36 dəq.
İnsanla süni intellekt arasında ünsiyyət quran tədqiqatçı
Texnologiyanın sürətlə inkişaf etdiyi bu dövrdə insan davranışı, ünsiyyət və süni intellekt arasındakı əlaqələri öyrənən tədqiqatçılar yalnız elmə deyil, gələcəyimizə də böyük töhfə verirlər. Bu sahədə fərqli bir yol seçən azərbaycanlı tədqiqatçılardan biri Maral Qurbanzadədir. Maral Qurbanzadə insan-maşın qarşılıqlı əlaqəsi, süni sistemlərdə antropomorfizm, çoxdillilik və istifadəçi məxfiliyi sahələrini dərindən araşdıran gənc bir tədqiqatçıdır.
Uşaqlıqdan dilə, ünsiyyətə və insan psixologiyasına güclü maraq göstərən Maral beynəlxalq təqaüd əldə edərək ABŞ-da təhsil alıb.
Hüquq, beynəlxalq təşkilatlar və maliyyə sahələrində illərlə iş təcrübəsi qazanması onu zaman keçdikcə texnologiya ilə insan davranışının bir biri ilə kəsişdiyi nöqtəyə yönəldib. Maral magistr təhsilini Niderlandın tanınmış ali məktəblərindən biri olan Leyden Universitetinin Qabaqcıl Kompüter Elmləri İnstitutunda (Leiden Institute of Advanced Computer Science) tamamlayıb.
Təhsil illərində o, sosial robotların görünüşü və davranışının insanlarda etimad hissini necə formalaşdırdığını, insanları şəxsi məlumatlarını paylaşmağa nə dərəcədə həvəsləndirdiyini araşdırıb.
Elmi maraqlarının əsasını isə affektiv hesablama, süni intellekt əsaslı ünsiyyət, dilin qavranılması, insan-süni intellekt qarşılıqlı əlaqəsi, rəqəmsal məxfilik və etimad modelləri təşkil edir. Tədqiqat nəticələrini bir sıra beynəlxalq elmi konfranslarda açıq şəkildə ortaya qoyan Maral geniş elm ictimaiyyətinin rəğbətini qazanıb.
Bu gün Maral "Fractured Perception" - "Çatlamış Qavrayış" adlı ciddi bir tədqiqat üzərində çalışır.
Layihə süni intellekt vasitəsilə nitqin məqsədyönlü şəkildə təhrif olunmasını, həqiqətin sorğulandığı bir mühitdə ictimai fikrin necə yönləndirildiyini və insan görünüşlü (antropomorfik) süni intellekt sistemlərinin çoxdilli cəmiyyətlərə təsirini araşdırır. Tədqiqatın özəyində duran suallar həm nəzəri, həm də çox praktik səciyyə daşıyır: süni intellekt insan ünsiyyətini hansı yöndə dəyişdirir; dil və düşüncə rəqəmsal mühitdə necə manipulyasiyaya uğrayır; insanlar özlərinə bənzər texnologiyalara nə üçün daha tez inanır; gələcəyin ünsiyyət biçimi necə görünəcək?
Maral bu araşdırmasını 13-cü xCoAx konfransında təqdim edərək texnologiya, dil və psixologiyanın qovuşağındakı mühüm məsələləri elmi gündəmə gətirib. Maral Qurbanzadə texnologiyaya yalnız texniki bir baxımdan deyil, eyni zamanda insani və sosial bir məsuliyyət duyğusuyla yanaşan yeni nəslin seçkin nümayəndələrindəndir. Onun tədqiqatçı fəaliyyəti süni intellektin gələcəyinə dair ən əsaslı suallara cavab axtaran gənc azərbaycanlıların güclü potensiala malik olduğunu bir daha ortaya qoyur.
İnsan ilə texnologiya arasındakı hüdudlar hər gün yenidən müəyyənləşdirildikcə bu dəyişimi dərk edən, araşdıran və başqalarına çatdıran tədqiqatçıların əhəmiyyəti get-gedə daha da artır. Maral Qurbanzadə məhz belə tədqiqatçılardandır