Tədbir və Festival
Qədim Novruz atributlarının mənası və tarixi
Gəlin süfrələrimizdə və şənliklərimizdə yer ayırdığımız maraqlı Novruz atributları ilə daha yaxından tanış olaq.
Ölkəmizin bütün bölgələrində Novruz böyük sevinclə, şən əhval-ruhiyyə ilə qarşılanır. Hər yerdə səliqə-səhman, təmizlik işləri aparılır, evlərdə səməni göyərdilir, paxlava, şəkərbura bişirilir, xonçalar bəzədilir. Novruzu bizə sevdirən bir çox atributlar isə süfrələrimizi və şənliklərimizi bəzəyir. Bu məqaləmizdə də min illərdir unudulmayan bu Novruz atributlarının tarixini və onların nələri simvollaşdırdığını daha ətraflı öyrənəcəyik.
Səməni
Novruz sovqatlarının ən vacib atributlarından biri səmənidir. Səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin, təbiətin, həyat və bolluğun rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur. İnsanlar səməni göyərtməklə növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulayaraq, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı oxumaqla xoş günlərə inamını ifadə edirlər.
Boyanmış yumurta və şirniyyatlar
Novruzun digər rəmzlərindən biri boyanmış yumurtadır. Yumurta oval, dairəvi formada olduğundan qalaktikanı təmsil edir. Yumurtanın ağ, göy, yaşıl, qırmızı boyanması hələ nənə-babalarımızdan dörd fəslin rəmzi, əmin-amanlıq kimi yozulur. Novruzda xüsusi şirniyyatlar, o cümlədən qoğal, şəkərbura, paxlava da bişirilir. Burada qoğal - Günəşin, şəkərbura - Ayın, paxlava isə - alovun rəmzi sayılır.
Kosa və keçəl
Novruz şənliklərinin əsas personajları təbii ki, Kosa və Keçəldir. Onların oyunbazlığı bayrama xüsusi ovqat verir. Kosa və Keçəl obrazları qışla yazın mübarizəsini əks etdirir: Kosa torpağın rəmzidir, qışla yazın arasında nə qədər mübarizə getsə də, nəticədə Kosa - torpaq ölmür, dirilir, təbiət oyanır. Axı hər şeydən əvvəl bu şənlik əkinçilik bayramını əks etdirmək üçündür. Keçəllə Kosanın məzhəkəli tamaşası müqabilində yazla qışın bir-birilə mübarizəsi əks olunur. Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır.
Bahar qızı
Folklorşünasların açıqlamasına görə, Bahar qızı bayram atributlarına edilmiş son əlavələrdən biridir. Yəni ki, qədim Novruz şənliklərində bu obraz olmayıb. Ənənəvi yeni il bayramının simvollarından olan qar qızdan ilham alınaraq yaradılmış və yazın gəlişini ifadə edən Bahar qızı Novruz rəmzlərində maraqlı yeniliklərdən biridir.
Çərşənbələr
Novruz bayramına qədər dörd çərşənbə qeyd edilir: su, od, yel və torpaq çərşənbələri. Bu çərşənbələr bürcləri özündə birləşdirən ünsürləri bildirir, insanın 4 ünsürdən yaradılışını simvollaşdırır. Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Ümumiyyətlə, çərşənbə günlərində və xüsusilə son dörd çərşənbədə, gecə vaxtı diqqətli olunması və təbiətə hörmətsizlik edilməməsi lazım olduğuna inanırlar. Çərşənbələr yazın gəlişindən xəbər verir.
Mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz həm də sülh, əmin-amanlıq və dostluq bayramıdır. Novruz atributları haqqında bu maraqlı məlumatları dostlarınla bölüşməyi unutma!