Tanımağına şad olacağın 8 yerli brend
© Brooke Lark/Unsplash
Social Innovation

Tanımağına şad olacağın 8 yerli brend

Heç nəyə baxmayaraq, yerli təşəbbüs çiçəklənməkdə davam edir. Aldığın əşyanın üzərində “Made in Azerbaijan” yazısını görə biləcəyin lokal brendləri sənin üçün bir arada topladıq.
Tarlan Asadli tərəfindən yazılıb
4 min readPublished on
Corabb
Corabb

Corabb

© corabb

Corab seçimi ümumi tərzimizdə özünəməxsus yer tutur. Xüsusən, al-əlvan rənglərlə göz oxşayan corabların populyarlığı get-gedə artmaqdadır. “Corabb” adlı yerli brend də bu tendensiyaya biganə qalmadı — lokal dəyərləri və gündəmi öz məhsullarında incəliklə işlədilər. İncəlik demişkən, “Corabb”ın məhsulları 80% pambıqdan yüksək keyfiyyətlə toxunur. Arxasında zövqlü dizayner komandası dayanan brend, armudu stəkanlardan tutmuş, neft daşlarınadək konsepti öz corablarında əbədiləşdirib.
Künc
Künc

Künc

© Künc

Evimizin divarlarını daha çox gördüyümüz bu günlərdə, gözlərimizi sevindirmək yerinə düşərdi. Məsələn, evin bir küncünə təbii bitki alıb yerləşdirmək kimi. Həm təmiz hava, həm də interyer baxımından evinə (və özünə) yaxşılıq etmək istəyirsənsə, “Künc” brendinə müraciət edə bilərsən. Qubada yaşayan bənna atanın əllərindən çıxmış dibçəklərin dizaynını oğul verir, içindəki gülləri isə ana yetişdirir. Əsl ailə biznesinə yaxşı nümunə ola biləcək bu brend, bir-birindən fərqli bitki və dibçək çeşidi ilə sözün əsl mənasında, boy atmağa davam edir.
Parcha
Parcha

Parcha

© Parcha

Gözəlliyin alışdığımız tərifinə yeni nəfəs gətirən dəb dizaynı trendi ölkəmizdə yavaş-yavaş ortaya çıxır. Bu anlayışın əsas öncüllərindən biri Aysel Sadıqovadır. O, insanların qeyri-standart üz və bədən quruluşunu ön plana çəkərək, dizayn etdiyi geyimləri “Parcha” adlı brend altında toplayıb. Hazırda dünyanın istənilən nöqtəsinə öz məhsullarını çatdırmağa qadir bir brendə çevrilib. “Parcha”nın son işlərindən biri olan pop-art üslubunda hazırlanmış çoxistifadəlik üz maskası diqqətləri özünə çəkməyi bacarıb.
The Anjir
The Anjir

The Anjir

© The Anjir

Özünü aksesuarsız təsəvvür edə bilməyənlər üçün yerli brendlərdən birini təqdim edirik: The Anjir (“zəncir” kimi oxunur). Rəngarəng qolbaqlardan tutmuş, çokerlərədək, demək olar ki, ürəyin istəyən hər aksesuarı burada tapmaq olar. Həm fərqli rənglərdə dizayn olunmuş təbii daşlardan hazırlanan məhsullar, həm də parlaq zinyət əşyaları “The Anjir”in portfoliosunda yer alır. Uzun-uzadı hədiyyə axtarışlarını unutmaq olar: sadəcə bu brendi yadda saxlayın, kifayətdir.
Hemlig Räv
Hemlig Räv

Hemlig Räv

© Hemlig Räv

Özünlə gəzdirdiyin minimal tout çantalar (adətən, kətandan hazırlanan enli çanta növü) üzərindəki yazı ilə bir anda bütün diqqətləri sənə yönəldə bilər. Xüsusən, bu yazıda lokal toxunuş varsa. Görünür, “Hemlig Räv” adlı yerli brend də bu fikirdədir. Adının mənası norveçcədən tərcümədə “gizli tülkü” olan brend, ingiliscə ifadələrlə Azərbaycan sözlərini özünəməxsus şəkildə ahəngdə saxlayır. Brend nəinki tout çantalar, hətta smartfonlar üçün keyslər də istehsal edir. “Rübabə Məmmədova deyiləm, amma unuda bilmirəm” yazılı keys bizim favoritimizdir!
Shopmoxy
Shopmoxy

Shopmoxy

© Shopmoxy

Hamımızın il boyu bir neçə dəfə yaşadığımız hədiyyə almaq dilemması Günay və Şəbnəmin də başına gəlmişdi. Ad günü yaxınlaşan dostlarına nə hədiyyə edəcəklərinə qərar verə bilməyən rəfiqələr sonda öz əlləri ilə hazırladıqları hədiyyə qutusu fikrində dayandılar. Bu hədiyyə qutusu, həm də yeni brendin yaranmasına yol açdı. “Shopmoxy” adını verdikləri brend, sənin öz istəklərinə əsasən tərtib edilmiş müxtəlif hədiyyələrlə dolu şirin qutular hazırlayır və göndərir. Brendin ən üstün özəlliyi isə hədiyyə seçimini müştərinin zövqünə əsasən tənzimləyə bilməsidir. Sənin də bir dəfəyə bir neçə hədiyyə ilə dostunu sevindirmək fikrin varsa, “Shopmoxy” səni gözləyir!
VADAKA
VADAKA

VADAKA

© VADAKA

Alovun ram edilməsi insanlıq tarixinin başlanğıcı hesab olunur. Ta o vaxtdan bəri alov müxtəlif forma və şəkillərdə evlərimizə ayaq açıb, modern dönəmlərədək evin bir küncündə özünə yer edib. Sən də yanan alovu evinin dəyişilməz dekor elementinə çevirmək istəyirsənsə, yerli “Vadaka” şam brendinə göz ata bilərsən. Tamamilə əl əməyi ilə hazırlanan şamlar müxtəlif dizaynlarda təqdim olunur: kub və mirvari şəkilli şamlardan əlavə Hera, Afrodita və Davidin büstləri formasında işlənmiş şamlar da diqqətəlayiqdir.
Hasti Tupal
Hasti Tupal

Hasti Tupal

© Hasti Tupal

Hadisələr elə cərəyan etdi ki, geyim tərzimizə daha bir detal da daxil oldu. Bəli, söhbət qoruyucu üz maskalarından gedir. Bu maskalar funksionallığından əlavə, həm də incəsənət və dəb üçün unikal daşıyıcıdır. Yerli “Hasti Tupal” brendi, bu fürsəti vaxtında və effektiv dəyərləndirə bilib. Təqdim etdikləri müxtəlif dizayn və materialda hazırlanan üz maskaları görkəmini tamamlaman üçün ideal seçimdir.
Artıq bir siyahıda sayıb bitirə bilməyəcəyimiz qədər yerli brend var. Görünür, lokal dəyər yaratma tendensiyası hələ uzun müddət yüksələn xətt üzrə inkişaf edəcək.