Müntəzəm gəzintinin faydaları və motivasiyası
© lzf/Shutterstock
Walking (Sport)

Müntəzəm gəzintinin faydaları və motivasiyası

Adama qalan gəzməkdir! Həm də sözün əsl mənasında. Bu günlərdə yəqin ki, gəzintiyə çıxmaqdan daha yaxşı məşğuliyyət tapa bilmərik.
İlham Akbarli tərəfindən yazılıb
3 min read tarixində nəşr olunub
Hər gün gəzərək çox şey əldə etmək olar. Ən əsası da sağlamlıq və yaxşı əhval-ruhiyə! Digər üstünlüklərlə isə gəlin birlikdə tanış olaq.
Gəzmək ömrü uzadır
Gəzməyi "vərdiş" halına gətirərək yaşlanmağı gecikdirmək mümkündür. Araşdırmalara görə stabil olaraq həftədə 20-25 kilometr gəzən insanlar gəzməyənlərdən daha uzun yaşayır.
Stress-dən uzaq gəzin
Gəzinti stress üçün də idealdır. Gəzərkən qan təzyiqi tənzimlənir, xoşbəxtlik hormonu olan endorfinin istehsalı artır və siz özünüzü rahatlamış hiss edirsiniz.
Yuxunuz şirin olacaq
Gündəlik gəzinti vərdişi sizin yuxunuza da öz müsbət təsirini göstərəcək. Daha rahat yuxuya gedəcəksiniz və yuxudan durarkən özünüzü gümrah hiss edəcəksiniz.
Müntəzəm gəzintinin faydaları və motivasiyası

Müntəzəm gəzintinin faydaları və motivasiyası

© Alliance Images/Shutterstock

Gəzmək ürəkdir!
Bunu artıq hamı bilir ki, davamlı gəzinti ürəyin və ağciyərin işləmə prinsipi üçün də yararlıdır. Bunun üçün gündə 20-25 dəqiqə qısa və sürətli gəzinti növü daha məqsədəuyğundur.
Gəzərkən nələrə diqqət etməli?
Burada bir neçə önəmli məqam var. İlk olaraq idman ayaqqabınızı düzgün seçməyiniz tövsiyə olunur. Yürüş üçün və ya yüngül qaçış üçün nəzərdə tutulan idman ayaqqabısı sizin gəzintinizi daha effektiv edəcək. Bu həm də tez yorulmağınızın qarşısını alacaq.
Bununla bərabər gəzintiyə çıxarkən əgər məqsədiniz artıq çəkiləri atmaq və ya olduğunuz formanı qorumaqdırsa, bunun üçün nəzərdə tutulmuş xüsusi idman paltarları əldə etməyiniz tövsiyə olunur.
Özümüzü necə motivasiya edək?
Addımlarınızı sayan ağıllı saat və ya smartfonunuza yazacağınız xüsusi tətbiq sizi daha çox motivasiya edəcək. Bunun sayəsində özünüzə gündəlik hədəflər qoyaraq gəzintini daha əyləncəli hala gətirə biləcəksiniz.
Gəzinti zamanı qulaqlıq və musiqi də mütləqdir. Hətta musiqi platformalarında gəzinti üçün xüsusi playlist yarada bilər və ya digərlərinin yaratdığı xüsusi playlistləri dinləyə bilərsiniz.
Daha intellektual gəzinti növünü də seçə bilərsiniz. Burada isə musiqi yox audiokitab qulaqlıqlarınızdakı yerini tutacaq. Qısa kitablar və ya hekayələr seçərək, 2 saatlıq gəzintidə bir kitabı bitirə bilərsiniz. Bunun üçün də xüsusi tətbiqlər mövcuddur.
Araşdırmalar həm də onu göstərir ki, gəzintilər kreativ düşünmə prosesinə də təsirsiz ötüşmür. Yəni hər bir gəzintini yeni bir fikir axtarışı olaraq görə bilərsiniz.
Müntəzəm gəzintinin faydaları və motivasiyası

Müntəzəm gəzintinin faydaları və motivasiyası

© Jo Panuwat D/Shutterstock

Bakının gəzməli yerləri
Yox, burada heç də turistik məkanlardan söhbət açmırıq. Bakıda uzun və ya sürətli gəzinti üçün uyğun olan parklardan danışacağıq.
Bunun üçün ən ideal məkanlardan biri Mərkəzi Parkdır. Həm üfüqi, həm də şaqüli istiqamətdə uzanan park, demək olar ki, gəzmək üçün dizayn olunub. Bu parkı mütləq yoxlamalısınız.
Heydər Əliyev mərkəzinin ətrafındakı park da bu baxımdan sizin köməyinizə çatacaq. Əgər eviniz ora yaxındırsa, uzun gəzintilər üçün həmin parkı da tövsiyə edə bilərik.
Üçüncü tövsiyəmiz isə Dədə Qorqud parkıdır. Axşam saatlarında demək olar ki, parkda olan insanların böyük əksəriyyəti süni gölün ətrafında intensiv gəzintiylə məşğul olur.
Təbii ki, Bakı Bulvarını saymadan keçmək olmaz. Burada gəzərək həm də şəhər mənzərəsindən zövq ala bilərsiniz.
Əlbəttə, evinizə ən yaxın parka gedə və ya özünüz üçün xüsusi marşrutlar da yarada bilərsiniz.
Müntəzəm gəzintinin faydaları və motivasiyası

Müntəzəm gəzintinin faydaları və motivasiyası

© Bignai/Shutterstock

Diqqət! Düz gəz.
Unutmayın ki, tam effekt almaq üçün gəzmə şəkliniz də vacibdir. Gəzərkən bədəninizin duruşuna diqqət yetirməlisiniz. Geri və ya irəli əyilmədən düz istiqamətlənməlisiniz; bu halda vücudunuzun hər bir hissəsinin gəzintiyə bərabər təsir etməsini təmin edirsiniz.
Gəzintimiz başa çatır!
Gəzinti haqda bu qədər. Bu, bizim üçün son olsa da, qoy sizin üçün yeni vərdişin başlanğıcı olsun!