Novruz bayramında küsənlər barışar
© earnenglish.britishcouncil.org
Tədbir və Festival

Dalaşma, barış! Novruz bayramının ən dəyərli adəti

Özünəməxsus ənənələri ilə seçilən Novruz, həm də küsülülərin barışdığı, əlaqələrin gücləndiyi bayram kimi tanınır.
Elçin Hüseynov tərəfindən yazılıb
3 min read tarixində nəşr olunub
Hər il təntənə ilə qeyd etdiyimiz Novruz, Azərbaycan xalqının ən sevilən bayramıdır desək, yəqin yanılmarıq. Yazın, yenilənən təbiətin xəbərçisi olan bu bayram, həyatımıza yeniliklər qatmaqla yanaşı, köhnə əlaqələrimizi möhkəmləndirmək üçün də əla fürsət yaradır. Bu fürsəti qaçırmaq istəmirsənsə, sənin üçün bəzi məsləhətlərimiz var.
01

Birlik vaxtı olduğunu xatırla

Bildiyin kimi, Novruzda bir çox adət-ənənə var: tonqal qalamaq, qulaq falına çıxmaq, yumurta döyüşü… Çoxumuzun ən şirin uşaqlıq xatirələrinə də çevrilmiş bu adət-ənənələrimizin hamısı birlik, bərabərlik tələb edir. Həm də, bayramın ən bilinən adəti elə küsülülərin barışmasıdır. Sən də bu bayram əlaqələrini möhkəmləndirmək barədə düşün və bu adətimizi ətrafındakılara da xatırlat.
02

İncikliyini dilə gətir

Bəzən küsdüyümüz adamların heç incikliyimizdən xəbəri olmur. Bu isə heç vaxt həll olmayacaq problemlərə gətirib çıxarır. Küsülülərin barışdığı Novruz, keçmişdə yaşadığın bu kimi problemləri aradan qaldırmaq üçün yaxşı bəhanədir. Əvvəllər xətrinə dəydiyi üçün uzaqlaşdığın dost-tanışın varsa, hisslərini onlara ifadə edərək əlaqələrinizi gücləndirə bilərsən. Beləliklə, incidiyin adama da etdiyini başa düşməsi və ya üzr istəməsi üçün imkan yaratmış olacaqsan. Bu isə problemin aradan qalxması ilə yanaşı, gələcəkdə oxşar problem yaşanmamasına da səbəb ola bilər!
Üzr istəməkdən çəkinmə

Üzr istəməkdən çəkinmə

© pexels.com

03

Üzr istəməkdən çəkinmə

Növbə gəldi sənin xətrinə dəydiyin insanlarla aranı düzəltməyə. Əgər keçmişdə etdiyin hansısa hərəkətə görə səninlə danışmayan biri varsa, bayram münasibətilə ona yazıb, etdiyin yanlışlıqları aradan qaldırmaq imkanı istəyə bilərsən. Unutma ki, sağlam münasibətlər qurmaq üçün inciklikləri dilə gətirmək qədər, etdiyin yanlışlıqlara görə üzr istəmək də vacibdir.
04

Yaxın qonşu, yoxsa uzaq qohum?..

Bizcə, elə ikisi də! Xüsusən də Novruzdan danışırıqsa.
Əvvəlcə qohumlardan başlayaq.
Bayramlarda qohumları yada salmaq ailə tariximizi xatırlamağa, keçmiş xatirələri yenidən yaşamağa və sevdiklərimizlə bağlarımızı gücləndirməyə gətirib çıxarır. Sən də bu Novruzda sevdiyin qohumlarınla görüşüb (və ya zəngləşib!) keçmiş günləri yada salaraq nostalji və aidiyyət kimi xoş hisslər yaşaya bilərsən.
Qonşulara gəldikdə isə…
Təəssüf ki, illər keçdikcə qonşuluq adət-ənənələrimiz sanki zəifləyir. Bəs Novruz münasibətilə bu bağları möhkəmləndirməyə nə deyərsən? Bilirsən ki, məhlədə keçiriləcək bayram şənliklərində nə qədər çox adam olsa, o qədər yaxşıdır. Bu birliyin tək sənə deyil, hər kəsə xoş hisslər yaşadacağını, yenilənən ilə fərah ab-hava ilə daxil olmağınıza səbəb olacağını ağlında tutaraq bütün qonşularını bir tonqal arxasına yığmaqdan çəkinmə.
Novruz bayramın mübarək!

Novruz bayramın mübarək!

© www.vetennamine.az

Son olaraq, sənə bir məsləhət də vermək istəyirik: Əgər incidiyin biri var və səndən üzr istəməsini gözləyirsənsə, bu məqaləni ona göndərərək bir işarə verə bilərsən.
Qəlbinin gözəl hisslərlə dolması diləyi ilə, xoş bayramlar!