Bir neçə ildir, oyun dünyasında at oynadan “battle royale” (BR) janrının son ulduzlarından olan Apex Legends, ağlına belə gətirməzdi ki, gün gələcək bazarda bu janrın hakimi olan PUBG ilə müqayisə ediləcək. Odur ki, biz də yüz minlərlə fanatı olan PUBG ilə bu janra yeni nəfəs gətirən Apex Legends-in arasındakı bəzi fərqləri açıqlamaq istəyirik. İndidən onu deyək ki, eyni janrda olsalar da, bu iki oyunu bir-birindən ayıran nöqtələr gözlədiyimizdən çoxdur!
Qrafika
PUBG-nin illər keçdikcə inkişaf etdirdiyi qrafika motoru sayəsində performans baxımından da daha yaxşı səviyyəyə gəldiyini yaxşı bilirik. Düzdür, çoxu bu oyunu aşağı qrafika ilə oynamağa üstünlük verir, amma qrafikanı yuxarıya çəkdikcə oyunun vizuallığı da göz oxşayır. Apex Legends də, demək olar ki, eyni vizual səviyyəni tutdura bilib. Nə də olmasa, oyun Titanfall dünyasının bir hissəsidir və arxasında Respawn Entertainment kimi bir şirkət var. Bir şeyi də qeyd edək ki, Apex Legends-də performans bacarığı da çox uğurlu alınıb.
Silah mexanikası
Bəhs etdiyimiz iki oyunun fərqləri siyahısında ən öndə gələnlərdən biri də silah mexanikasıdır. PUBG-dəki realistik ballistika detalları oyunçudan daha diqqətli və daha sərrast atışlar tələb edir. Silahların iş prinsipləri, eləcə də zireh sistemi elə qurulub ki, həm ölmək, həm də öldürmək nisbətən asandır. Apex Legends isə daha çox “arcade” oyun quruluşuna yaxın olduğu üçün bu oyunda silahlara qarşı daha uzun müddət sağ qalmaq mümkün olur. Silah müxtəlifliyindən danışırıqsa, burada PUBG açıq-aşkar öndədir: Apex Legends-in təxmini 20 silahına qarşı, təxmini 40 silah növü!
“Loot” (qarət) sistemi
Əslində PUBG və Apex Legends-in qarət sistemi bir-birinə kifayət qədər bənzəyir. Xəritə içində var-gəl edərək silah-sursat, ləvazimət qarət etmək elə də çətin deyil. Ölən düşmənləri qarət edərkən PUBG-də onlar balaca bir qutuya, Apex Legend-də isə iri sandığa çevrilir. PUBG-də bu qutuların içində nə olduğu barədə heç bir fikrimiz olmur. Apex Legens-da isə sandığın aldığı ağ, mavi, bənövşəyi, qızılı rəngləri görüb uzaqdan belə anlayırıq ki, içində dəyərli əşya var, yoxsa yox.
Xəritələr
2019-ci ilin fevralında təqdim olunan Apex Legends-in an etibarilə cəmi üç xəritəsi var (King's Canyon, World's Edge, Olympus). 2017-nin martında giriş üçün açıq olan, həmin ilin dekabrında tam versiyası çıxan PUBG-də isə fərqli mövzularda 5 xəritə mövcuddur. Apex Legends-in xəritəsi oyunun təməlində yatan Titanfall paralelində az-maz yaşıllıqların yer aldığı, qayalıq və quraq ərazilərin çox olduğu formadadır. Girintili-çıxıntılı bu ərazilərdə xeyli sayda metal tikililər ucalır. PUBG-nin beton və taxta quruluşlarla dolu olan xəritələri isə yaşıllığın, səhralığın, meşəliyin və qarın sıx olduğu fərqli mövzularda hazırlanıb.
Hansını oynayaq?
Oynanma nöqteyi-nəzərdən PUBG və Apex Legends, nə qədər eyni janrda olsalar da, tamamən fərqli iki oyun təcrübəsi yaşadır. Əgər reallığa daha yaxın oyun axtarışındasansa, üstəlik maşın sürməklə də aran yaxşıdırsa, PUBG tam sənlikdir. Call of Duty və Titanfall kimi oyunlarla tanışlığın varsa və gerçəklikdən çox “arcade” quruluşa sahib oyuna üstünlük verirsənsə, Apex Legends sənin ehtiyacını artıqlaması ilə qarşılayacaq. Digər tərəfdən Apex Legends-in yenidən yaranma (respawn) sistemi, dostlarla oynayacağın matçlarda ölsən də, oyunda davam etməyini təmin edir. Bu detalları yaxş-yaxşı götür-qoy edərək seçimini et. Məsləhət sənindir.
Bütün "PUBG Mobile" həvəskarlarına isə şad xəbərimiz var! 21-27 dekabr tarixləri aralığında “PUBG Mobile” üzrə növbəti Red Bull M.E.O. 2020 turniri keçirələcək. Bu dəfəki turnir digərlərindən daha böyük mükafat fondu ilə yadda qalacaq. Belə ki, Red Bull M.E.O. turnirində ölkənin ən güclü komandası müəyyən olunacaq və qalib komanda 5000 AZN dəyərində birincilik mükafatı əldə edəcək.
Turnirin dəstəkçisi ölkəmizdə HONOR brendinin eksklüziv distribüteri İrşad Electronics şirkəti ikinci yeri tutan komandanın hər bir üzvünə HONOR Pad V6 planşetlərini, üçüncü yerə layiq görülən komanda üzvlərinə isə 128 GB daxili yaddaşa sahib HONOR 9X smartfonlarını hədiyyə edəcək.
Daha ətraflı məlumat və qeydiyyat üçün: REDBULL.AZ/MEO