Azərbaycanda öz brendini yaradan qadının uğur hekayəsi
© Nigar Xəlilova

Azərbaycanda öz brendini yaradan qadının uğur hekayəsi

Son illər ölkəmizdə sahibkarlıqla məşğul olan qadınların sayı artmaqdadır. Buna baxmayaraq, gender stereotipləri hələ də mövcuddur.
Ruhiyya Baylarova tərəfindən yazılıb
8 min read tarixində nəşr olunub
Müsahibimiz Azərbaycanda ilk yuxu geyimi olan “Yukhulu” brendinin yaradıcısı 33 yaşlı gənc dizayner Nigar Xəlilovadır. İxtisasca filoloqdur, Cosmopolitan Azərbaycan jurnalında dəb və gözəllik redaktoru kimi çalışıb.

Nigar, nə zaman öz işini qurmaq qərarına gəldin və niyə məhz yuxu geyimi? Yuxu geyimi sənə nəyi ifadə edir?

“Yukhulu”nu yaratmaq haqqında qərara 3 il əvvəl gəldim. Ondan əvvəl mən “Cosmopolitan Azərbaycan” jurnalında dəb redaktoru idim və, təəssüflər olsun ki, jurnal fəaliyyətini dayandırdı. Ancaq məhz həmin vaxt mən başa düşdüm ki, karyeramı dəb və gözəllik sahəsində qurmaq istəyirəm. Əslində öz brendimi yaratmaq haqqında xeyli vaxt düşünürdüm. Jurnalın bağlanması və mənim bu sahədə fəaliyyət göstərmək istəyim bu arzumu daha da gücləndirdi və mən “Yukhulu”nu yaratdım. Niyə məhz yuxu geyimi? Çünki mən pijamaları uşaqlıqdan çox sevirəm və hər Yeni ildə özümə bir qayda olaraq pijama hədiyyə edirdim. Yenə Yeni il ərəfəsi idi. Mən çox məşhur, çox sevilən bir markadan özümə onlayn pijama sifariş etmişdim. Ancaq pijama gəlib əlimə çatanda məhsul məni pis anlamda öz keyfiyyətsizliyi ilə təəccübləndirdi. Mən ona baxdım və başa düşdüm ki, bundan daha yaxşısını istehsal edə bilərəm.
Azərbaycanda öz brendini yaradan qadının uğur hekayəsi
Azərbaycanda öz brendini yaradan qadının uğur hekayəsi

İşini qurmaq qərarına gələndə sənə kim dəstək verdi? Ümumiyyətlə kimdənsə dəstək almaq nə dərəcədə önəmlidir?

Deyə bilmərəm ki, işimi qurmaq qərarına gələndə ətrafdakılardan çox dəstək aldım. 2 ay ərzində mən özümü o qədər işə həsr etdim ki, tam bir kolleksiya – təxminən 28-30 pijama modeli hazırlamağa müvəffəq oldum. Mənə elə gəlir ki, bu, rekord bir müddətdir, çünki bu cür kolleksiyaların hazırlanması daha çox vaxt tələb edir. 2 ay ərzində mən parçaları seçdim, modelləri tərtib etdim və tam kolleksiyanı hazırladım. Sonra fotosessiya edərək, işimizin nəticəsini ictimaiyyətə təqdim etdik. Bu müddət ərzində mənim kimdənsə dəstək və ya məsləhət almağa heç vaxtım yox idi. Səhər 9-dan gecə 11-ə kimi durmadan çalışırdım. Sanki özümlə tək qalmışdım və tam işimə köklənmişdim. Təbii ki, ailəm mənə hər zaman arxa oldu, ancaq peşəkar dəstəkdən söhbət gedirsə, bu cür dəstək almamışam. Əslində buna ehtiyac da duymurdum, çünki başqalarından yanlış məsləhət almaqdan qorxurdum. Bununla belə, həyat yoldaşımın çox böyük dəstəyi oldu, çünki səhər çıxıb gecə qayıdırdım və ev işləri ilə məşğul ola bilmirdim. O isə bunları anlayışla qarşılayırdı. Bu, mənim üçün böyük mənəvi dəstək idi.

Səni yeni ideyalara kim və ya nələr ruhlandırır?

Yeni ideyalar üçün ilham mənbəyi müxtəlif şeylər ola bilər. Səma ola bilər, günəş ola bilər, ümumiyyətlə təbiət hər zaman ən gözəl ilham mənbəyidir. Bir də filmlər məni hər zaman yeni ideyalara ruhlandırır. Filmdə hansısa kiçik epizod, misalçün ulduz. Hansısa uşağa baxıb uşaq kolleksiyası yaratmaq fikrinə gələ bilərəm. Və yaxud bir gözəl qadının xarici görünüşündən ilhamlanıb gözəl kolleksiya yaratmaq olar. Ancaq mən şəxsən daha çox filmlərdən ilhamlanıram.
Azərbaycanda öz brendini yaradan qadının uğur hekayəsi
Azərbaycanda öz brendini yaradan qadının uğur hekayəsi

Bazarda kifayət qədər xarici məhsullar olduğu halda yerli yuxu geyimi brendini yaratmaqdan qorxmadınmı?

Bəli, bazarda yuxu geyimi təqdim edən kifayət qədər xarici brend var və gözəl pijamaları olan brendlər var. Mən hər zaman o brendləri alıb istifadə etmişəm. Bu gün də, baxmayaraq ki, Yukhulu var, mən zövqlə o brendləri alıram. Düşünürəm ki, “öz brendin varsa, başqa brendləri geyinməyəcəksən” fikri absurddur. Bu, o deməkdir ki, biz dəvəquşu kimi başımızı kola salır və özümüzdən başqa heç kimi görməməyə çalışırıq. Dediyim kimi, hər zaman xarici brendlərdən istifadə etmişəm, bu gün də istifadə edirəm və bunu etməyə davam edəcəyəm. Bəzən xarici kolleksiyalardan da ilhamlanmaq lazımdır.
O ki qaldı qorxmağa, qorxu ilə başlanan heç bir işin nəticəsi gözəl ola bilməz. Heç qorxmadım. Düşündüm ki, kolleksiyam satılmasa, sevilməsə, uzaq başı qarderobumda 30 yeni pijamam olacaq (Gülür). Çünki mən bütün parçaları özüm bəyənərək, sevgimi qataraq yaratmışam. Və bu düşüncə ilə qorxuma qalib gələrək, işə başladım.
Ümumiyyətlə, hər kəsə məsləhətim odur ki, bir işə başlayanda qorxu hissindən qurtulsunlar, çünki qorxu insanı hərəkət etməyə qoymur, iflic edir.
Nigar Xəlilova

Nigar, qoyduğun məqsədlərə çatıbsan? Ümumiyyətlə, müştərilərlə iş əsnasında strategiyanda hər hansı dəyişikliklər etmisən?

Bəli, qoyduğumuz məqsədlərə çatmışıq.
Sualın ikinci hissəsinə gəldikdə isə, biz fəaliyyətə başlayanda strategiyamızı elə düşünmüşdük ki, gözəl yuxu geyimi sevən, ancaq maddi baxımdan xarici brendləri əldə edə bilməyən insanlar gəlib Yukhuludan pijama alsınlar. Ancaq zaman keçdikcə, biz strategiyamızda müəyyən dəyişikliklər etdik və buna bizi müştərilərimiz cəsarətləndirdi. Söhbət ondan gedir ki, bizə yalnız xarici brendləri ala bilməyən insanlar müraciət etmirlər. Eyni zamanda onların modellərindən və keyfiyyətindən qane olmayanlar da daha gözəl model almaq üçün bizə üz tuturlar. Ola bilsin ki, bu, təvazökarlıqdan uzaqdır, ancaq strategiya dəyişikliyi planlı şəkildə olmayıb, müştərilərimizin fikirləri əsasında baş verib. Qeyri-ixtiyari olaraq baş verən bu dəyişikliklər məni çox sevindirir.
Azərbaycanda öz brendini yaradan qadının uğur hekayəsi
Azərbaycanda öz brendini yaradan qadının uğur hekayəsi

Azərbaycanda öz işini qurmaq qərarına gələn yeni başlayan geyim dizaynerləri hansı çətinliklərlə rastlaşır?

Öz geyim kolleksiyasını yaratmaq istəyən geyim dizaynerlərinin rastlaşdığı ilk problem Azərbaycanın, əfsuslar olsun ki, tekstil ölkəsi olmaması ilə bağlıdır. Yəni, ölkəmizdə geyim istehsal etmək üçün ixrac xammaldan istifadə etməli olursan. Nə parça, nə qarnitur, ümumiyyətlə, heç bir detal Azərbaycanda istehsal olunmur. Üstəlik işçi qüvvəsi həm bahadır, həm də kifayət qədər peşəkar deyil. Təbii ki, individual sifarişlər üzərində yüksək səviyyədə çalışan dərzilər var, ancaq onlar başqa qiymət seqmentinə aiddir. Kütləvi istehsal üçün isə işçi komandası çox azdır və onların peşəkarlıq səviyyəsi bizi qane etmir. Bu baxımdan bizim üçün işləmək çox çətindir.
Bir məqamda ondan ibarətdir ki, yerli brend adı gələndə, müştərilər bizdən ucuz qiymət gözləyirlər. Onlar düşünmürlər ki, tikilən geyim Azərbaycanda istehsal olunur, ancaq bütün xammal xaricdən gətirilir. Bu səbəbdən biz alıcıların gözlədiyi ucuz qiyməti qoya bilmirik. Çox yaxşı olar ki, müştərilərimiz bunu nəzərə alsınlar.

Ölkəmizdə kifayət qədər rəğbət qazanmısınız. Bəs xarici bazara çıxmaq haqqında düşünürsən?

Çox sevinirəm ki, bu cür düşünürsünüz. Təbii ki, xarici bazara çıxmaq haqqında düşünürəm. Ancaq içimdə hər zaman bir mükəmməllik hissi var və bəzən bu hiss mənə mane olur. Amma onun da zamanı gələcək və biz mütləq bunu edəcəyik. Onu da qeyd edim ki, Yukhulu yaranandan bəri bir çox xarici ölkələrdə, ən çox da Avropa ölkələrində yaşayan həmvətənlərimiz bizim məhsulları sifariş edirlər.Bu, bizi çox sevindirir və bizdə inam yaradır ki, həmin ölkələrin bazarına çıxsaq, orada müvəffəqiyyət qazana bilərik.

Təbii ki, tabeliyində çalışan insanlar var. Onlarla münasibətləri hansı formada qurursan?

Tabeliyimdə çalışan insanlar deyil, onlar Yukhulu komandasının əməkdaşlarıdır, mənim komanda yoldaşlarımdır və onlarla münasibət qurarkən heç bir şablonlardan və yaxud kitablarda yazılmış qaydalardan istifadə etmirəm. Mən hər bir əməkdaşa individual yanaşıram, hər kəsin xarakterinə, işə yanaşmasına uyğun davranıram. Yeni gələndə hər kəsin səhvini şəxsən özünə bildirirəm və, ümumiyyətlə, motivasiya etməyə çalışıram. Hər kəsi stimullaşdırmaq üçün fərqli üsullardan istifadə edirəm, axı onların hərəsi bir fərddir. Deyəcəyiniz hər hansı söz birini motivasiya edə və yaxşı mənada silkələyə bilər, digərini isə, əksinə, ruhdan sala bilər. Ona görə mən düşünürəm ki, yanaşma individual olmalıdır. Ola bilsin ki, gələcəkdə komandam böyüdükdə fikrim dəyişəcək, yanaşmam fərqli olacaq, ancaq ən azından bu gün bu cür düşünürəm.

Statistik araşdırmalar göstərir ki, qadınların əksəriyyəti öz biznesini qurmaq perspektivinə müsbət yanaşır. Səncə qadınlara nə mane olur?

Qadınların çox vaxt cəsarətsiz olmağının səbəbi onlara uşaq yaşlarından özünə güvənmə hissinin aşılanmamasıdır. İkincisi, qadınlarımız öz üzərində işləməyi sevmirlər. Özlərini birtərəfli inkişaf etdirirlər. Bu, işə başlayan zaman çox maneçilik törədir. Misalçün, kiminsə dizaynerlik qabiliyyəti var, ancaq marketinqdən başı çıxmır. İşə başladığın zaman mütləq əlavə olaraq marketoloq, SMM mütəxəssislərinin (müəllif qeydi: sosial media mütəxəssisi) məsləhətləri lazım olur, bu da kiçik büdcə ilə yeni yaradılmış biznes üçün hər kəsin gücünə yetməyəcək qədər böyük xərclərdir. Gücümüz olmadığı halda isə, işin bir hissəsini görürük, digəri havada qalır. Ona görə qadınlara məsləhətim odur ki, öz üzərində çalışsın və özlərini çoxtərəfli inkişaf etdirsinlər.

Sonda öz işini qurmaq istəyən qadınlara nə tövsiyə edərdin?

Hər hansı biznesə başlamazdan əvvəl mütləq bazarı araşdırsınlar, yaradacaqları məhsulun insanlara nə dərəcədə lazım olduğunu dəqiqləşdirsinlər.
Nigar Xəlilova
Özlərinə mütləq sual versinlər “mən bu məhsulu alardım, bu məhsul mənə lazımdır?” Əgər özlərindən əmindirlərsə, qohumların, yaxınların, ətrafdakıların dediklərinə qulaq asmasınlar, öz məqsədlərinə doğru getsinlər və daim öz üzərində çalışsınlar.
Hədəfə çatmaq üçün isə hər zaman rəqibləri ilə deyil, dünənki özləri ilə yarışsınlar!
Nigar Xəlilova