YouTube-chanel
© photo by istockphoto.com

İzləməli olduğun 5 yerli “YouTube” kanalı

Öz dilimizdə fəaliyyət göstərən maraqlı “YouTube” kanalı axtarışındasansa, bu 5 kanala göz gəzdirməyində fayda var.
Elçin Hüseynov tərəfindən yazılıb
3 min read tarixində nəşr olunub
Artıq uzun illərdir həyatımızda olan video platformaları bu müddət ərzində izləyici vərdişlərini tamamilə dəyişib. İndi hər kəs istədiyi növ məzmunu rahatlıqla tapa və istədiyi vaxt izləyə bilir. Belə platformalar arasında xüsusi yer tutan və ölkəmizdə də kifayət qədər istifadəçisi olan “YouTube” da kontent növünün çeşidliliyi, əyləndirdiyi qədər, öyrədən və məlumatlandıran kanallarının bolluğu ilə seçilir. Bəs bu kimi kanallardan ana dilimizdə fəaliyyət göstərən neçəsini tanıyırsan? Gəl onlardan 5-nə birlikdə nəzər yetirək.

Technote

Siyahımızın ilk sırasında texnologiya həvəskarlarının mütləq abunə olmaq istəyəcəyi “Technote” gəlir. İllərdir texnologiya sahəsində xəbərlər və video icmallar yayımlayan, bu müddət ərzində bir çox cəhətdən inkişaf etməyi bacaran bu layihə, qlobal texnologiya tədbirlərindən tutmuş, ən son yeniliklərə qədər bir çox texnoloji mövzuda məlumatlandırıcı və müqayisəli videolar hazırlayır. Aparıcıların səlis nitqi və peşəkar yanaşması isə izləyicidə xoş təəssürat yaradır. Bu sahə ilə maraqlanan birisənsə, “Technote” sən istəyən keyfiyyətlərə sahib ola bilər.

Söhbətgah

Bu kanaldakı simalar və ya səslər sənə mütləq ki, tanış gələcək. DJ Tural və Əli Xəyyamın ortaq aparıcılıq etdiyi “Söhbətgah”, müxtəlif sahələrdə tanınan şəxsləri qonaq edərək, onlarla maraqlı söhbətlər edir. Kanaldakı videoların uzunluğu sənə çox gəlsə, nəzərə al ki, bu, podkast layihəsidir və maraqlı mövzular da elə uzun söhbətlər zamanı yaranır. Yaxşı tərəflərindən biri isə odur ki, bu bölümləri podkast platformaları vasitəsilə sadəcə dinləyə də bilərsən.

Film Aç

Adətən filmi izləməkdən çox izləyəcəyimiz filmi seçməyə vaxt itiririk. Məhz bu problemlərə görə "Film Aç” bizim əvəzimizdən filmlərə baxır və onlar haqqında detallı icmal hazırlayır. Kanalın icmal videolarında adətən yeni çıxan seriallar və yerli filmlərimiz üstünlük təşkil edir. Amma bu kanalda sadəcə film icmalları yox, həm də film sənayesi ilə bağlı bir çox şey öyrənə bilərsən. Bəzən ssenari yazılma qaydaları, bəzən film festivalları, bəzən isə hansısa məhşur rejissorun qeyri-adi texnikaları barədə videolar izləmək istəyirsənsə, "Film Aç” həmin kanaldır.

Kənd Həyatı

Diqqətli ol, əgər acsansa, bu kanala daxil olmaq istəməzsən. Bütün gün şəhərdə olub, kənd həyatı üçün darıxan hər kəsə terapiya kimi gələcək bu videoları sadəcə Azərbaycanda yox, bütün dünyadan izləyirlər. “Kənd Həyatı” videolarının özünəməxsus vizual və səs keyfiyyəti ilə səni kənd həyatına aparacaq. Videoların əsas gedişatı isə kənd sakinlərinin təbii mühitdə müxtəlif yeməklər hazırlamasıdır. Əgər bir neçə dəqiqəlik başqa dünyaya keçid etmək istəyirsənsə, bu kanal elə sən istəyəndir.

CırtdanPro

Bir çox həvəskar musiqiçiyə öz dinləyicilərini tapmaqda kömək edən bu kanal, hələ də çox fərqli və istedadlı musiqiçilərin üzə çıxmasında böyük rol oynayır. “CırtdanPro” izləyiciləri də demək olar ki, hər həftə yeni bir musiqi və ya ifaçı ilə tanış olur. Əgər yeni istedadlar kəşf etmək, fərqli musiqilər dinləmək istəyirsənsə, bu kanala mütləq abunə ol və bildirişləri açıq saxla.
Ümid edirik, asudə vaxtını yaxşı dəyərləndirməyin üçün bu kanallar sənə kömək edəcək. Kontent istehsalçılarına dəstək üçün abunə olmağı və videolara rəy bildirməyi də unutma!