Universitetin ilk günü üçün 5 tövsiyə
© Ken Leanfore / Red Bull Content Pool

Universitetin ilk günü üçün 5 tövsiyə

İlk gün stresini aşıb yeni başlanğıcdan zövq almaq istəyirsənsə, yazını oxumağa davam et.
Nigar Əliyeva tərəfindən yazılıb
3 min read tarixində nəşr olunub
Nəhayət, o gün gəlib çatdı! Uzun müddətdir onlayn təhsilə keçmiş universitetlər artıq öz qapılarını tələbələrə yenidən açır. Böyüklərdən də həmişə eşitdiyimiz kimi: “Universitet həyatın ən rəngli dövrləridir”. Amma universitetə ilk dəfə addım atan, xüsusən də ilkin təəssürata önəm verənlər üçün vəziyyət bir az başqa cürdür: onların hissləri arasında həyəcan yox, stres hökm sürür. Boşuna deməyiblər ki, bir şey necə başlasa, elə də davam edər. Əgər sən də bu başlanğıcın dinamik və stressiz olmasını istəyirsənsə, məsləhətlərimizi dəyərləndirməyi tövsiyə edirik.

İlk dərs gününü ötürmə

İlk dərs gününü ötürmə
İlk dərs gününü ötürmə
Bəzən tələbələr ilk günlər dərs keçilməyəcəyini düşünərək universitetə getməkdən qaçınır. Amma bu, xüsusən də birinci kurslar üçün ediləcək ən böyük səhvlərdən biridir. Çünki həmin günlər həm dərs strukturu, həm də yeni insanlar — o cümlədən, müəllimlər — ilə tanış olmaq üçün ideal vaxtdır. Əgər bu şansı qaçırsan, sonralar özünü təcrid olunmuş hiss edə, motivasiyadan düşə və dərslərdən geri qala bilərsən. Odur ki, ilk dərs günündə mütləq iştirak et və yeni tanışlıqlarla bərabər akademik uğurunun da təməlini əvvəlcədən atmış ol.

Dərsə tez çat

Dərsə tez çat
Dərsə tez çat
Orta təhsilini başa vuran tələbələr üçün universitet tamam fərqli bir dünyadır — çoxmərtəbəli bina, fərqli sinif otaqları, ofislər, idman kompleksləri, böyük mühazirə salonları və kitabxanalar… Bunlar arasında yolu itirmək an məsələsidir! Universitetə erkəndən çatmaq isə sənə ətrafda baş verənləri, ümuilikdə atmosferi kəşf etmək imkanı qazandıracaq. Bəlkə bu sayədə tələbə yoldaşlarına bələdçilik edə, onlarla yaxınlaşa da bilərsən. Bu şansı qaçırmamaq üçün çalış, gecikməyəsən, çantanı və geyinəcəyin paltarları bir gün əvvəldən hazırla. Saatı qurarkən dərslər başlayan gün yollarda tıxacın normaldan daha çox olduğunu unutma.

Açıqfikirli ol

Açıqfikirli ol
Açıqfikirli ol
Universitetdə fərqli düşüncələrə sahib saysız-hesabsız insan görəcəksən. Belə hallarda açıqfikirli olmaq, hər kəsi olduğu kimi qəbul etmək lazımdır. Xasiyyətinin tutacağını düşündüklərinə yaxınlaşıb söhbət aça, gülümsəyərək pozitiv enerji ötürə bilərsən. Fikirlərin tutuşmayan insanları isə qaralamamağa, əksinə, anlamağa çalış. Beləliklə, analiz qabiliyyətin də yüksələr və gələcək həyatında daha uğurlu əlaqələr qurarsan.

Sual verməkdən çəkinmə

Sual verməkdən çəkinmə
Sual verməkdən çəkinmə
İlk gün bir az çəkingən olmağın çox normaldır — axı heç tanımadığın bir məkanda, heç tanımadığın insanlarla birlikdəsən. Amma bir şeyi unudursan: ətrafında səninlə eyni hissləri bölüşən yüzlərlə tələbə var! Odur ki, lazım olduqda sual verməkdən çəkinmə — bəlkə də, beləliklə, çoxunun etmək istədiyini həyata keçirərsən. Nəticədə hamının yadında qalar, sosiallaşmaq üçün bir zəmin yaratmış olarsan.

Qaynayıb-qarış

Qaynayıb-qarış
Qaynayıb-qarış
Mühazirə otağına ilk addım atdıqda instinktiv olaraq oturmaq üçün boş parta arxasına yönələ bilərsən. Amma bu heç də yaxşı bir seçim deyil, çünki belə etməyin ətrafdakıların təkliyi sevdiyini düşünmələrinə, buna görə də sənə yaxınlaşmaqdan çəkinmələrinə səbəb ola bilər. Bunun əvəzinə kiminsə yanında otur və lazım gəldikdə söhbət açmaqdan çəkinmə.
Unutma ki, bir yeri daha maraqlı edən ən önəmli faktor orada olan insanlardır. Əgər ətrafındakılarla yaxşı əlaqələrin olsa, özünü daha xoşbəxt hiss edəcəksən. Hətta bəlkə universitetdə quracağın tanışlıqlar illərlə davam edən güclü sosial və ya peşəkar əlaqələrə, möhkəm dostluqlara çevrilər.
İnanırıq ki, bu məsləhətlər ilk gününü daha rəngli etməyinə kömək olacaq. Yeni macəranda uğurlar!