Bu dəfəki turnirə xüsusi bir rəng qatan məqam var: dünyaca məşhur Red Bull atleti, CrossFit ulduzu Jonne Koski şəxsən Bakıda olacaq! O, həm turnir boyu arenada komandaların yanında olacaq, həm də bu unudulmaz mühiti iştirakçılarla birgə paylaşacaq.
Meydançaya çıxanda sadəcə etdiyiniz işdən zövq almağa çalışın. Əvvəllər hər şeyə həddən artıq ciddi yanaşırdım, amma anlayanda ki, bu işdən həzz almaq lazımdır – nəticələrim də qat-qat yaxşılaşdı.
Jonne Koski kimdir?
10 ildən çoxdur ki, funksional fitnesin ən zirvəsində olan finlandiyalı idmançı karyerasına üzgüçülüklə başlayıb. 16 yaşında CrossFit Games çempionu Mikko Salonun rəhbərliyi altında bu aləmə addım atan Yonne, 2024-cü ildə dünya üzrə "CrossFit Open" qalibi olub. Hazırda isə "World Fitness Project" liqasının rəsmi idmançılarından biridir.
Bakı turniri ərəfəsində Jonne ilə bir az söhbətləşdik. Həm yarış günü işinizə yarayacaq tövsiyələri öyrəndik, həm də gündəlik həyatından danışdıq.
Biz Jonne Koskini peşəkar idmançı kimi tanıyırıq, bəs arena xaricində Yonne necə biridir? Asudə vaxtlarında nə etməyi sevirsən?
Jonne Koski: Əslində yarışlardan kənarda da yerində dura bilməyən, təbiəti çox sevən biriyəm. Yay ya qış fərq etmir, vaxtımı açıq havada keçirmək mənə böyük enerji verir. Dostlar və ailə ilə velosiped sürürəm, müxtəlif oyunlar oynayırıq – bir sözlə, sadəcə yaxşı vaxt keçirməyi və aktiv qalmağı sevirəm.
Son iki ildə qolfa bərk bağlanmışam. Məşqsiz günlərimdə məni qolf sahəsində tapmaq olar. Bir də öz əlimlə nəsə tikib-quraşdırmaqdan xoşum gəlir – məsələn, bu yaxınlarda evimizdə teras tikdim, köhnə mebelləri bərpa etdim. Əlinlə nəsə yaratmaq adama xüsusi rahatlıq verir.
Starta son dəqiqələr qalanda ağlından nələr keçir? Səni doğru əhval-ruhiyyəyə kökləyən xüsusi ritualın var?
Jonne Koski: Konkret rituallara inanmıram. Çünki nəsə planlaşdırdığın kimi getməyəndə adamın diqqəti dağılır.
Startdan əvvəl həyəcanın olması tam normaldır – axı qarşıda bədənini son həddə qədər sıxacağın ağır bir sınaq var. Mən o həyəcanı boğmaq əvəzinə, onu sağlam bir idman əzminə və döyüşkən ruha çevirirəm. Bir də sınaqdan əvvəl hər şeyi beynimdə bir-bir canlandırıram: harada tempi artıracağam, harada gücümü qoruyacağam. Meydançaya çıxanda artıq o yarışı daxilən yaşamış oluram.
Həm fərdi, həm də komanda formatında yarışmısan. Şəxsən sənə hansı daha yaxındır?
Jonne Koski: Karyeram boyunca daha çox fərdi idmançı olmuşam. Fərdi yarışanda bütün məsuliyyət təkcə sənin üzərində olur – nə nəticə göstərsən, öz əlindədir. Komanda yoldaşını yarı yolda qoymaq kimi əlavə bir psixoloji yük olmur.
Bununla belə, komanda turnirlərinin verdiyi o xüsusi dostluq və birlik enerjisini də çox sevirəm. Birlikdə qatıldığım turnirlərdən inanılmaz zövq almışam. Hazırda diqqətim fərdi karyeramda olsa da, gələcəkdə komanda yarışlarına yenə böyük məmnuniyyətlə qatılardım.
Red Bull Gym Clash üçün Bakıya gəlirsən. Yarışa sayılı günlər qalıb, iştirakçılara nə məsləhət görərdin?
Jonne Koski: Son bir neçə gündə özünü ağır məşqlərlə yormağın heç bir mənası yoxdur – artıq formanı artıra bilməzsən. İndi ən yaxşı taktika yaxşıca dincəlmək, bədəni bərpa etmək və enerjini toplamaqdır. Arenaya tam dincəlmiş halda çıxsanız, komandanıza ən böyük töhfəni vermiş olacaqsınız.
Səhv etməkdən qorxmayın. Yarışda nəsə istədiyiniz kimi getməsə, onu saniyəsində unudun və növbəti hərəkətə fokuslanın. Vəziyyəti düzəltmək üçün hər zaman şans var
Meydançaya çıxanda diqqətinizi yayındırmayın və sadəcə əlinizdən gələnin ən yaxşısını edin. Və ən başda dediyim kimi: mütləq zövq alın!
Red Bull Gym Clash bütün bədəni yoxlayan çətin sınaqdır. Yarışdan sonra bərpa olunmaq üçün nə etmək lazımdır?
Jonne Koski: İdmançılar bəzən istirahət etməkdən qorxurlar, amma bu böyük səhvdir. Bədənin və zehnin daha güclü qayıtması üçün mütləq fasilə lazımdır.
Yarış bitəndən sonra özünüzə bir neçə gün tam istirahət verin. Sevdiklərinizlə vaxt keçirin, zehninizi məşqlərdən uzaqlaşdırın. Mən özüm yarışdan sonra dağ velosipedi sürürəm, itlərimlə gəzməyə çıxıram. Bədəninizə yenilənmək üçün imkan verin ki, növbəti məşqlərə böyük həvəslə qayıdasınız.