Yusif Vəliyevin hekayəsi məğlubiyyətdən sonra yenidən ayağa qalxmağın hekayəsidir.
Dostlar arasında hamını məğlub etmək bir şeydir, turnir səhnəsində özünü sübut etmək isə başqa. Yusif bunu FIFA 22 oynadığı dövrdə qatıldığı ilk turnirdə hiss edib.
İlk mərhələdə məğlubiyyət ağır gəlsə də, onu yenidən oynamağa və daha ciddi hazırlaşmağa həvəsləndirib. Həmin gün özünə söz verib ki, daha çox məşq edəcək və bir daha turnirdə uduzmayacaq. FIFA 23 dövründə GameSummit çempionluğunu qazananda isə bu həvəs konkret hədəfə çevrilib. Yusif artıq peşəkar oyunçu olmağı qarşısına məqsəd qoymuşdu.
İlk dəfə çempionluq hissini yaşadım. Ondan sonra başa düşdüm ki, bununla ciddi məşğul olmaq istəyirəm və bir gün peşəkar olacağam.
eAzerbaijan Premier League çempionluğunun görünməyən tərəfi
2026 eAzerbaijan Premier League çempionluğu həmin hədəfə doğru atılan addımların bəhrəsi olub. Ancaq çempion olmaq üçün rəqiblərini məğlub etmək kifayət etmirdi. Uduzmaq qorxusu da hər matça əlavə gərginlik gətirirdi.
“Başa düşürdüm ki, bir də belə bir fürsət olmaya bilər və uduzmamalıyam”.
Bu fikir onu daha çox məşq etməyə sövq edib, eyni zamanda üzərindəki təzyiqi artırıb. Liqanın ilk mövsümündə qazandığı çempionluq isə hazırlığının nəticəsini görməyə imkan verib.
Neftçi Esports komandasına qoşulması ilə məşqlərə yanaşması da dəyişib. Klubun onun üçün tapdığı məşqçinin köməyi ilə digər peşəkarların matçlarını daha düzgün təhlil etməyi öyrənib. Artıq hazırlıq yalnız ardıcıl oyunlar keçirməkdən ibarət olmayıb, rəqibin qərarlarını anlamaq və öz səhvlərini görmək də məşqin vacib hissəsinə çevrilib.
EA SPORTS FC oyununda öz üslubunu tapmaq
eChampions League yarışında beynəlxalq səviyyəli rəqiblərlə qarşılaşmaq Yusifə öz oyununa başqa gözlə baxmağa kömək edib. Başqasının uğurlu üslubunu olduğu kimi təkrarlamaq kifayət etmirdi. Özünə uyğun oyunu qurmaq və həmin oyunda səhvləri azaltmaq lazım idi.
“Hər kəsin öz oyun tərzi var və əsas məqsəd həmin oyun tərzinə uyğun olaraq səhv etmə faizini azaltmaqdır”.
Gündə beş saatlıq məşqin arxasında nə dayanır?
Yusifin sözlərinə görə, turnirə hazırlaşarkən gündə orta hesabla beş saat məşq edib. Bəzi günlər bu müddət üç saat olub, bəzən isə səkkiz saata çatıb. Amma əsas məsələ ekrana nə qədər baxmaqdan çox, həmin vaxt ərzində oyun bacarığını necə təkmilləşdirməkdir.
Hər məşqdə qalib gəlməkdən daha böyük bir hədəfi var. Növbəti yarışa əvvəlkindən daha hazırlıqlı çıxmaq istəyir. Bunun üçün həm oyununu təkmilləşdirməli, həm də gündəlik məşqə psixoloji cəhətdən hazır olmalıdır.
Vacib matçda da oyundan həzz almaq
Həlledici anda qol buraxmaq və ya vacib matçı uduzmaq hər oyunçunun soyuqqanlılığını sınayır. Yusif emosiyalarını idarə etmək üzərində hələ də çalışdığını açıq deyir.
“Amma oyun nə qədər vacib olsa da, ondan həzz almağa çalışıram”.
İlk turnirinə qatılanlara da eyni məsləhəti verir. Onun fikrincə, oyundan həzz aldıqca həyəcan azalır, həyəcan azaldıqca isə səhv etmək ehtimalı aşağı düşür.
Bəs evdə oynayan bir gənc daha böyük səhnəyə necə çıxa bilər? Yusifin cavabı qısadır. Onu izləməyi və təcrübə qazanmağı tövsiyə edir.
İlk EA SPORTS FC turnirinə necə hazırlaşmaq lazımdır?
Yusifin təcrübəsindən çıxan ilk dərs məşqə konkret məqsədlə başlamaqdır. Öz matçına yenidən baxanda topu harada itirdiyini, hansı qərara tələsdiyini və rəqibin hansı boşluqdan istifadə etdiyini araşdır. Növbəti məşqdə həmin məqamlardan birinin üzərində işlə. Beləcə, sadəcə daha çox oynamaqla kifayətlənməz, nəyin üzərində işləməli olduğunu da bilərsən.
İlk yarışını özünü tanımaq üçün də fürsət say. Təzyiq altında hansı qərarları verdiyini görmək növbəti turnirə hazırlığını daha məqsədli qura bilər. Məğlub olduğun matçdan öyrəndiklərini növbəti oyunda sınamaq isə həmin təcrübədən faydalanmağa kömək edir. Yusifin çempionluğa gedən yolu da ilk uğursuzluqdan sonra davam etmək qərarı ilə başlayıb.
Red Bull Wings Cup ilə oyunu daha böyük səhnəyə daşımaq imkanı əldə et.
Evdə qazandığın oyun bacarığını yarış şəraitində yoxlamaq istəyirsənsə, turnirə qatılmaq növbəti addım ola bilər. Red Bull Wings Cup məhz bu marağı daha böyük hədəflə birləşdirir. EA SPORTS FC 27 üzrə keçirilən beynəlxalq turnir oyunçulara milli final uğrunda mübarizə aparmaq və dünya finalına yüksəlmək şansı verir.
Dünya finalında isə rəqabət ekranın hüdudlarından kənara çıxır. İştirakçılar virtual oyundakı bacarıqlarını real futbol sınaqları ilə birləşdirməli olurlar. Bu format futbol həvəsini həm oyunda, həm də meydanda sınamaq üçün fərqli təcrübə yaradır.
Yusif Red Bull Wings Cup kimi yarışları bacarığını göstərmək və diqqət çəkmək üçün fürsət hesab edir. Onun fikrincə, qlobal brendin təşkil etdiyi turnirdə uğurlu çıxış oyunçunun daha geniş tanınmasına və elektron idman komandalarının diqqətini cəlb etməsinə kömək edə bilər.
Azərbaycan Milli Finalının iştirakçılarına tövsiyəsi isə sadədir. İlk matça bir neçə dəqiqə qalmış oyununu dəyişməyə çalışma. Səni finala gətirən hazırlığa və öz oyununa inan.
Üç məsləhət istəyəndə Yusif əvvəlcə son anda əlavə fikirlərlə başı qarışdırmamağı, sonra isə finalın atmosferindən və səhnədən həzz almağı vurğulayır. Üçüncü məsləhətini də öz üslubunda tamamlayır. “Bir dənə Red Bull içmək”.
İlk məğlubiyyətindən sonra bir daha uduzmamağa söz verən Yusif bu gün finalçılara oyunun zövqünü unutmamağı xatırladır. Bu müddətdə dəyişən təkcə nəticələri deyil. Artıq qələbəyə hazırlaşarkən öz oyununa inanmağın və təzyiq altında da oyundan həzz almağın əhəmiyyətini daha yaxşı başa düşür.