Oyunlar
“PUBG Mobile” nədir və necə oynanılır?
Dünyanın ən çox gəlir gətirən və hazırda 32 milyondan çox oyunçusu olan "PUBG MOBILE" haqqında daha yaxından öyrənək.
Son bir neçə il ərzində onlayn oyunlar böyük əyləncə meydanına çevrilib. Bu oyunlardan biri də “PlayerUnknown's Battlegrounds” və ya qısaca “PUBG”dir. Hansısa məkanda 4-5 nəfər gəncin bir araya toplaşıb, telefonlarına diqqət cəmləmiş formada, “maşına min”, “məni qoru”, “hara düşməliyik?” və s. kimi sözlər dediklərini eşitsən, çox böyük ehtimalla onlar “PUBG” oynayır. Əvvəl PC üçün yaradılmış bu oyun mobil cihazlarda istifadəyə verildikdən sonra inanılmaz nəticələr əldə etmiş və tez-tez rastlaşdığımız bir əyləncə növünə çevrilmişdir.
“PlayerUnknown's Battlegrounds Mobile” oyunu “Tencent Games” tərəfindən nəşr olunub və Android və iOS üçün əlçatandır. Oyun 19 Mart 2018-ci il tarixindən etibarən mərhələli şəkildə yayımlanmağa başladı və hazırda həm Android, həm də iOS-da ən çox yüklənən və oynanan oyunlardan biridiri.
“PUBG” necə oynanılır?
Burada “Battle Royale”, “Hər kəs, hər kəsə qarşı” deməkdir. “Aclıq Oyunları” seriyasına da bənzədilən ümumi oyun ssenarisində 100 iştirakçı heç kəsin olmadığı böyük adaya çatanda təyyarədən tullanmalı və həyatda qalmaq üçün ərazidəki silah, qoruyucu vasitələr və s. kimi avadanlıqları sürətlə toplamalıdır.
Yetərincə silahlanaraq, hazır vəziyyətə çatmısansa və hələ də digər oyunçular tərəfindən vurulmamısansa, özünə mövqe tapmalı və getdikcə kiçilən çənbərin çölündə qalmamağa diqqət yetirməlisən. Çünki oyun ərazisini kiçildərək yığılan bu çənbər, onun çölündə qalan hər oyunçunu qısa müddətdə məhv edir. Oyun ərazisinin kiçilməsi ilə son dəqiqələrə doğru daha həyəcanlı və gərgin anlar yaşanır ki, burda da bütün rəqiblərini sıradan çıxarıb qalib olmalısan.
İdarəetmə və oyun təcrübəsi
Oyunda uğurlu nəticə üçün daha böyük ekrana və sürətli internetə sahib olmaq üstünlük olsa da parametrlərdə edəcəyin bir neçə kiçik dəyişikliklə oyunu öz cihazına uyğun optimizasiya etmək çox asandır. Sürətli və rahat oyun təcrübəsi üçün parlaqlıq və səs səviyyəsini artırmaq, internetin və ya cihazın zəif olduğu halda isə görüntü imkanlarını nisbətən azaltmaq yararlı ola bilər. Oyunun idarəetməsinə alışmaq çətin deyil və idarəetmə panelinin də sənin öz imkanlarına uyğun optimizasiya mümkündür.
“PUBG” həyatda qalmaq mübarizəsi olduğu üçün əsas məqsəd matçın sonuna qədər sağ qalmaq üçün əlindən gələni etməkdir. Bu o deməkdir ki, oyundan kənarlaşdırdığın iştirakçı sayı oyunu qazanmağında əsas rol oynamayacaq. Əlbəttə ki, bunu edərək qalib olmaq maraqlıdır amma sonuncu qalana qədər düşərgədə gəzib, gizlənmək də sənin qalibiyyət strategiyan ola bilər. Qarşılaşmanı tamamladıqdan sonra, ya məğlub olmaqla, ya da sona qədər sağ qalaraq müxtəlif hədiyyələrlə mükafatlandırılacaqsan. Əldə etdiyin nəticələr sənin oyun profilini yüksəldəcək və öz avatarın üzərində maraqlı dəyişikliklər, özəlləşdirmələr etməyinə imkan yaradacaqdır.
Ümid edirik, bu məqalə asudə vaxtını əyləncəli keçirməyinə kömək edəcək. Oyunları tək oynamağı sevmirsənsə, məqaləmizi “PUBG” oynamaq istədiyin dostlarınla bölüşərək, özünə oyun yoldaşı da tapa bilərsən.