FIA Formula One World Championship 2024 Stop 14 – Spa-Francorchamps,Belgium
© Getty Images / Red Bull Content Pool
F1

Red Bull Sürücü Akademiyası və Debütlərin Adamı Liam Louson

Bütün Dünyada avtoidman həvəskarları var. Biz yarışları izləyirik və istəyirik ki, oradakı pilotlar kimi olaq. Bəs yarış avtomobilini sürmək üçün nə lazımdır? Hansı hazırlıqlardan keçməlisən?
Rauf Haciyev tərəfindən yazılıb
4 min readPublished on
Yarışçı olmaq üçün kiçik yaşlardan bu işlə məşğul olmağa başlamaq lazımdır. Təxminən 4-5 yaşlarından. Bu yaşlarda mini kateqoriyalı kartlarda yarışıb, uğur qazanmalı, daha sonra isə go-kartda yarışmaq lazımdır. Burada da uğur qazandıqdan sonra Formula 4 və ya Formula Renault seriyalarında müəyyən qədər xərc çəkib yarışa bilərsiniz. Bundan sonra isə Formula 3 gəlir. Burada da yarışmaq üçün büdcəniz olmalıdır. Burada da uğur qazansanız, Formula 2-yə keçmə şansınız olur. Lakin burada da yarışmaq istəyirsinizsə, əlinizi cibinizə salmalısınız. Yəni ki, Formula 1-də yarışmağa gedən yol həm keşməkeşli həm də bahalıdır. Bunun üçün ya Ləns Strollda olduğu kimi ailəniz sizi maliyyələşdirməlidir ya da Lyuis Həmilton, Jan Erik Vern, Pyer Qasli, Şarl Lekler ya da Daniel Rikkardo kimi bir komandanın sürücü akademiyasına daxil olmalısınız.
Hazırda ən yaxşı işləyən sürücü akademiyası isə Red Bull-dadır. Təsəvvür edin, bu akademiyadan Sebastyan Fettel və Maks Ferstappen kimi Dünya Çempionları, Daniel Rikkardo, Pyer Qasli, Karlos Sayns kimi yarış qalibi olan sürücülər çıxıb. Bundan başqa bu akademiyanın yetirmələri olan Sebastyen Burde, Jan Erik Vern və Aleksaner Elbon başqa seriyalarda Dünya Çempionu tittulunu əldə ediblər.
Elə çox uzağa getməyək, 2022-ci ildə 20 sürücüdən yeddisi Red Bull sürücü Akademiyasının yetirməsi idi. Ancaq Sebastyan Fettelin təqaüdə çıxması ilə bu say altıya düşüb.
Bəs indi sürücü akademiyasında kimlər var? Onların perspektivləri nə yerdədir? Gəlin birlikdə baxaq:
FIA Formula 2 Championship 2024 Stop 05 - Monte Carlo, Monaco

FIA Formula 2 Championship 2024 Stop 05 - Monte Carlo, Monaco

© Dutch Photo Agency / Red Bull Content Pool

Hazırda sürücü akademiyasında Ayzek Həcər, Pepe Marti, Oliver Göte, Dennis Hoqer, Ayumu İvasa, Arvid Lindblad, kimi gənc sürücülər var.
İndi isə sizə bu akademiyadan çıxan və ABŞ Qran Prisindən etibarən Daniel Rikkardonu əvəz edəcək Liam Lousondan danışacağıq.
Debütlərin adamı
Visa Cash App RB 2024 Brand Shoot

Visa Cash App RB 2024 Brand Shoot

© Will Cornelius / Content Pool

Liam Louson 2021-ci ildə Formula 2-dəki debüt yarışında qalib gələrək, adını insanlara əzbərlədə bilmişdi. Düzdür, bu qələbə onunçün mövsümdə ilk və son olmuşdu, amma bir debütantın ilk yarışında qələbə qazanması həmişə rastlanan hadisə deyil.
Bundan başqa 2021-ci ildə DTM-dəki debüt mövsümündə az qala çempion olurdu. Formula 2-də olduğu kimi DTM-də də çıxdığı ilk yarışı qazanan 21 yaşlı pilot son yarışa ən yaxın rəqibi Maksimilyan Götsdən 18 xal öndə başlasa da, startda rəqibi tərəfindən zərbəyə məruz qalmış və asılqanı qırılmışdı. Komanda əmri ilə yarışın qalibi olan Göts isə son yarışda çempionluğu Lousondan almışdı. Bundan başqa Liam 2023-cü ildə Super Formulada da debüt yarışında qalib gələrək debütlərin adamı statusunu almışdı.
2022-ci il isə gənc sürücü üçün daha yaxşı keçdi. Formula 2-də ikinci mövsümünü keçirən Liam bu dəfə özünü yaxşı tərəfdən göstərərək, 4 yarışın qalibi oldu, 6 yarışda isə podiuma yüksəlmişdi. Yekunda mövsümü üçüncü yerdə bitirən Liam 2023-cü ildə bir az da bəxtin köməyi ilə Formula 1-də yarışmışdı.
Belə ki, Niderland Qran Prisinin sərbəst yürüşlərində Daniel Rikkardo rəqibinə təmas etməmək üçün bariyerlərə çırpılmış və buna görə əli qırılmışdı. Liam Niderland-Qətər yarışlarında təcrübəli avstraliyalını əvəz etmişdi.
FIA Formula One World Championship 2024 Stop 18 –

FIA Formula One World Championship 2024 Stop 18 –

© Getty Images / Red Bull Content Pool

Lakin Liam Formula 1-dəki debüt yarışında qələbə qazana bilməmişdi. Onsuz da AlphaTauri-də yarışan bir sürücünün qələbə qazanma ehtimalı çox aşağıdır. Buna baxmayaraq yeni zelandiyalı pilot Formula 1-dəki debüt yarışında daha təcrübəli komanda yoldaşını – Yuki Tsunodanı qabaqlaya bilmişdi. Liam yarışı 13-cü, Yuki isə 15-ci yerdə tamamlamışdı. Ümumilikdə isə Liam yarışdığı 5 yarışda 2 xal topladığı halda, Yuki Tsunoda xalsız qalmışdı. Bundan başqa debütant Liam 5 yarışın 4-də Yukidən daha üstün pillədə finişə çatmışdı. Bu isə onun perspektivindən xəbər verir.
Liam Louson yenidən Formula 1-ə gəlir. Özü də yenə də Daniel Rikkardonun əvəzinə. Red Bull şirkəti gənc Liama şans vermək qərarına gəlib. Hətta Liam özünü yaxşı tərəfdən göstərə bilsə, növbəti mövsümdən Red Bull komandasında Maks Ferstappenin komanda yoldaşı ola bilər.
FIA Formula One World Championship 2024 Stop 18 –

FIA Formula One World Championship 2024 Stop 18 –

© Getty Images / Red Bull Content Pool

Buna görə də mövsümün son 6 yarışı Red Bull komandasının həvəskarları üçün daha maraqlı keçəcək. Bir tərəfdə Maks Ferstappen çempionluq uğrunda mübarizə aparır. Digər tərəfdə isə Red Bull komandasının ikinci oturacağı üçün Serxio Peres, Yuki Tsunoda və Liam Louson mübarizə aparacaqlar. Buna görə də nəinki Red Bull fanatlarını, bütün avtoidman sevərlər maraqlı son 6 yarış gözləyir. Bəs çempion kim olacaq? Növbəti mövsümdə Red Bull komandasında Maks Ferstappenin yanında kim yarışacaq? Bütün bunları bilmək üçün bizi izləməyə davam edin.