Əvvəlcə onu deyək ki, süni intellektdən bir çox sahədə uzun zamandır istifadə edilir, lakin indi bu ağıllı alətlərin hər kəs üçün əlçatan olması, hər birimizin robot dostunun olması kimidir. İstədiyimiz an bu dostumuzdan zarafat etməsini və ya hər hansı bir şəkli canlandırmasını tələb edə bilirik. Kim belə dost arzulamaz ki… Odur ki, süni intellektə tələbat artmaqda davam etdikcə, mövcud olan alət və tətbiqlərin çeşidi də artır. Bu yazımızda da müəssisələrə və fərdlərə süni intellektin gücündən öz yararları üçün istifadə etməyə kömək edəcək faydalı robot dostlarımızı sıralamışıq.
ChatGPT
Haqqında saysız məqalələr yazılan, videolar hazırlanan bu alət, həqiqətən də tərifləndiyi qədər faydalıdır. “OpenAI” tərəfindən hazırlanmış “ChatGPT”, insan dilini başa düşə və ona cavab verə bilən kompüter proqramıdır. O, mətn əsaslı daxiletmələrə insanabənzər cavablar yaratmaq üçün süni intellektdən istifadə edir. Bu robot dostuna istənilən tərzdə şeir, məqalə, ssenari, hətta kod yazdıra bilərsən. Həm professional mühitdə, həm də əyləncə məqsədi ilə “ChatGPT”nin xidmətindən yararlanaraq, həyatını kifayət qədər asanlaşdırmaq mümkündür.
Midjourney
“Midjourney” kiçik bir komanda tərəfindən yaradılmış və süni intellekt alətləri arasında sürətlə məşhurlaşan layihələrdən biridir. Burada, təsvir etmək istədiyin hər hansı bir şeyi doğru şəkildə izah edərək, çox qısa müddətdə 4 fərqli versiya əldə edə bilərsən. “Discord” tətbiqi üzərindən çalışan alət, asan istifadəsinə görə də seçilir. Burada heç vaxt görmədiyiniz unikal mənzərələr, personajlar hətta rəsm əsərlərini yaratmaq mümkündür. “Midjourney”i elə indi qeydiyyatdan keçərək, ödənişsiz test edə bilərsən. Nəzərə al ki, istifadə etməyə başladıqdan sonra ondan əl çəkmək çox çətindir.
DALL.E 2
“DALL.E 2” insan dilini mükəmməl şəkildə anlayan və tapşırığa uyğun müxtəlif formatlarda şəkillər hazırlaya bilən kompüter proqramıdır. Burada real şəkillərə düzəliş edə və onların müxtəlif formalarını yarada bilərsən. Əyləncəli vaxt keçirmək və ya loqo, afişa kimi işinə yarayacaq şeylər hazırlamaq üçün “DALL.E 2” mükəmməl vasitədir. Ən yaxşı tərəfi isə odur ki, “DALL.E 2” ilə hazırladığın hər şeyin müəllif hüquqları da tamamilə sənə məxsus olur və onları biznes məqsədləri üçün rahatlıqla istifadə edə bilirsən. “Open.ai” tərəfindən istifadəyə verilmiş bu proqramın işlərini asanlaşdırmaqda çox faydalı olacağına inanırıq.
Beatoven.ai
Şəkillər və şeirlər yaradan robotlardan sıxıldınsa, bir az da musiqi ilə məşğul olmaq pis olmaz. “Beatoven” bizə müəllif hüquqlarından azad, unikal musiqilər hazırlayır ki, bir çox yaradıcılıq sahəsində bu musiqilərdən istifadə etmək mümkündür. Bu proqram vasitəsilə, istədiyimiz janrda və istədiyimiz uzunluqda musiqilər hazırlaya bilərik. Hətta proqram vasitəsilə musiqinin bəyənmədiyimiz hissələrini kəsmək, sevmədiyimiz musiqi alətlərini ixtisar etmək və eyni tərzdə fərqli musiqilər yaratmaq da mümkündür. Bu robot dostumuzun bəstəkarlıq bacarıqlarını yoxlamaq həyəcanlı və əyləncəlidir.
Magic Eraser
“Magic Eraser”, öz şəkillərini təkmilləşdirmək istəyən peşəkar və ya həvəskar fotoqraflar üçün çox faydalı bir vasitədir. Bu, şəkillərdən arzuolunmaz elementləri silmək üçün süni intellekt (AI) texnologiyasından istifadə edən foto redaktə proqramı “MagicStudio”nun alətidir. Proqram təsviri təhlil edərək, silinməli olan elementi müəyyən edir və boşluğu doldurmaq üçün ətrafdakı pikselləri qüsursuz şəkildə birləşdirir. Nəticədə, arzuolunmaz element heç vaxt orada olmamış kimi görünən bir şəkil yaranır.
Podcastle.ai
İndi isə podkastla məşğul olmaq istəyən və bunun üçün lazımi avadanlıqları olmayanlar üçün yararlı bir alətdən xəbər verək: “Podcastle” bizə studiya keyfiyyətində səsyazmalar etmək üçün imkan yaradan, faydalı bir süni intellekt proqramıdır. Hansı ki, burada keyfiyyətli səsyazmalar qeydə ala və onlara elə proqram daxilindəcə düzəlişlər edə bilərik. Həmçinin, “Podcastle”a hazır səsyazmaları daxil edib, lazımsız səslərdən təmizləyərək, studiya keyfiyyətinə gətirmək də mümkündür. Proqramın digər yenilikçi xüsusiyyətlərindən biri də səsi mətnə, mətni isə səsə çevirməsidir.
Ümid edirik, bu robot dostlardan doğru istifadə edərək, öz işlərində faydalana biləcəksən. Sən də öz dostlarına faydalı olmaq istəyirsənsə, məqaləmizi onlarla paylaşmağı unutma.