Fobiyanın mahiyyəti isə qeyri-adekvat, nəzarətsiz qorxu və ya hədsiz təlaşdan ibarətdir. Bununla belə, qorxu insanın təbii müdafiə reaksiyasının və özünüqoruma instinktinin təzahürüdür. Qorxu hissi bizi daha diqqətli və sayıq olmağa məcbur edir. Ancaq əsassız yaranan və insanın fikirlərini zəbt edən hal fobiya adlanır. O, insanı təqib edir və normal həyat yaşamasını əngəlləyir. Uzun müddət ərzində müşahidə olunan qorxu tədricən fobiyaya çevrilə bilər. Fobiyaların müxtəlif növləri var: yüksəklik qorxusu, qapalı məkan qorxusu (kloustrofobiya), səhnə qorxusu, qocalmaq qorxusu və s. Hansı sahəyə aid olduğundan asılı olmayaraq, fobiyalar insanın həyat keyfiyyətini aşağı salır.
Fobiyalarla mübarizənin bir çox üsulları var
Ən sadə üsul qorxulara fikir verməmək, onların artmaması üçün öz-özünü qızışdırmamaqdır. Yəni qorxunun yaxınlaşdığını hiss etdikdə, onu şişirtmək deyil, yatırtmaq lazımdır. Bunun üçün ilkin olaraq azı on dəfə dərin nəfəs alıb vermək lazımdır. Sakitləşdiyin zaman rahatladığını hiss edəcəksən. Nə qədər ki, özünü gərginlikdə saxlayırsan, qorxu səni buraxmır.
Özünə qayğı göstər
Fiziki və ruhi sağlamlığı qorumaq hər zaman faydalıdır. Sağlam həyat tərzi sürməklə, sən özünü daha yaxşı hiss edirsən, işgüzarlığın artır və xəstələnmək riski azalır. Sağlam qidalanma və səmərəli idman hərəkətləri də öz müsbət təsirini göstərir.
Aktiv tənəffüs metodu
Qorxu vəziyyətində damarlarda spazma baş verir və bunun nəticəsində qan dövranı pozulur, adrenalin yüksəlir, ürək döyünməsi artır. Bu cür qorxu tutması və nigarançılıq hiss etdikdə, aktiv nəfəs almaq lazımdır. Belə ki, sürətli nəfəsalma və nəfəsvermə qeyd etdiyimiz neqativ simptomları aradan qaldırır. Ümumiyyətlə, tənəffüs praktikaları hər zaman daxili qorxuların öhdəsindən gəlməyə kömək edir. Misal üçün, tantra yoqanın kalaçakra sistemi ilə müstəqil şəkildə məşğul olanlar qısa müddət ərzində öz qorxularına qalib gəlməyə nail olurlar.
Yumor
Yumor bir çox problemlərdən azad olmaq, gərginliyi azaltmaq və rahatlamaq üçün ən yaxşı vasitələrdən biridir. Odur ki, sənə təbəssüm bəxş edən insanlarla ünsiyyət saxla, səni güldürən proqram və ya filmlər izlə, kitab, jurnal və ya lətifələr oxu. Səni sevindirəcək bütün vasitələrdən istifadə et.
Zövqlü məşğuliyyətlər
Neqativ düşüncələrdən uzaqlaş, dostlarına zəng et, onlayn kompüter oyunlarını oyna, maraqlı kitab oxu. Hər zaman zövqlü məşğuliyyət tapmaq mümkündür.
Boş oturma
Heç bir işlə məşğul olmayan insan neqativ duyğulara, bədbin düşüncələrə asanlıqla qapılır. Bu vəziyyətdə ən yaxşısı məşğuliyyət tapmaqdır. Sən evi təmizləyə, yemək bişirməyə, ailə üzvlərinə kömək etməyə, mağazaya getməyə belə xeyli vaxt sərf edə bilərsən.
Qorxunu yaradan hər şeydən uzaq dur
Qorxunu törədən hər şeyi özündən uzaq tutmağa çalış. Neqativ emosiyalar ötürən xəbərləri və ya kriminal hadisələr blokunu izləmək, daima mənfi məlumatlar çatdıran insanlarla ünsiyyət saxlamaq qorxu və nigaranlığı artırır.
Art-terapiya
Art-terapiya qorxu hissi ilə mübarizə etməyə kömək edir. Öz qorxunu kağız üzərində vizuallaşdırmağa çalış. Bunun üçün quaş, akvarel, karandaş və s. istifadə et. Çəkdiyin bədheybətə uzunqulağın qulaqlarını, başına kaktusu və s. əlavə etməklə, ondan qorxmaqdan çox gülməyi tərcih edəcəksən. Eyni zamanda həmin kağızı yandırmaq qorxudan azad olmağa kömək edir. Paradoksal görünsə də, fiziki olaraq yandırılan qorxu tədricən fikrindən də yox olur.
Relaksasiya və meditasiya
Müxtəlif relaksasiya texnikalarını işə sal. Meditasiya və digər relaksasiya praktikalarından istifadə etməklə, bədgümanlıqdan azad olmaq və sakitləşmək olar. Bu, sinir sisteminə neqativ emosiyaların təsirinin azalması hesabına baş verir. Sakit və rahat nəfəsin köməyi ilə qorxu və onunla bilavasitə bağlı olan qarın boşluğundakı ağrılardan xilas ola, gərginlik və diskomfort hislərindən qurtula bilərsən. Eyni zamanda isti vanna, yoqa, sakitləşdirən və xoş musiqi səni narahat edən düşüncələrdən uzaqlaşmağa və istədiyin hobbi ilə məşğul olmağa şərait yaradır.
Müasir texnologiyalar
Mütəxəssislər tərəfindən qorxu və neqativ emosiyalarla mübarizənin müxtəlif müasir üsulları işlənilib. Bu gün insanı həqiqətən qorxu vəziyyətinə salan kifayət qədər virtual proqram mövcuddur. Bu proqramlar sənə rahat şəkildə öz emosiya və hislərini təhlil etməyə və fobiyanın öhdəsindən gəlməyə imkan verir.
Qorxu və narahatçılıq hissindən azad olmaq üçün bir az vaxt və səy tələb olunur. Məsləhətlərə əməl etməklə, sən tədricən narahatlıq hissindən azad ola bilərsən. Əgər sənin qorxun normal həyatına mane olmursa, onunla təkbaşına mübarizə aparmaq mümkündür, əks halda mütəxəssisə müraciət etməlisən.