İdman geyimi və texnoloji yeniliklər
© Sergey Mironov
Fitnes

İdman geyimi və texnoloji yeniliklər

İdman geyimi maksimal dərəcədə praktik olmalıdır. O, müəyyən məqsədlər üçün yaradılır.
Ruhiyyə Bəylərova tərəfindən yazılıb
4 min readPublished on
Fiziki və mexaniki xüsusiyyətlər baxımından müxtəlif parçalardan tikilən bu geyimlər öz funksionallığı ilə fərqlənir. Bu seqmentdə fəaliyyət göstərən dünyanın aparıcı istehsalçıları yeni tədqiqatlara kifayət qədər intellektual və maliyyə resursları ayırır və məhz bu səbəbdən adi geyimdən fərqli olaraq idman geyimi çox şey “bacarır”. Bu gün ölkəmizdə idman geyimi sektoru olduqca geniş təqdim olunub. İdman geyiminin spesifikası, ona olan tələblər və yeni texnologiyalar haqqında maraqlı və faydalı məlumatları çatdırmaqda Go Sport mağazasının satış üzrə təlimçisi Fərid Səmədov bizə yardım etdi.
Şərti olaraq idman geyimi iki əsas kateqoriyalara ayrılır: universal və xüsusi. Universal idman geyimi trenajor zallarında və fitnes klublarda məşqlər, təmiz havada səhər və axşam qaçışları kimi gündəlik fiziki məşğələlər üçün nəzərdə tutulub. Xüsusi idman geyimi ilə peşəkar idmançılar təchiz olunurlar. Bəs idman geyimini seçərkən nələri bilməlisən?
İdman geyimi və texnoloji yeniliklər

İdman geyimi və texnoloji yeniliklər

© fizkes

İdman növündən asılı olaraq idman geyimi

Hər idman növünün öz xüsusiyyətləri var. İdman geyiminin xeyli sayda çeşidləri mövcuddur və optimal variantı idman və ya fitnes növündən asılı olaraq seçmək lazımdır.
Yoqa ilə məşğul olmaq üçün daha çox boş, akrobatika üçün dar, qaçış üçün isə xüsusi idman forması uyğundur. Bu siyahını davam etmək olar, ancaq əsas məqsəd məhz konkret idman növü üçün yaradılmış geyimdə idmanla məşğul olmaqdır. Razılaş ki, trenajor zalında köhnə şalvar və maykada deyil, xüsusi geyimdə məşq etmək daha xoşdur. Rahat və keyfiyyətli idman geyimi idmandan zövq almanın rəhnidir!
İdman geyimi və texnoloji yeniliklər

İdman geyimi və texnoloji yeniliklər

© javi-indy

İdman geyiminin hazırlandığı material

Pambıqdan olan geyim intensivliyi aşağı olan məşqlər üçün uyğundur. Yorucu məşqlər üçün isə pambıq münasib deyil, çünki o, nəmi özünə çəkir və uzun müddət yaş qalır. Eyni zamanda xeyli ağırlaşmış yaş geyim soyuqdəyməyə səbəb olur.
Odur ki, idman üçün ən yaxşı material sintetikadır! Sintetika qırışmır, məşq zamanı bədənin büküklərinə uyğunlaşaraq, rahatlıqla deformasiyaya uğrayır, nəmi özünə çəkərək tez quruyur. Müasir idman kostyumu təyinatından asılı olaraq, təbii və polimer liflərin qarışığı olan materiallardan (laykra, poliester, elastan, neylon və s.) və ya ancaq polimer materiallardan hazırlanır. Sintetik materiallar istilikkeçirtmə, havakeçirtmə, nəmi özünə çəkmə və xaric etmə xassələrinə malikdir.
İdman geyimi və texnoloji yeniliklər

İdman geyimi və texnoloji yeniliklər

© jacob Lund

Velosiped, qaçış, triatlon və s. idman növlərində istifadə olunan və idmançının bədəninə maksimal dərəcədə yapışan sıxılmış geyim haqqında (compression sportswear) bəhs edərkən, onun hava buraxmadığını və bunun hesabına istilik effektinin yarandığını qeyd etmək lazımdır. Bu zaman əzələlər qızışır və zədə almaq riski azalır.
Gigiyenik tələblərin nəzərə alındığı gümüş ionların və ya qızıl nanohissəciklərin istifadəsi geyimə əlavə olaraq antibakterial və antimikrob xüsusiyyətlər verir.
Artıq neçə ildir ki, ekologiya mövzusu idman sektoruna da öz təsirini göstərir. Bazarda emal edilmiş materiallardan hazırlanan idman geyimləri mövcuddur.

Dünyanın aparıcı idman brendləri tərəfindən istifadə olunan texnologiyalar haqqında

İdman geyiminin çeşidlərinə və aparıcı texnologiyaların istifadəsinə görə NikeAdidas ilk yerlərdədir. Onlar seçim üçün xüsusi parçadan hazırlanmış müxtəlif çeşidli idman kostyumlarını təqdim edirlər. Bu geyimlər qırışmır, formasını saxlayır, yüksək hava və istilik mübadiləsi dərəcəsinə malikdir. Onlar geyimin modelinə də xüsusi diqqət yetirir və bu məqsədlə lazer biçimini istifadə edirlər. Ən dəbli rənglər isə qara, ağ, qırmızı, mavi və göydür.
İsti və soyuq Adidas markasının idman geyimlərinin istehsalında başlıca rol oynayan iki konsepsiyanı müəyyən edir. Emal edilmiş poliesterin xüsusi toxunma texnologiyası Climacool parçada tərin effektiv hopmasını və səthə çıxarılması ilə sonrakı buxarlanmasını təmin edən mikrotoru yaradır. Adıçəkilən brend soyudulma sistemində əsl inqilab olmuş Climachill texnologiyasını da istifadə edir. Bu xəttə titanla toxunmuş innovativ parçalar və soyudulma sahəsində ilk dəfə olaraq tətbiq olunan 3D alüminium kürələr daxildir. Climaheat texnologiyası ilə hazırlanmış parçanın tunel konstruksiyası poliester liflərdəki boşluqlarda istiliyin qorunmasına imkan verir.
Nike şirkəti idman geyimlərinin istehsalında Teck Pack innovativ texnologiyasını istifadə edir. Pambıq və poliesterdən olan bu ikiqat parça daha yüngül olmaqla və istiliyi daha yaxşı qorumaqla yanaşı, təbii buxarlanma qabiliyyətini də saxlayır. Şirkətin təməl sistemi dri-fit parça texnologiyasıdır. Emal edilmiş poliesterdən hazırlanan elastik mikrofibra rahat dartılır, təri tez hopdurur və eyni şəkildə xaric edir.
İdman geyimi və texnoloji yeniliklər

İdman geyimi və texnoloji yeniliklər

© Mayk Orlov

Puma şirkəti isti hava şəraiti üçün Cool Cell və soyuq qış ayları üçün Warm Cell texnologiyalarını patentləşdirib. Cool Cell materiallarında olan anatomik tor əlavələr istənilən məşq zamanı optimal istilik tənzimini təmin edir. Warm Cell kapillyar parça strukturu nəm və tərin səthə çıxmasına və eyni zamanda istiliyin itirilməməsinə imkan verir.
Yekun olaraq, idman geyimini alarkən materialın keyfiyyətinə və tikişlərin nə dərəcədə dartıldığına fikir verməyini məsləhət görürük. Ancaq unutma ki, idman geyiminin seçimində əsas amil rahatlıqdır!