Novruz bayramı
© azertag.az
Tədbir və Festival

Novruz adətləri- Kəndirbazlıq, qulaq falı, papaqatma...

Bayrama günlər qalmışkən, Novruzun həyəcanlı və az bilinən adətlərini birlikdə yada salaq.
Elçin Hüseynov tərəfindən yazılıb
3 min read tarixində nəşr olunub
Min illərdir bir çox xalq tərəfindən qeyd edilən Novruzun ən böyük özəlliklərindən biri də fərqli adətlərlə zəngin olmasıdır. Hansı ki, bu adətlər nəinki uşaqların, həm də böyüklərin marağını cəlb edəcək fəaliyyətlərlə doludur. Bu yazımızda baharın gəlişini qeyd etdiyimiz bayram günlərinin maraqlı adətlərini yenidən xatırlatmağa qərar verdik.
01

Kəndirbazlıq və yarışlar

Novruz bayramı şənliklərində kütləvi gəzintilər, xalq oyunları, yarışlar, rəqs və nəğmələr oxunması, məzhəkəçilərin və kəndirbazların çıxışları olur. Məzhəkəçilər və kəndirbazlıq bir çox ölkələrdə tədricən unudulmuş ənənə olsa da, Novruzun maraqlı hadisələrindən biri olaraq ölkəmizdə qeyd olunmağa davam edir. Fərqli ölkələrin inanclarına görə burada kəndir üzərində yerimək, o dünyaya gedən “qıl körpünü” və “uçmağa” aparan yolu simvolizə edir.
Kəndirbazlıq

Kəndirbazlıq

© azertag.az

Yallı və milli rəqslərin müşayiəti ilə gün boyu davam edən şənliklərdə böyükdən kiçiyə hər kəsin marağını cəlb edən fəaliyyətlər mövcuddur. Bu kütləvi şənliklərdə bir çox rituallar və adət-ənənələr də nümayiş etdirilir. Bayramın atributlarından olan keçəl və kosa, qışı təmsil etmək üçün bu şənliklərə qoşulur.
02

Təmizlik və qonaqlaşma

Bayramların ən maraqlı tərəflərindən biri də bir-birimizin evinə qonaq getmək, mehriban süfrələrdə deyib-gülməkdir. Bütün bunlardan əvvəl isə hətta bayramdan bir neçə həftə əvvəl, evlərdə bayram təmizliyinə başlanır. Yeni ilə təravətli başlamaq, bahar ətrini daha yaxşı hiss etmək üçün hər evdə genişmiqyaslı bayram təmizliyi edilir və evdəki lazımsız əşyalardan xilas olunur. Bəzi xalqlarda bu təmizliyin həm də uğur və müvəffəqiyyət gətirdiyi inancı da mövcuddur.
03

Papaqatma

Əvvəllər Novruz bayramı ərəfısində pay istəmək üçün şal atılıb, bacadan torba sallanıb. Adətən şal ən doğma adamların qapısına atılardı. Şalın arasına bayram payı qoyulardı. Müasir dövrümüzdə isə bu ənənə papaq atma ilə əvəz olunub. Ümumilikdə burada məqsəd atılan papağı boş qaytarmamaq və içinə evdə hazırlanan Novruz nemətlərindən pay qoymaqdır. Bununla da sanki hər kəs öz evinin ruzisini, şirinliyini bir-birilə paylaşmış olur.
04

Qulaq falı

Qulaq falı

Qulaq falı

© gencaile.az

Xalq arasında ən geniş yayılmış olan qulaq falıdır. Qulaq falında hər kəs ürəyində bir arzu tutur və sonra hər hansı bir evin qapısını pusur. Əgər yaxşı sözlər eşitsə, deyilir arzusu yerinə yetəcək, amma əgər ürəkaçmayan sözlər eşitsə, arzusu bu il yerinə yetməyəcək deyirlər. Nəinki Novruz bayramı ərəfəsində, ilin bütün günlərində evlərdən xoş sözlərin səslənməsini arzu edirik. Yaxşı sözlər, pozitiv əhval-ruhiyyə keçicidir və özü ilə bərabər yaxşı hadisələri gətirir.
05

Çərşənbələr

Novruz səmənisi

Novruz səmənisi

© azertag.az

Novruzdan 4 həftə əvvəl qeyd edilməyə başlanan hər bir çərşənbənin özünəməxsus adətləri mövcuddur. Su çərşənbəsində insanlar su başına gedir, əl üzlərini axar sularda yuyurlar. Bu inanc, yeni ildə xəstəliklərin bizdən uzaq olması ilə əlaqələndirilir. Od çərşənbəsində tonqal üzərindən tullanmaq isə ağırlığımızı odda yandırmaqla əlaqəlidir. Bu adətlər, hər birimizin yaxşı bildiyi qapı pusmaq, səməni yetişdirmək, üzük falına baxmaq, yumurta döyüşdürmək, papaq atmaq kimi maraqlı rituallarla davam edir.
Ümid edirik, bayramı qarşılamazdan əvvəl Novruz adət-ənənələri ilə tanış olmaq sənin üçün yararlı oldu. Bayram havasına birlikdə və erkən qapılmaq üçün məqaləmizi dostlarınla bölüşməyi də unutma.