin dekabrında yayımlanan ilk treylerdə yalnız 2025-ci ili qeyd etmişdi. Daha sonra Rockstar və onun ana şirkəti Take-Two çıxış dövrünü 2025-ci ilin payızı kimi dəqiqləşdirdi. Lakin planlar gözlənildiyi kimi getmədi və GTA 6 iki dəfə təxirə salındı.
2025-ci ilin mayında elan edilən ilk təxirə salınma gecikmə ilə bağlı söz-söhbətlər bir müddətdir gündəmdə olduğu üçün o qədər də sürpriz olmadı. Rockstar açıqlamasında oyunçulara göstərdikləri səbr üçün təşəkkür etdi. Bir neçə gün sonra yayımlanan ikinci GTA 6 treyleri isə məyusluğu tez bir zamanda yenidən həyəcana çevirdi.
Seçim edə biləcəyin çoxlu avtomobil olacaq

Seçim edə biləcəyin çoxlu avtomobil olacaq

© Rockstar Games/Take-Two

2025-ci ilin noyabrında açıqlanan ikinci təxirə salınma isə oyunçular üçün daha böyük məyusluq oldu. Rockstar Take-Two-nun maliyyə nəticələrini açıqlamasından az əvvəl verilən bu qərarın oyunu gözlənilən keyfiyyət səviyyəsinə çatdırmaq üçün lazım olan son toxunuşlara daha çox vaxt ayırmağa imkan verəcəyini bildirdi.
Gecikmənin səbəbləri sırasında GTA 6-nın texniki baxımdan son dərəcə mürəkkəb layihə olması da göstərilir. Süni intellekt sistemlərindən açıq dünyanın detallılıq səviyyəsinə və oyun mühərrikinə qədər bir çox element hazırlıq prosesini çətinləşdirir. Bundan əlavə, Rockstar-ın əməkdaşların uzun və yorucu iş saatlarına məcbur qaldığı «crunch» dövrlərindən qaçmağa çalışdığı da qeyd olunur. Şirkət keçmişdə Red Dead Redemption 2-nin hazırlanması zamanı iş şəraitinə görə ciddi tənqidlərlə üzləşmişdi.

Təxirə salınmanın elan tarixi

Əvvəlki tarix

Yeni tarix

2 may 2025

2025-ci ilin payızı

26 may 2026

6 noyabr 2025

26 may 2026

19 noyabr 2026

O vaxtdan bəri Take-Two-nun baş direktoru Strauss Zelnick GTA 6-nın 2026-cı ilin noyabrında çıxacağını dəfələrlə təkrarlayıb. Şirkətin 2027-ci maliyyə ilinə dair gözləntilərində GTA 6 mühüm yer tutur. Buna görə də mümkün üçüncü təxirə salınma təkcə oyunçuları deyil, investorları da yaxından maraqlandırır. GTA 6-nın oyun sənayesinə təsiri digər şirkətlərin buraxılış təqvimlərində də özünü göstərir. Bildirilir ki, bir çox naşir Rockstar-ın nəhəng layihəsi ilə eyni dövrdə rəqabət aparmamaq üçün oyunlarının çıxış tarixini ya irəli çəkib, ya da 2027-ci ilə keçirib. Nintendo isə fərqli yol tutur: Nintendo Switch üçün hazırlanan The Legend of Zelda: Ocarina of Time remeykinin 5 noyabr 2026-cı ildə – GTA 6-dan cəmi iki həftə əvvəl satışa çıxması planlaşdırılır.
04

GTA 6-nın xəritəsi nə qədər böyükdür?

GTA seriyasının hər yeni oyununda ən çox maraq doğuran məsələlərdən biri xəritənin ölçüsüdür. GTA 6-nın kifayət qədər geniş xəritəyə malik olacağı bəlli olsa da, Rockstar xəritənin sahəsi barədə hələ rəsmi məlumat paylaşmayıb.
Şəhər sənindir. Sadəcə qanundan ehtiyatlı ol.

Şəhər sənindir. Sadəcə qanundan ehtiyatlı ol.

© Rockstar Games/Take-Two

2026-cı ilin avqustunda dərc olunan bəzi ilkin mətbuat icmalları (preview) isə xəritənin ölçüsü ilə bağlı mühüm işarələr verir. Bu məlumatlara görə, GTA 6-nın xəritəsi GTA 5 ilə müqayisədə təxminən iki, Red Dead Redemption 2 ilə müqayisədə isə təxminən üç dəfə böyük ola bilər. Müqayisə üçün: GTA 5-də Los Santos ilə Blaine County-nin ümumi sahəsi təxminən 49 kvadrat mil, yəni 127 kvadrat kilometrdir. Üstəlik, bu ərazinin xeyli hissəsini dəniz və dağlıq zonalar tutur.
Oyunçular icması da GTA 6 xəritəsinin ölçüsünü təxmin etmək üçün öz araşdırmalarını aparır. Treylerlərdəki kadrlar və 2022-ci ildə sızdırılan materiallar əsasında hazırlanan xəritə layihələrində 118–132 kvadrat mil, yəni təxminən 300–340 kvadrat kilometrlik ərazidən söhbət gedir. Lakin bu rəqəmləri qəti qəbul etmək olmaz. Xəritənin nə qədərinin sudan ibarət olacağı, neçə binaya daxil olmaq mümkün olacağı və kəşf edə biləcəyin ərazinin real ölçüsü hələlik yalnız Rockstar-a məlum olan detallardır.
GTA 6-dan götürülmüş bir ekran görüntüsü dövrə yarışı göstərir

GTA 6-da trek yarışları da olacaq – bu, seriyada bir ilkdir

© Rockstar Games/Take-Two

Xəritənin ölçüsündən daha diqqətçəkən isə dünyanın nə qədər canlı və detallı olacağıdır. Rockstar sadəcə geniş xəritə təqdim etmək əvəzinə, hər küncündə kəşf ediləcək nəsə olan sıx açıq dünya yaratmağa fokuslanıb. İlkin icmallara görə, NPC-lər (oyunçunun idarə etmədiyi personajlar) üçün təxminən 600 min animasiya hazırlanıb – GTA 5-də bu rəqəm təxminən 55 min idi.
Küçələrin daha dar dizayn edildiyi, sürüş hissinin isə daha ağır və real olacağı bildirilir. Deyilənə görə, Rockstar bu məsələdə peşəkar yarış sürücülərindən də məsləhət alıb. Məqsəd Leonidanı yalnız oyunçunun ətrafında formalaşan oyun dünyası kimi deyil, öz ritmi ilə yaşamağa davam edən canlı bir məkan kimi hiss etdirməkdir.
05

GTA 6-nın bölgələri və onların real prototipləri

Leonida Keys

Leonida Keys

© Rockstar Games

Leonidaya xoş gəldin! Bu, Rockstar-ın Floridadan ilhamlanaraq yaratdığı uydurma ştatdır. «Günəşli Ştat» kimi tanınan Florida, elə bil, məhz GTA dünyası üçün yaradılıb. Dəbdəbəli həyat ilə şəhərin qaranlıq üzü, lüks yaxtalar ilə treyler parkları, qaynar gecə həyatı ilə timsahlarla dolu bataqlıqlar burada yan-yana gəlir. Rockstar indiyədək altı fərqli bölgəni təsdiqləyib və onların hər biri real həyatdakı müxtəlif məkanlardan izlər daşıyır:

Oyundakı bölgə

Real həyatdakı prototipi

Atmosfer

Vice City

Miami

Neon işıqlar, çimərlik klubları, şəhər silueti

Leonida Keys

Florida Keys

Adalar, uzun körpülər, marinalar

Grassrivers

Everglades

Bataqlıqlar, hava qayıqları (airboat), timsahlar

Ambrosia

Okeechobee gölü ətrafındakı şəkər qamışı bölgəsi

Əkin sahələri, zavodlar, motosikletçi dəstələrinin ərazisi

Port Gellhorn

Floridanın Meksika körfəzi sahilindəki kurort qəsəbələri

Köhnə motelləri və yarış treki ilə keçmişdə qalmış kurort qəsəbəsi

Mount Kalaga National Park

ABŞ-ın cənubundakı meşəlik və dağlıq ərazilər

Piyada yürüşləri, ovçuluq, yolsuzluq sürüşü (off-road)

Vice City xəritənin ən qaynar nöqtələrindən biridir. Art-deko memarlığı, sahil zolağı, göydələnləri və səhərə qədər davam edən gecə həyatı ilə Miamini xatırladır. Seriyanın sadiq pərəstişkarları Vice City-ni ilk GTA-dan (1997), GTA: Vice City-dən (2002) və Vice City Stories-dən (2006) xatırlayacaq. Lakin GTA 6 ilə şəhər indiyədək ən canlı və detallı görkəmini alır.
Vice City yenidən GTA 6-da yer alacaq.

Vice City

© Rockstar Games

Vice City-nin cənubunda yerləşən Leonida Keys uzun körpülərlə bir-birinə bağlanan adaları ilə dənizin içərilərinə doğru uzanır. Marinalar, çimərlik barları və firuzəyi suları ilə seçilən bölgənin qayıqlar, dalğıclıq və qaçaqmalçılıq marşrutları baxımından mühüm yer tutacağı gözlənilir. Grassrivers isə GTA 6-nın Everglades-dən ilhamlanan bölgəsidir. Dayaz sular, sıx bitki örtüsü, hava qayıqları və bataqlıqların arasında salınmış kiçik yaşayış məntəqələri bölgənin simasını müəyyənləşdirir.
Leonidanın daxili hissəsində Okeechobee gölü ətrafındakı şəkər qamışı plantasiyalarından ilhamlanan Ambrosia yerləşir. Şəkər zavodları, ucsuz-bucaqsız əkin sahələri və sərt atmosferi ilə seçilən bu bölgədə, treylerlərdən göründüyü qədərilə, motosikletçi dəstələri də mühüm yer tutur.
Port Gellhorn isə Floridanın parlaq üzünün tam əksidir. Körfəz sahilindəki bu köhnə kurort qəsəbəsi baxımsız motelləri, striptiz klubları və keçmişin izlərini daşıyan küçələri ilə daha tutqun atmosferə malikdir. Mount Kalaga Milli Parkı isə meşəlik təpələri, piyada cığırları və ov əraziləri ilə Leonidaya fərqli coğrafiya qatır. Floridanın ümumi relyefindən fərqlənən bu bölgə ABŞ-ın daha şimalda yerləşən cənub ştatlarının meşəlik və kələ-kötür təbiətini xatırladır.
GTA 6-da Mount Kalaga Milli Parkı

GTA 6-da Mount Kalaga Milli Parkı

© Rockstar Games/Take-Two

Burada vacib bir məqam var: Rockstar real məkanları birə-bir köçürmək əvəzinə onları oyun dünyasına uyğunlaşdırır. Müxtəlif bölgələri bir-birinə yaxınlaşdırır, simvolik tikililərin yerini dəyişir və bir neçə yaşayış məntəqəsindən götürdüyü detalları bir bölgədə birləşdirir. Nəticədə həm Floridanı xatırladan, həm də oyun təcrübəsinə uyğun formalaşdırılmış orijinal bir dünya ortaya çıxır.
06

GTA 6 hələ çıxmamış mükafatlar qazandı

Hələ satışa çıxmadan mükafat qazanmaq? GTA 6 bunu artıq bacarıb. Oyuna olan maraq o qədər böyükdür ki, Rockstar-ın yeni layihəsi satışa çıxmazdan əvvəl nüfuzlu mükafatlar toplamağa başlayıb.
  • The Game Awards 2024: Ən çox gözlənilən oyun
  • The Game Awards 2025: Ən çox gözlənilən oyun (iki il ardıcıl)
  • Golden Joystick Awards 2025: Ən çox arzulanan oyun
  • Golden Joystick Awards 2025: İkinci treyleri ilə ən yaxşı oyun treyleri
«Golden Joystick Awards» nəticələri GTA 6-ya olan marağın miqyasını da aydın göstərir. Təxminən 21 milyon səsin verildiyi səsvermədə GTA 6 öz kateqoriyasında 18 faizə yaxın səs toplayıb, The Witcher 4 isə 17 faizə yaxın səslə onun düz arxasında qərarlaşıb.
"One-Eyed Willie's Mod Shop" emalatxanası GTA 6-da yer alacaq

"One-Eyed Willie's Mod Shop" emalatxanası GTA 6-da yer alacaq

© Rockstar Games/Take-Two

Mükafatlarla yanaşı, GTA 6-nın treylerləri də mühüm rekordlara imza atıb. 2023-cü ilin dekabrında yayımlanan ilk treyler YouTube-da ilk 24 saat ərzində 90 milyondan çox baxış toplayaraq musiqi klipləri istisna olmaqla platformanın ən uğurlu debütlərindən birinə çevrildi. İkinci günün sonunda isə GTA 5 üçün yayımlanan bütün treylerlərin ümumi baxış sayını geridə qoydu.
2025-ci ilin mayında yayımlanan ikinci treyler isə daha da yüksək zirvəyə qalxdı. Rockstar-ın paylaşdığı məlumata görə, treyler ilk 24 saatda bütün platformalarda ümumilikdə 475 milyon dəfə izlənib. Şirkət bu rəqəmlə GTA 6-nın ikinci treylerini tarixindəki ən böyük video təqdimatı adlandırıb.

Orijinal Red Bull

Red Bull Enerji İçkisi

Red Bull Energy Drink
07

GTA 6-da mod dəstəyi: azadlıq var, amma sərhədlər də

Modlar (mods – oyunçu icmasının hazırladığı dəyişiklik və əlavələr) illərdir GTA seriyasının ayrılmaz hissəsidir. Qrafik təkmilləşdirmələrdən rol oyunu (roleplay) serverlərinə, yeni nəqliyyat vasitələrindən başqa oyunlardan uyğunlaşdırılmış şəhərlərə qədər – icmanın yaratdığı məzmun GTA 4 və GTA 5-in illər boyu aktuallığını qorumasına böyük töhfə verib. Rockstar 21 sentyabr 2026-cı ildə yeni mod qaydalarını açıqlayandan sonra diqqət yenidən bu mövzuya yönəldi. Qaydalar bütün Rockstar oyunlarını əhatə etdiyi üçün GTA 6-da modların gələcəyi baxımından da böyük əhəmiyyət daşıyır.
Xoş xəbər budur: GTA 6-da modlardan istifadəyə ümumilikdə icazə veriləcək. Lakin Rockstar modların əhatə dairəsi ilə bağlı bəzi aydın sərhədlər müəyyənləşdirir.
  • Hekayəyə toxunmaq olmaz: Oyunun əsas süjetini, missiyalarını və ya personajlarını dəyişən, yaxud onlara yeni məzmun əlavə edən modlara icazə verilmir.
  • Oyunlar arasında məzmun köçürmək qadağandır: Bir Rockstar oyunundakı xəritələr, personajlar və ya digər oyun məzmunu başqa oyuna köçürülə bilməz. Məsələn, GTA 4-dəki Liberty City-ni GTA 5-ə və ya GTA 6-ya daşıyan modlara icazə verilməyəcək.
  • Müəllif hüququ ilə qorunan məzmun istifadə edilə bilməz: Başqa brendlərə məxsus loqoların, personajların, real məkanların və ya müəllif hüququ ilə qorunan digər məzmunun modlara əlavə edilməsinə icazə verilmir.
  • Səs və simadan istifadə: Rockstar oyunlarındakı mövcud səsləndirmələri dəyişmək olmaz. Real insanların səsini və ya görünüşünü modlarda istifadə etmək üçün isə həmin şəxsdən yazılı icazə alınmalıdır.
  • Onlayn istifadədə də məhdudiyyətlər var: Onlayn çitlərə (cheats), real pulla qumar sistemlərinə, kriptovalyuta və ya NFT reklamına icazə verilmir.
  • Sponsorluq və reklam qadağandır: Modlarda məhsul yerləşdirməsinə (product placement), sponsorluğa və pullu reklama yol verilmir.
  • Modlardan qazanc: Modlardan pul qazanmaq yalnız Rockstar tərəfindən təsdiqlənmiş platformalar vasitəsilə mümkündür.
Grand Theft Auto VI / GTA 6-da sualtı

Grand Theft Auto VI / GTA 6-da sualtı

© Rockstar Games

Bundan əlavə, oyunların Rockstar-ın rəsmən dəstəkləmədiyi cihazlarda işləməsini təmin edən dəyişikliklərə də icazə verilmir. Bu qayda qeyri-rəsmi platforma portlarının qarşısını alır.
Bu qaydalar mod icması üçün ciddi dəyişikliklər deməkdir. Hekayəni genişləndirən və ya müxtəlif oyunları birləşdirən bir çox populyar fanat layihəsini yeni qaydalar çərçivəsində reallaşdırmaq artıq mümkün olmaya bilər. Bununla belə, Rockstar-ın yanaşması modları tamamilə qadağan etməkdən çox, onları müəyyən çərçivədə saxlamağa yönəlib. FiveM-in arxasında dayanan Cfx.re komandası Rockstar-a qoşulandan bəri şirkət mod və rol oyunu icmasını daha nəzarətli və rəsmi kanallara yönəldən addımlar atır. GTA 6-nın modlara nə dərəcədə açıq olacağı isə əsasən PC versiyası ilə bəlli olacaq. PC versiyası üçün isə hələlik gözləmək lazımdır.
08

Artıq bütün arsenalı özünlə gəzdirə bilməyəcəksən

Əvvəlki GTA oyunlarında personajlar çoxlu silah və ləvazimatı heç bir iz qoymadan üzərlərində daşıya bilirdilər. GTA 6 ilə bu sistem dəyişir. Rockstar Red Dead Redemption 2-dəkinə bənzər yanaşma seçərək silah daşımağı daha məhdud və realist edir.
Lucia və Jason bank soyğununda

Lucia və Jason bank soyğununda

© Rockstar Games

GTA 6-da Jason və Lucia üzərlərində gizli şəkildə iki tapança, açıq şəkildə isə iki uzunlüləli silah gəzdirə biləcəklər. Qalan silahlar «Ammu-Nation»dakı silah şkaflarında və ya avtomobillərin baqajında saxlanılacaq. Rockstar-ın sözlərinə görə, oyunçular yanlarına götürəcəkləri ləvazimatı qarşılaşa biləcəkləri müxtəlif vəziyyətlərə görə seçə biləcəklər. İlk baxışdan kiçik dəyişiklik kimi görünsə də, bu sistem missiyalarda seçəcəyin strategiyaya birbaşa təsir göstərə bilər. Səssiz irəliləmək üçün səsboğuculu tapança, yoxsa atışmaya hazır olmaq üçün avtomat və pompalı tüfəng? Artıq missiyaya çıxmazdan əvvəl silah seçimini daha diqqətlə etməli olacaqsan.
Silahları geniş şəkildə fərdiləşdirmək də mümkün olacaq. «Ultimate Edition»a daxil olan xüsusi revolverlər GTA 6-da silah aksesuarları, örtüklər (skins) və müxtəlif modifikasiya seçimləri təqdim edən ətraflı fərdiləşdirmə sisteminin olacağına işarə edir.
Jeyson təhlükəyə qarşı silahlanır.

Jeyson təhlükəyə qarşı silahlanır.

© Rockstar Games/Take-Two

Bundan əlavə, hər iki baş qəhrəmanın özünəməxsus «Focus» bacarıqları var. Red Dead Redemption-dakı «Dead Eye» mexanikasına bənzər bu sistem zamanı yavaşladır və düşmənlərin zəif nöqtələrini, qaçış yollarını və ətrafdakı vacib detalları önə çıxarır. İlkin icmallara görə, Jason ilə Lucianın «Focus» bacarıqları fərqli işləyir. Beləliklə, iki personaj bir-birindən təkcə hekayələri ilə deyil, oyun üslubu ilə də seçilir.
09

GTA 6-da yeni ünsiyyət imkanları

GTA 6-nın oynanış baxımından necə təcrübə vəd etdiyini göstərən ən mühüm yeniliklərdən biri yeni ünsiyyət imkanlarıdır. Red Dead Redemption 2-dən izlər daşıyan bu sistem GTA 6-da daha geniş miqyas alır. «Extended Look» kadrlarından göründüyü qədərilə, NPC-ləri salamlaya, təhrik edə, sakitləşdirə və ya onlara meydan oxuya biləcəksən. Beləliklə, ətrafdakı personajlarla qurduğun ünsiyyət hadisələrin gedişatına birbaşa təsir göstərə biləcək.
GTA 6 Extended Look-dan götürülmüş ekran görüntüsü qarşılıqlı əlaqə sistemini göstərir.

GTA 6 Extended Look

© Rockstar Games

Oyun dünyası da etdiklərinə daha açıq reaksiya verir. Onlara həddindən artıq yaxınlaşanda, söhbətlərini uzun müddət dinləyəndə və ya aqressiv davrananda NPC-lər bunun fərqinə varır. Hətta yoldan keçənlər personajının geyimi haqqında fikir də bildirə bilir. Bəzi NPC-lər isə özləri ünsiyyətə girərək gözlənilməz hadisələrə səbəb ola bilər. Beləliklə, Leonida sadəcə gəzib-dolaşdığın açıq dünya olmaqdan çıxıb hərəkətlərinə cavab verən canlı bir məkana çevrilir.
Jason ilə Lucia arasındakı münasibət də oyunda mühüm yer tutur. Bonni və Klaydı xatırladan bu ikilinin münasibəti sənin seçimlərinə görə formalaşa bilər və romantik münasibət qurmaq məcburi deyil. Oyun boyu bir çox məqamda Jason ilə Lucia arasında keçid etmək də mümkün olacaq.
Lucia ilə Jasonun cütlük olub-olmayacağına sən qərar verəcəksən

Lucia ilə Jasonun cütlük olub-olmayacağına sən qərar verəcəksən

© Rockstar Games

Qarşılıqlı əlaqə sistemi ilə bağlı olan yeni «Criminal Profile» (Kriminal profil) sistemi isə klassik əxlaq sistemi əvəzinə oyunçunun cinayət törətmə üslubunu nəzərə alır. Missiyaları mümkün qədər təmiz və peşəkarcasına başa vurursan, yoxsa lazım olduğundan artıq zorakılığa əl atırsan? Polisin və NPC-lərin sənə münasibəti etdiyin seçimlərdən asılı olaraq dəyişə bilər. İlkin icmallara görə, həddi çox aşmaq kriminal profilinə qalıcı təsir göstərə bilər.
10

GTA 6 haqqında az bilinən digər detallar

Böyük yeniliklərlə yanaşı, GTA 6 Rockstar-ın oyun dünyasını nə qədər incə detallarla qurduğunu göstərən kiçik toxunuşlarla da doludur. Budur, ilk baxışdan gözdən qaça biləcək ən maraqlı detallardan bəziləri:
   Lucia özünə bir az vaxt ayırır

Lucia özünə bir az vaxt ayırır

© Rockstar Games

  • Lucia GTA seriyası üçün mühüm bir ilkə imza atır. Lucia Caminos seriyanın ilk qadın baş qəhrəmanıdır. Əvvəllər də qadın personajlarla oynamaq mümkün idi, lakin onlar hekayənin mərkəzində dayanmırdılar. Lucianın hekayəsi həbsxanadan çıxması ilə başlayır. Onun partnyoru Jason Duval isə özünü narkotik dünyasının içində tapan keçmiş hərbçidir.
  • 2022-ci ilin nəhəng sızması: 2022-ci ilin sentyabrında bir haker təxminən 50 dəqiqəlik oynanış görüntüsündən ibarət 90 hazırlıq videosunu internetdə yaydı. Bu hadisə oyun dünyasının indiyədək ən böyük sızmalarından biri kimi tarixə düşdü. Sızmanın arxasında dayanan şəxs o vaxt 17 yaşında idi və qısa müddət sonra Böyük Britaniyada yaxalandı.
  • Nəqliyyata yanacaq sistemi gəlir: GTA 6-da avtomobil və motosikletlər ilk dəfə işlək yanacaq göstəricisinə sahib olacaq. Yanacağı vaxtında doldurmasan, məsələn, təqibin ən qızğın anında yolda qala bilərsən. İlkin icmallara görə, Rockstar bu sistemi oyun təcrübəsinə mane olmayacaq şəkildə tarazlaşdırıb. Elektromobilləri isə enerji doldurma məntəqələrində şarj etmək mümkün olacaq.
  • Avtomobil oğurlamaq artıq əvvəlki qədər asan deyil: GTA 6-da xüsusilə dəyərli avtomobillər elektron kilidlər və GPS izləmə sistemləri ilə qorunacaq. Oyundakı «Waink» tətbiqi sayəsində avtomobilin kilid vəziyyətini, siqnalizasiya və ya izləmə sisteminin olub-olmadığını və təxmini dəyərini telefonundan yoxlaya biləcəksən.
  • Leonidada təxminən 80 saatlıq macəra: Əsas hekayə və əlavə məzmunla birlikdə GTA 6-nın təxminən 80 saatlıq oyun müddəti təqdim edəcəyi bildirilir. Hekayənin isə Red Dead Redemption 2-də olduğu kimi ayrı-ayrı fəsillər şəklində irəliləyəcəyi gözlənilir.
  • Çıxışda birinci şəxs rejimi olmayacaq: GTA 5-in yeni nəsil versiyasından fərqli olaraq GTA 6 çıxışda tam birinci şəxs görünüşü təqdim etməyəcək. Birinci şəxs görünüşündən yalnız müəyyən silahlarla nişan alarkən istifadə etmək mümkün olacaq.
  • Əsas hekayədən kənarda da kəşf ediləcək çox şey var: Klassik avtomobilləri tapıb ustaya apararaq bərpa etdirə, dəstələrin gizləndiyi yerlərə basqın edərək nadir qənimət toplaya və ya oğurlanmış əşyaları alverçilərə sata bilərsən. Kanoe və dalğıc avadanlığı ilə sahilləri kəşf etmək də mümkün olacaq. Oyunda görünən yem dükanları və qayıqlar isə balıq ovunun da fəaliyyətlər sırasında ola biləcəyinə işarə edir.
  • Personajın görünüşü üçün daha çox seçim: Jason və Lucia əvvəlki GTA personajları ilə müqayisədə daha geniş geyim və saç düzümü seçimlərinə malikdir. Bundan əlavə, oyundakı fitnes sistemi sayəsində etdiyin seçimlər personajların fiziki görünüşünə də təsir edə biləcək.
  • «Macca the Gator» ekranlara gəlir: GTA 6-da baş rolda Macca adlı timsahın çıxış etdiyi xüsusi cizgi verilişini televizorda izləmək mümkün olacaq. Bundan əlavə, oyunda Rockstar-ın influenserlər dünyasını və sosial media mədəniyyətini özünəməxsus yumoru ilə ələ saldığı geniş sosial media sistemi də olacaq.
  • Vice City divarlarında real rəssamların imzası var: GTA 6 üçün 50-dən çox real küçə rəssamı Vice City-nin divarlarını bəzəyəcək orijinal əsərlər hazırlayıb.
  • GTA 6-ya xüsusi albom da gəlir: Oyundakı radiostansiyalarla yanaşı, 34 trekdən ibarət «Grand Theft Auto VI: The Album» adlı xüsusi saundtrek də təqdim olunacaq.
Lucia Caminos məşq edir

Lucia Caminos məşq edir

© Rockstar Games

Bir şey tam aydındır: GTA 6 adi oyun buraxılışı çərçivəsindən çoxdan çıxıb və pop-mədəniyyətin ən böyük hadisələrindən birinə çevrilməyə hazırlaşır. 13 ildən artıq çəkən gözləmə, milyardlarla dollar olduğu təxmin edilən büdcə, baxış rekordları qıran treylerlər və hərəkətlərinə reaksiya verən detallı dünya gözləntiləri daha da artırır. Rockstar GTA 6 ilə sadəcə seriyanın yeni oyununu təqdim etməyi deyil, açıq dünya janrında standartları bir daha dəyişməyi hədəfləyir.
Bunun nə dərəcədə alınacağını isə 19 noyabr 2026-cı ildə görəcəyik. İllərlə davam edən gözləmə sona çatanda deməyə bircə söz qalacaq: Leonidaya xoş gəldin!