Trenajorların düzgün seçimi
© Brett Hemmings/Red Bull Content Pool
Fitnes

Trenajorların düzgün seçimi

İdmanın insan üçün faydalı olduğunu sübut etməyə ehtiyac yoxdur. Lakin həkimlər fiziki fəaliyyət növünü diqqətlə seçməyi tövsiyə edirlər.
Sona Məlikova tərəfindən yazılıb
3 min readPublished on
Ən təhlükəsiz kateqoriya kardio-məşqlər sayılır. İnfarkt və digər ürək xəstəliklərindən kişilər və qadınları trenajorlarda müntəzəm məşqlər qoruyur və bu da hər yaşda əla xarici görünüşün zaminidir. Odur ki, hələ də bunu etməmisənsə, kardio məşqləri dərhal öz idman proqramına əlavə et!

Kardio məşqlərin faydası

• Ürək-damar sisteminin gücləndirilməsi, qan dövranının yaxşılaşdırılması, metabolik proseslərin normallaşdırılması.
• Piyin əridilməsi, əzələ relyefinin mükəmməlləşdirilməsi.
• Orqanizmin ümumi dözümlülüyü, tənəffüs sistemi və dayaq-hərəkətverici aparatın yaxşılaşdırılması,emosional fonun yüksəldilməsi.
• Arxa, bud, ayaq, qol, sinə və qarın əzələlərinin gücləndirilməsi (trenajordan asılı olaraq).

Trenajor seçimi

Lakin idman alətlərinin bu qədər çoxçeşidli olması demək deyil ki, bütün çeşidlər Sənin üçün idealdır. Özünə uyğun trenajoru necə seçməlisən? Bu qarşında qoyduğun məqsədlərdən asılıdır. Elə alətlər var, bütün əzələ qruplarını bərabər olaraq inkişaf etdirməyə kömək edir, digərləri isə daha hədəfli məşqlər üçündür.
İdman trenajorları 2 növə bölünür: dözümlülüyü artıran kardio trenajorlar (qaçış üçün, ayaq üçün, elliptik və avar çəkmə) və gücü artıran trenajorlar (pres skamyası və digər insanın öz çəkisini istifadə edən alətlər).
Qaçış trenajoru. Hamının yaxşı tanıdığı ürəyi gücləndirən və “piyi əridən" alətdir. Ürək xəstəliyinin qarşısını alır, kişi və qadınlar üçün fiziki cavanlığı qoruyub saxlayır. Onda istənilən sürətlə hərəkət edə bilərsən.
Velotrenajor. Ayaqlar, bel, qarın və əllər əzələlərini mükəmməl şəkildə gücləndirir. Möhkəmləndirici məşqlərlə məşğul olmaq fikrin varsa, Sənin üçün ideal bir seçimdir. Dözümlülüyünü artıracaq və ürək-damar sistemini qoruyacaq.
Elliptik trenajor. Olduqca xeyirli kardio məşq etmək imkanı verir, əzələ qruplarının işləməyinə kömək edir, ayaq sümükləri arasındakı bağları və oynaqları gücləndirirlər. Məhz bu trenajorlarda intensiv arıqlama prosesi gedir.
Sən hələ məşqlərin üçün hansı trenajoru seçdiyini düşün. Biz isə hər trenajora aid təsirli və perspektivli proqramlarla Səni tanış edək.

Qaçış trenajorunda məşq proqramı

Asta yerişdən başla, belini dik tutub, 5- 10 dəqiqə orta templə addımla. Sürətini yavaş-yavaş artıraraq, qaçmağa başla, amma nəbzin 135-dən yuxarı qalxmayacağına əmin ol. Təxminən 5 dəqiqəlik intensizv qaşışdan sonra sürəti azalt. Sonda ürək döyünməsini normaya salmaq və əzələlərini qorumaq üçün 5-10 dəqiqə asta addımla get.

Velotrenajorda məşq proqramı

10 dəqiqə ərzində bədənin açılışması üçün hərəkətlər et ki, əzələlər isinsin. Velotrenajorda həftədə 3-5 dəfə 20-45 dəqiqəlik məşq etməlisən (nəbzin 95-dən yuxarı olmamağı şərtilə). Sürəti bir neçə pilləyə qaldırmaq yalnız 1-1.5 aylıq məşqlərdən sonra təhlükəsiz sayılır.

Ellipsoid trenajorunda məşq proqramı

Əvvəlcə bədən əzələlərin açılışması üçün 10 dəqiqəlik asta templə addımla. Əsas proqram: həftədə 3-4 dəfə 25-40 dəqiqəlik məşq(dəqiqədə 60 addım etmək şərtilə). Sonda 5-10 dəqiqə ərzində intensivliyini azalt, adi gəzinti sürətinə keç.
Sənin üçün ən rahat olan məşq proqramını seçib, günün eyni vaxtında və rahat idman geyimində həddindən artıq yüklənmədən, məşq et. Bu yanaşmanın nəticəsi fiziki sağlamlıq, güclü əzələlər, gözəl bədən və əla əhvaldır.
Trenajorlarların növləri və imkanları haqqında əldə etdiyin məlumat Sənə idman zalında olduqca yararlı olacaq. Növbəti dəfə məşqə gəldikdə, Sən hansı trenajorun nə üçün olduğu və bədənin hansı hissəsini işlətdiyini qabaqcadan bilib, özünə lazım olduğunu asanlıqla seçəcəksən. Maraqlıdır ki, şəhərimizdə bir neçə yerdə açıq havada hamı tərəfindən pulsuz istifadə oluna bilən trenajor meydançaları mövcuddur. Özü də, bunlar kifayət qədər müasir və təsirli ələtlərdir. Odur ki, Sən də açıq havada hərdən bir məşq etsən heç də pis olmaz. "Ofis hipodinamiyasını" aktivlik, sağlamlıq və gözəlliyə dəyişmək vaxtıdır!