Atletika
İdmana yeni başlayanlar üçün motivasiya olacaq insanlar
İdmana başlamaq qərarı vermisənsə, sənə ilham mənbəyi olacaq bu şəxsləri tanımağında fayda var.
Yəqin hər kəs həyatının hansısa bir qismində idman etmək fikrinə düşüb, amma bu fikri davam etdirən insan faizi, təəssüf ki, daha aşağıdır. Bəs idmana davamlı olaraq bağlı qalmaq, əzmlə çalışmağı dayandırmamaq üçün bizə nə lazımdır? Əlbəttə ki, motivasiya!
Motivasiya üçün ən effektiv yollardan biri isə fəaliyyəti ilə çoxlarına örnək olan, bir çox məşhur idmançıların uğurlu karyerasına səbəb olmuş və idman tarixində unudulmaz iz qoyan insanları tanımaq və fəaliyyətlərini izləməkdir. Əgər idmanda kumirin olacaq şəxsi tapa bilsən, hesab et ki uğura daha yaxın olacaqsan. İşini asanlaşdırmaq üçün isə bu məqalədə həmin şəxslərdən bir neçəsini sıraladıq.
Bettani Hemilton - Sörfçü
Bettani Hemilton Havayda böyümüş və 7 yaşından sörf etməyə başlamışdır. Lakin 2003-cü ildə o, dəhşətli bir faciədə köpək balığı tərəfindən dişləndikdən sonra sol qolunu amputasiya etdirmək məcburiyətində qalıb. O sağaldıqdan sonra özünə söz verib ki, bu bədbəxt hadisəyə görə ömür boyu narahat olmamalı və yenidən sörfə qayıtmalıdır. Nəticədə Bettani öz sözünü tutur və cəmi 26 gündən sonra yenidən dalğalar üzərinə çıxmaq cəsarətini qazanır. O hazırda dünyanın ən yaxşı 50 qadın sörfçüsündən biridir. Qəza ona çətin anların öhdəsindən gəlməyə kömək etməkdə mühüm rol oynadı, lakin hər şeydən əvvəl ona qorxusunu necə məğlub etməyi öyrətdi. O, sonrakı fəaliyyətinin çox hissəsini amputasiya olunmuş gənclərə nümunə olmağa həsr edir.
Cəsarət o demək deyil ki, qorxmursan. Cəsarət o deməkdir ki, qorxunun səni dayandırmasına imkan vermirsən.
Maykl Cordan - Basketbolçu
Uğursuzluğu qəbul edə bilərəm, hər kəs nədəsə uğursuz ola bilər. Amma cəhd etməməyi qəbul edə bilmirəm.
Maykl Cordan tez-tez bütün zamanların ən yaxşı basketbolçusu adlandırılır. O, uğurunu uğursuzluqların nəticəsi hesab edir. Çünki uğursuzluqlarının onu daha çox cəhd etməyə məcbur etdiyini iddia edir. Gənc yaşlarında onun böyük bir istedada sahib olacağı düşünülmürdü, hətta orta məktəb vaxtlarında o, basketbol komandasından da kəsilib. Lakin uğursuzluqları onu ruhdan salmamış hətta daha da uğurlu olmağa sövq etmişdi. Nəticədə Maykl altı “NBA” titulunu və liqa tarixinin ən yaxşı karyeralarından birini əldə etməyi bacarıb.
Ueyn Qretzki - Xokkey ulduzu
Ueyn Qretzki idman tarixində ən çox ruhlandıran idmançılar arasındadır. Onun liqaya başlanğıc dövrlərində uğurlu olacağına heç kim inanmırdı və tənqidçilər tərəfindən xokkey üçün çox zərif, çəlimsiz və yavaş olduğu iddiaları var idi. Doğrudan da o, güc testlərində hər zaman sonuncu olurdu və liqanın digər oyunçularından zəif idi. Amma bütün bu çatışmazlıqlara baxmayaraq, Qretzki, intellektini işə salmış və xokkeyi ağlı ilə oynamağa başlamışdı. Oyun planını mükəmməl səviyyədə öyrənən Qretzki istənilən vəziyyətdə hər kəsdən sürətli reaksiyalar verir və oyunun istiqamətini öncədən görürdü. Bu isə onun liqadakı ən çox xal toplayan və məhsuldar ötürmə edən oyunçu olmasına imkan yaratdı.
Düşünürəm ki, idmanda ən böyük uğur qalib gəlməkdir və sən bu təcrübəni heç nə ilə əvəz edə bilməzsən.
Pele - Futbolçu
Hələ də ən yaxşılar arasında ilk sıralarda adı çəkilən Pele, Braziliyada çox kasıb ailədə böyüyüb. Dolanışığını təmin etmək və ailəsinə dəstək olmaq üçün yaşadığı şəhərdə, müxtəlif çayxanalarda qulluqçu işləyir, eyni zamanda vaxt tapan kimi də futbol oynamağa can atırdı. O müsahibələrində futbol topu almağa imkanı olmadığı üçün qəzetlərdən top düzəldib məşq etdiyini, hətta bəzən qreypfrut ilə top oynadığını deyir. Vaxt keçdikcə onun istedadı nəzərə çarpdı və müxtəlif Braziliya futbol komandalarında oynadı. Sonrası isə hamıya məlumdur: Pele dünyanın ən yaxşı futbolçularında biri olaraq tarixə keçdi.
Uğur təsadüfi deyil. Bu, zəhmət, əzm, öyrənmək, fədakarlıq etmək və ən əsası etdiyiniz və ya etməyi öyrəndiyiniz işi sevməkdir.
Nadya Elena Komaneçi - Gimnast
Qorxduğum üçün çətinlikdən qaçmıram. Əksinə ona tərəf gedirəm, çünki qorxudan xilas olmağın yeganə yolu onu ayağının altında tapdalamaqdır.
1976-cı il “Monreal Yay Olimpiya Oyunları” zamanı Nadya Elena Komaneçi olimpiya yarışlarında 10 bal toplayan ilk qadın gimnast olub. Bundan əlavə, o, gimnastika üzrə ən gənc Olimpiya çempionu adına və eyni yarışda 3 Olimpiya qızıl medalına layiq görülüb. Daha sonra “Laureus Dünya İdman Akademiyası” tərəfindən “Əsrin İdmançısı” seçilib. Bütün bunları edərkən isə o, cəmi 14 yaş 8 aylıq idi. Rumıniyada doğulan Nadya 6 yaşında gimnastikaya başlayıb. Onun dövründə avropalı gimnastlar çox güclü hesab olunurdu, lakin öz üzərində ciddi çalışan Nadya, erkən yaşlarda uğurla tanış olmağı bacarıb və dövrünün ən istedadlı gimnastlarından birinə çevrilib.
Ümid edirik, bu uğur hekayələri sənə ilham olub, idmana həvəsini artırar. Daha çox insanın motivasiya olmasını istəyirsənsə, məqaləmizi dostlarınla da bölüşməyi unutma!