Real hadisələr əsasında çəkilmiş 7 film

© Getty Images
Real hadisələrə əsaslanan filmlər izləyicinin qəlbini fəth etməklə yanaşı, ən mötəbər mükafatlandırma mərasimlərində də kino tənqidçiləri tərəfindən hər zaman xüsusi rəğbət görür.
Tarlan Asadli tərəfindən yazılıb tarixində nəşr olunub
Belə filmlər yaşanmış hadisələri lentə aldığı üçün müxtəlif dövrlərdə, müxtəlif insanların həyat təcrübələrini seyr etməyə imkan verir və nəticə etibarilə bizim dünyagörüşümüzü də artırır. XXI əsrdə çəkilmiş və real hadisələrə əsaslanan bu 7 filmi mütləq şəkildə izləməyini tövsiyə edirik.
12 Years a Slave (12 İllik Köləlik, 2013)
12 Years a Slave
12 Years a Slave
Bu bioqrafik dram filmi skripkaçı Solomon Nortapın həyatını lentə alır. Günlərin bir günü Nyu-Yorklu Solomon Vaşinqtonda maraqlı bir iş təklifi alır. Azad həyat yaşayan qaradərili Solomonu 1841-ci ildə bu iş təklifi ilə oğurlayıb köləyə çevirirlər. Beləliklə Solomonun 12 il davam edən əsirlik həyatı başlayır. Məhz o, ağlının, intellektinin, iradəsinin hesabına köləlikdən xilas ola bilir. 2014-cü ildə “12 illik köləlik” ilin ən yaxşı filmi kimi “Oskar” mükafatı qazanıb. Stiv Makkuinin möhtəşəm rejissor işini də ortaya qoyduğu bu filmin səni uzun müddət öz təsirində saxlayacağına əminik.
Catch Me If You Can (Bacarırsansa, Tut Məni, 2002)
Catch Me If You Can
Catch Me If You Can
Frenk Ebeqneyl hələ 18 yaşına çatmamış həkimlik, vəkillik və bir aviaşirkətdə pilot köməkçisi olur. Ebeqneyl, eyni zamanda çox ağıllı bir fırıldaqçıdır. 16 yaşında ikən başladığı qəbz saxtakarlığını 26 ölkədə davam etdirərək külli miqdarda pul qazanır. FBI agenti Karl Hanratti isə onun izinə düşür. Stiven Spilberqin rejissoru olduğu bu film Leonardo DiKaprio, Tom Henks, Kristofer Uoken və Emi Adams kimi məşhur Hollivud ulduzlarını birləşdirir.
Dallas Buyers Club (Dallaslı Alıcılar Klubu, 2013)
Dallas Buyers Club
Dallas Buyers Club
“Dallaslı Alıcılar Klubu” filmi narkotik asılılığı olan QİÇS daşıyıcısı Ron Vudrufun həyatından ilhamlanmışdır. Rona 1986-cı ildə QİÇS-ə görə 30 günlük ömrü qaldığı bildirilir. Diaqnozdan dərhal sonra qanuni olaraq istifadə edə biləcəyi tək dərman olan AZT-ni almağa başlayan Ron sürətlə ölümə yaxınlaşdığını hiss edir. Çarəni ABŞ-da qanuni olmayan, amma bütün dünyada tapılan təbii mənşəli preparatı almaqda görən Ron tədricən çevrəsinə özü kimi insanları cəlb edərək “Dallaslı Alıcılar Klubu”nu yaradır. Bu klub alternativ tibbə üstünlük verən hər kəsin köməyinə çatır, Ron isə həkimlərin dediyi kimi 30 gün yox, düz 2191 gün yaşaya bilir!
Green Book (Yaşıl kitab, 2018)
Green Book
Green Book
Rejissor Piter Farellinin “Yaşıl kitab” filmi müxtəlif təbəqələrdən olan iki şəxsin, yəni məşhur afroamerikalı caz pianoçusu ilə Nyu-York şəhərindən olan italyan mənşəli gözətçi arasındakı dostluqdan danışır. Onların dostluğu 1962-ci ildə Amerikanın cənubunda konsert turnesi zamanı, afroamerikalıların Cim Krou ərazisində təhlükəsiz səyahət etmələri üçün yazılan “Yaşıl kitab” adlı kitabçadan istifadə edərkən başlayır. Bu 2 dostu uzun və əyləncə dolu turnedə müşayiət etmək sənə xüsusi zövq verəcək. Filmin ssenari müəllifi Toni Lipin oğlu Nik Vallelonqa atasının ona danışdığı hekayəni qələmə alıb. O hətta filmdə Toni Lipin səfərdə olarkən həyat yoldaşı Dolorisə yazdığı əsl məktublardan da istifadə edib.
Bombshell (Qalmaqal, 2019)
Bombshell
Bombshell
“Qalmaqal” filmi “Fox News”un qurucusu və baş direktoru Rocer Eylsın təcavüz qalmaqalının pərdə arxasından bəhs edir. 2016-cı ildə televiziya şərhçisi Qreçen Karlson Meqin Kelli və bir çox digər qadının Rocer Eyslın təcavüzünə məruz qaldığını elan edir. Film izləyicilərinə bu hadisənin ifşa olunmasını və arxasında duran media müdirinin hekayəsini nümayiş etdirir. Filmdə illər əvvəl NBC kanalında aparıcılıq edən Meqin Kellini Şarliz Teron, televiziya şərhçisi Qreçen Karlsonu Nikol Kidman, Kaylo Pospisili isə Marqo Robbi canlandırır.
American Hustle (Amerikansayağı Kələk, 2013)
American Hustle
American Hustle
1970-ci illərdə baş vermiş hekayədən ilhamlanan bu filmdə usta kələkbaz İrvinq Rozenfeld və iş ortağı Sidney Prosser gənc və istedadlı FBI agenti olan Rişi DiMaso tərəfindən saxlanılır. Mühakimə olunmamaq üçün isə yeganə çıxış yolları var: FBI üçün çalışmaq... Onlar bu təklifi qəbul edib elə özləri kimi fırıldaqçıların izinə düşürlər. Agent DiMaso və iş yoldaşlarının planına əsasən onlar Ərəb şeyxinin idarə etdiyi “Atlantik Siti”də məşhur qumarbazların da iştirak etdiyi böyük bir oyunu təşkil edirlər. Əvvəl-əvvəl kifayət qədər məsum və ağıllı görünən bu plan zaman keçdikcə dəyişməyə başlayır. Ulduz heyəti ilə diqqət çəkən filmin aktyorları arasında Cennifer Lourens, Bredli Kuper, Kristian Beyl, Emi Adams və Ceremi Renner var.
The Imitation Game (İmitasiya Oyunu, 2014)
The Imitation Game
The Imitation Game
“İmitasiya Oyunu” filmi II Dünya Müharibəsində ingilis riyaziyyatçısı Alan Türinqin Eniqma kodunun sındırılmasında köməyindən bəhs edir. Ssenari Alanın evinə edilən basqından sonra Nok və Stil adlı polislərin onun evinə gəlməsi ilə başlayır. Türinqin şübhəli davranışı və hərbi xidməti başa vurması haqda qeydlərin tapılmaması isə Nokda onun SSRİ casusu olması haqqında şübhə oyadır. Nok tərəfindən dindirilən zaman Türinq Bletçli parkda işlədiyi zaman yaşadıqları haqqında danışır. Triller və hərbi-bioqrafik dram janrında olan bu filmi Qrem Murun ssenarisi əsasında rejissor Morten Tildum çəkib. Film, 8 nominasiyada Oskara namizəd göstərilsə də, yalnız “Ən Yaxşı Adaptasiya Edilmiş Ssenari” nominasiyasında qalib olmağı bacarıb.