Red Bull-un sürətli küçə futbolu turniri bu il ölkənin üç fərqli şəhərində yüksək temp və gərgin rəqabət atmosferi yaratdı. Lənkəran və Gəncədə başlayan kvalifikasiya mərhələləri Bakıdakı üç günlük oyunlarla tamamlandı və nəticədə milli final uğrunda mübarizə aparacaq komandalar bəlli oldu. İndi isə bütün diqqətlər 9 may tarixində Avropa Oyunları Parkında keçiriləcək böyük milli final gününə yönəlib.
İlk daynacaq: Lənkəran və Gəncə
Turnirin ilk dayanacaqları olan Lənkəran və Gəncədə komandalar final bileti uğrunda meydanda ciddi mübarizə ortaya qoydu. Lənkəranda “Minionlar” komandası yarımfinalda “Qartal”ı 4:0 hesabı ilə məğlub etdi, “Fırtına Lənkəran” isə “Kənarmeşəni” üzərində 5:3 hesablı qələbə qazanaraq milli finala yüksəldi. Beləliklə, Lənkəranı milli finalda “Minionlar” və “Fırtına Lənkəran” təmsil edəcək.
Gəncə mərhələsində isə temp daha da yüksəldi. “Gold” komandası “Kürpool” üzərində 7:1 hesablı inamlı qələbə ilə final vəsiqəsini qazandı. Digər yarımfinalda “1-ci Mikrorayon” komandası FHN üzərində 2:1 hesablı qələbə qazanaraq milli finala yüksəldi.
Bakı seçmə mərhələləri
Ən böyük və ən gərgin seçmə mərhələsi isə Bakı şəhərinin Azfar Arenasında baş tutdu. Üç gün davam edən oyunlar boyunca meydanda yalnız futbol deyil, həm də xarakter, sürət və qələbə istəyi hiss olunurdu. Hər oyun son saniyəyə qədər davam edən mübarizə, emosiyalar və yüksək dinamika ilə yadda qaldı.
Kvalifikasiya mərhələsinin yekununda Bakıdan 12, Gəncədən 2 və Lənkərandan 2 komanda olmaqla ümumilikdə 16 komanda milli finala vəsiqə qazandı. Komandalar artıq yalnız ölkə çempionluğu üçün deyil, eyni zamanda 29 avqust tarixində Kanadanın Toronto şəhərində keçiriləcək Red Bull Four 2 Score Dünya Finalında Azərbaycanı təmsil etmək uğrunda mübarizə aparacaqlar.
Final günü azarkeşləri nə gözləyir?
Milli Final 9 may tarixində saat 15:00-da Avropa Oyunları Parkında keçiriləcək. Həmin gün meydanda yüksək temp, sərt qarşılaşmalar və kompromissiz oyun atmosferi hökm sürəcək. Turnirin formatı və komandaların hazırkı səviyyəsi göstərir ki, final günü azarkeşləri sürətli və gərgin oyunlar gözləyir.
Final günü yalnız meydandakı oyunlarla yadda qalmayacaq. Azarkeşlər üçün xüsusi fan zona təşkil olunacaq. Stolüstü futbol meydançaları, interaktiv oyun aparatları, müxtəlif aktiv zonalar və istirahət məkanları sayəsində ziyarətçilər futbol atmosferini meydandan kənarda da hiss edə biləcəklər.
İndi isə geriyə yalnız bir sual qalır: bu dəfə zirvəyə hansı komanda yüksələcək?