Red Bull Dance Your Style
Afrika atalar sözündə deyilir: "Musiqi dəyişəndə rəqs də dəyişir." Bu atalar sözü həyatda dəyişikliklərə uyğunlaşmağın vacibliyinə işarə etsə də, rəqsin son dövrlərdəki təkamülünə də çox uyğun gəlir. Gənclər arasında TikTok dalğasını da nəzərə alsaq, həm rəqs, həm də musiqi dünyasında kifayət qədər təkamül baş verib. Bəs bu təkamüllər nəticəsində yaranmış yeni rəqs üslubları ilə tanışsan? Rəqs ayaqqabılarını geyin və hərəkət etməyə hazırlaş, çünki bu bloq səni yeni və şən rəqs üslublarına səyahətə aparacaq.
K-pop rəqsi
K-pop rəqsi 2010-cu illərin əvvəllərindən populyarlıq qazanmasına baxmayaraq, 2023-cü ilin trendlərində də yerini qoruyaraq, yeni hərəkətlər və musiqilərlə inkişaf etməkdədir. Bu rəqs üslubu canlı musiqisi, sinxron hərəkətləri və mürəkkəb xoreoqrafiyanın istifadəsi ilə xarakterizə olunur. K-pop rəqsi adətən oğlan və qız qrupları tərəfindən ifa olunur və bu musiqi növünün də populyarlığı sayəsində dünya miqyasında fenomenə çevrilib.
Urban Kizomba
Urban kizomba üslubu məşhur kizomba rəqsini klassik Afrika musiqisindən ayıraraq, müxtəlif musiqi üslublarına uyğunlaşdırmaq prosesi kimi inkişaf etmişdir. Bu rəqsin inkişafı 2014-cü ildə Parisdə başlayıb və küçə rəqqaslarının sayəsində bütün dünyaya sürətlə yayılıb. Klassik Kizomba ilə Urban Kizomba arasındakı fərq isə Kizombanın ənənəvi olaraq bir dairədə, Urban Kizombanın isə daha çox düz xətlərdə hərəkət etməsidir.
Mən üslub və ya janr haqqında düşünmürəm... Məqsəd özünü və rəqsini yaratmaq olmalıdır.
Latin Fusion
“Latın Fusion” salsa və baçata kimi ənənəvi latın rəqs üslublarını hip-hop və caz rəqsi ilə birləşdirən yeni rəqs dalğasıdır. Bu tərz sürətli hərəkətləri, mürəkkəb ayaq kombinasiyaları və bədən estetikliyindən istifadə ilə xarakterizə olunur. O enerjili və həssas üslubu sayəsində gənclər arasında və küçədə olduqca populyarlıq qazanıb. Yeniliklərə açıq və daim inkişafda olan bu rəqs növü latın ritmlərini və müasir rəqsi sevən hər kəsin sevəcəyi tərzdir.
Müasir Balet
Bəzən klassik üslubların sərt qaydalarını qırmaq, onları inkişaf etdirməyin ən yaxşı yolu ola bilir. Müasir Balet də ənənəvi rəqsin yeniliklərlə tanışlığıdır. O, klassik baletin ənənəvi texnikalarını müasir hərəkətlər və mövzularla birləşdirən fərqli rəqs tərzidir. Adətən ciddi qaydalar toplusuna əməl edən klassik baletdən fərqli olaraq, müasir balet rəqqaslara özünəməxsus və fərdi üsullarla özlərini ifadə etməyə imkan yaradan sərbəstlik və təcrübə imkanı verir.
Mən problemlərdən uzaq olmaq üçün rəqs edirəm.
Futuristik Rəqs
Rəqsin keçmişi, və gələcəyi bir-biri ilə həm bağlı, həm də olduqca fərqlidir. Futuristik rəqs də hip-hop, popping və locking-i robotik hərəkətlərlə birləşdirən yeni və fərqli bir üslubdur. Bu rəqs üslubu futuristik və robotik hiss yaratmaq üçün robot texnikasının elementlərini özündə birləşdirir və sürətlə inkişaf edərək, elmi-fantastik, futuristik mövzulardan zövq alan rəqs həvəskarlarının sevimli rəqs növünə çevrilib.
Bir-birindən fərqli rəqsləri görmək, üstəlik səs verərək ən yaxşını seçmək istəyirsənsə o zaman 3 iyun, 19:00-da, Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək Red Bull Dance Your Style yarışına gəlməyi unutma.
Nəticə olaraq, yeni rəqs üslubları daim inkişaf edərək, yeni elementləri özündə birləşdirir və rəqs dünyasının həmişə təzə və həyəcanlı olmasını təmin edir. Sən də sürətlə dəyişən bu ritmə qoşulmaq üçün tələs!