Azərbaycan Qran Prisi, 2023
© Content Pool
F1

Serxio Peres əsl “şəhər uşağı”dır: Formula 1 Bakıda baş verənlər.

Formula 1 üzrə Azərbaycan Qran Prisi başa çatdı. Red Bull Azərbaycan Qran Prisində “Bakı Sindromu”na son qoydu.
Rauf Hacıyev tərəfindən yazılıb
4 min readPublished on
Serxio Perez

Serxio Perez

© Content Pool

Bakı mütəxəssisi sayılan Serxio Peres paytaxtımızda iki dəfə qalib olan ilk sürücü ünvanına yiyələndi. Meksikalı pilot həm də ölkəmizdə keçirilən ilk sprint yarışında karyerasının ilk sprint qələbəsini əldə edərək, əsl “şəhər uşağı” olduğunu isbatladı.
Maks Ferstappen isə sprint yarışında 3-cü, əsas yarışda 2-ci olaraq, özü üçün yaxşı sayılmasa da, komandası üçün yaxşı nəticə əldə etdi.
Azərbaycan Qran Prisinin qalibləri, 2023

Azərbaycan Qran Prisinin qalibləri, 2023

© Content Pool

Beləliklə, “qırmızı öküzlər” Azərbaycanda 4-cü dəfə qalib gələrək, Bakı Şəhər Halqasında ən çox yarış qazanan komanda statusunu da əlinə keçirmiş oldu.

Bəs yarışda nələr baş verdi?

Oracle Red Bull Racing

Oracle Red Bull Racing

© Content Pool

Sıralanma turuna baxaq

Əslində sıralanma turunun ən böyük favoriti Red Bull sayılırdı. Ancaq vahid dövrələrin şahı sayılan Şarl Lekler sözün əsl mənasında papaqdan dovşan çıxardı və Azərbaycanda 3-cü dəfə poul qazandı.
Oracle Red Bull Racing

Oracle Red Bull Racing

© Content Pool

Maks Ferstappen ikinci, Serxio Peres isə 3-cü yeri tutdular. Bundan sonra Bakı Şəhər Halqasının tribunasına yığışmış azarkeşlər düşündülər ki, Lekler “Bakı sindromu”nu davam etdirəcək.

Sprint sıralanma turu

Şarl Lekler və Serxio Perez

Şarl Lekler və Serxio Perez

© Content Pool

İlk dəfə keçirilən sprint sıralanma turunda da Şarl Lekler sözün əsl mənasında uçaraq, yenə də 1-ci yeri tutdu. Red Bull komandasının pilotları Serxio Pereslə Maks Ferstappen isə müvafiq olaraq 2 və 3-cü yerləri tutdular. Bundan sonra bütün gözlər Şarl Leklerə çevrilmişdi. Artıq əksəriyyət əmin idi ki, monakolu sürücü həm sprint, həm də əsas yarışda Red Bull-a başağrısı olacaq, lakin sən saydığını say, gör Red Bull nə sayır...

Sprint yarışı

Sprint yarışı hadisəli başladı. Belə ki, Corc Rassell 1 xal artıq qazansın deyə startda Ferstappenə elə hücum etdi ki, az qala həm öz, həm də niderlandlı sürücünün yarışını bitirəcəkdi. Təmas nəticəsində Maksın maşınının saydpodu deşildi. İkiqat Dünya Çempionunun bəxti orada gətirdi ki, bu deşik elə də ciddi deyildi. Sadəcə maşının performansını bir az aşağı saldı. Buna görə də yarışdan sonra iki sürücü az qala əlbayaxa döyüşə çıxacaqdılar.
Serxio Perez

Serxio Perez

© Content Pool

Digər tərəfdə isə Serxio Peres rəqibi Şarl Lekleri trasda keçərək, karyerasının ilk sprint yarışına paytaxtımızda sevindi. Ferstappenin maşını deşilməsə, o da monakolu sürücünü keçərək, ən pis halda ikinciliyə sevinə bilərdi.

Əsas yarış

Sprint yarışından sonra Ferrari fanatları artıq bədbin idilər, çünki Red Bull yenə də yarış tempində Ferrari-ni tozda qoymuşdu. Buna görə də əsas yarışda da Avstriya təmsilçisinin rahatlıqla qalib gələcəyi gözlənilirdi. Elə də oldu...
Serxio Perez

Serxio Perez

© Content Pool

Startdan sonra DRS aktivləşən kimi Ferstappen əzəli rəqibi Lekleri geridə qoydu. Daha sonra isə Peres monakolu rəqibini qabaqlayaraq, ikinci yerə yüksəldi. Lakin meksikalı sürücü Ferstappenə nisbətdə daha sürətli görünürdü. Əksəriyyət tras üstündə meksikalıdan hücum gözləsə də, Ferstappenin pit-stopa girməyindən 1 dövrə sonra trasa təhlükəsizlik maşını çıxdı. Bu isə o demək idi ki, son iki ilin çempionu Azərbaycan yarışında liderliyi itirəcək. Elə də oldu. Peres qüsursuz pit-stopla Bakıda liderliyə yüksəldi və sona qədər bu üstünlüyünü qoruyaraq, Azərbaycanda ikinci dəfə, karyerasında 6-cı dəfə yarış qazandı.
Beləliklə, Serxionun qazandığı 6 yarışdan 5-i şəhər tipli traslara təsadüf edib. Peres builki ilk yarışını şəhər tipli Ciddədə qazanmışdı, ikinci yarışını isə Bakının dar küçələrində bayram etdi. Növbədə isə başqa şəhər tipli tras olan Mayami var. Bəs Peres şəhər tipli traslardakı uğurlu seriyasını Mayaminin küçələrində də davam etdirə biləcəkmi? Bunun üçün çox yox, bircə həftə gözləməli olacayıq. İndi Azərbaycandakı qələbəni qeyd etmək lazımdır.
Oracle Red Bull Racing

Oracle Red Bull Racing

© Content Pool

P.S. Red Bull komandası tarixində ilk dəfə olaraq, mövsümün ilk 4 yarışında 4 qələbə qazanıb. Bunlardan 3-ündə isə yarışı qələbə dublu ilə bağlayıb. “Red Bull” indidən ən yaxın rəqibi Aston Martin-ə 93 xallıq fərq atıb.